Dil normalarını media qorumalıdır

Saytlarda və televiziyalarda dilimizlə bağlı çox ciddi qüsurlar var



... əvvəli ötən saylarımızda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda ana dilimizin dövlət dili kimi inkişafı, ədəbi dil normalarına əməl olunması üçün ciddi vəzifələr müəyyənləşdirilib. Bu proqram Azərbaycan dilinin inkişafı üçün geniş imkanlar açır. Dövlət Proqramından irəli gələn vəzifələrin icrasında aparıcı rola malik olan Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu bu istiqamətdə çoxşaxəli fəaliyyət göstərir.

Fəaliyyət istiqamətlərindən biri də ölkənin kütləvi informasiya vasitələri, həm mətbuat, həm televiziya, eləcə də elektron KİV-lərdə Azərbaycan ədəbi dilinin işlənməsi qaydaları ilə bağlı mütəmadi monitorinqlərin aparılmasıdır. Məqsəd bəllidir; Azərbaycan ədəbi dil normalarının pozulmasının qarşısını almaq, ana dilimizin qorunması və gələcək nəsillərə saf bir şəkildə ötürülməsi. Ədəbi dilin düzgün tətbiqi, əhali arasında nitq mədəniyyətinin yüksəldilməsi də məqsədlər sırasındadır.
Xatırladaq ki, Dilçilik İnstitutu ölkədə fəaliyyətdə olan elektron saytlarla bağlı 2016-cı ildən başlayaraq artıq 2 monitorinq həyata keçirib. Sonuncu monitorinqin nəticələri bu yaxınlarda açıqlanıb və o qədər qənaətbəxş hesab etmək də olmaz.

Ötən saylarımızda monitorinqin nəticələri ilə bağlı məlumat verən Dilçilik İnstitutunun aparıcı elmi işçisi, dosent Şahlar Məmmədov qeyd etmişdi ki, monitorinqlərə 20-dən artıq sayt cəlb olunub. Monitorinqlər zamanı saytların yazı dilində leksik, üslubi, qrammatik pozuntular aşkarlanıb. "Biz hər zaman bildiririk ki, monitorinqlərin aparılmasında məqsəd hansısa KİV-i qınamaq deyil. Dil qüsurlarını aşkarlamaqda məqsədimiz yalnız Azərbaycan ədəbi dil normalarının qorunmasıdır” deyən Ş.Məmmədov yol verilən dil nöqsanları barədə sayt rəhbərlərinə bildirildiyini və onların da nəticələri real qəbul etdiklərini söyləmişdi. Bunu da əlavə etmişdi ki, sayt rəhbərlərinin nöqsanları qəbul etməsi çox sevindiricidir, çünki bu, nöqsanların aradan qaldırılacağına inam yaradır.
Bəs elektron mediada Azərbaycan ədəbi dil normaları necə qorunur və pozuntuların qarşısının alınması üçün hansı addımlar atıla bilər?
Əvvəla onu deyək ki, son illər Azərbaycan dili az qala, məhəllə dili, jarqon səviyyəsinə salınıb. Xüsusilə efirlərdə ədəbi dil normaları unudulub. Saytlarda isə loru dil, kənar dillərin şaxəli müdaxiləsi hökm sürür. Dilçilik İnstitutunda problemin həlli istiqamətində müəyyən addımlar atılsa da, nəticə gözləntiləri doğrultmur. Bir sıra ekspertlər media sahəsindəki bu çatışmazlığı peşəkarların sıxışdırılması ilə əlaqələndirirlər ki, onların yerini bu sahələrə aid olmayan təsadüfi adamlar tutur. Təbii ki, bu da özünün acı nəticələrini dilimizin vəziyyətində göstərir.

Mediada çalışan əksər jurnalistlərin dil normalarına əməl etməməsi məsələsi sosial şəbəkə istifadəçilərinin də ciddi müzakirə mövzusuna çevrilib. "Kim daha düzgün yazır?” polemikasına qoşulan hər kəs özünü doğru sayır. İnternet mediada çalışanlar işlərinin operativliyini, çevikliyini əsas tutaraq ədəbi dil normalarının pozulmasını "təbii” adlandırır və bu kimi hallara çox da fikir verməyin əleyhinə olduqlarını yazırlar. Çeviklik, operativlik, sürətli xəbər yayımı ədəbi dil normalarına biganə qalmaq üçün əsas ola bilərmi?

"Azadinform” informasiya agentliyinin baş redaktorunun müavini Elçin Bayramlı internet mediasında dil normalarının qorunmadığını deyib: 

"Demək olar ki, ana dilimiz yiyəsizdir. Başında kim necə istəyir dəlləklik edir. Özbaşına dilimizə əcaib sözlər daxil edirlər, şəkilçiləri yeyirlər, mübtəda, xəbər yerini tərsinə qoyurlar, ana dilimizin doğma sözlərini türk ingilis sözləri ilə əvəz edirlər. Bu işdə ən böyük pay isə jurnalistlərindir. Onlar yazılarında ana dilimizə qarşı konkret terror və təcavüz həyata keçirirlər. Artıq yeni nəsil uşaqların və gənclərin danışığından, yazdığından bir şey başa düşmək olmur.

 Nəvə ilə nənə bir-birini başa düşmür. İnternet, xüsusən sosial şəbəkələrdə sanki yarış gedir, kim daha çox ana dilimizin "anasını ağladacaq”. Buna qarşı nə bir dövlət orqanı, nə də ictimai təşkilat mübarizə aparır. Başda TV aparıcıları, sayt jurnalistləri olmaqla postmodernist yazıçılar və bəzi gənclər yazılarına, danışıqlarına çoxlu türk, ingilis sözləri daxil edirlər, guya ki, "abrazavonski” görünəcəklər”. Dilin milli mədəniyyətin və tariximizin əsas dəyərlərindən biri olduğunu vurğulayan ekspert deyib ki, dil həm də nəsillərarası əlaqədir: "İndi isə bu əlaqə kəsilmək üzrədir. Artıq uşaqlara yaxın keçmişdə dərc olunmuş kitabları verdikdə tam başa düşə bilmirlər, çünki o sözlərin çoxu leksikondan çıxarılıb və ya yeni qondarma sözlərlə əvəzlənib. 

Əlbəttə, elmi terminlərdən söhbət getmir. Bununla bağlı xüsusi dövlət komissiyası olmalıdır. Belə bir şey formal olaraq var, amma işləmir. Qarşısı alınmasa yaxın illərdə yaşlı nəsillə gənc nəsil bir-birinin yazdığını, dediyini başa düşməyəcək. Bu terrorun qarşısı alınmalıdır. Özü də burada maarifləndirmə filan kimi söhbətlər mənasız və boş şeydir. Konkret ciddi nəzarət və cəzalar olmalıdır. "Quran oxumaqla donuz darıdan çıxmaz”. Mətbu orqanlara işə qəbul zamanı ana dili biliyi ciddi yoxlanmalıdır. Ancaq hazırda bu sahədə bazardır, kimin kefi nə istədi onu edir. Mən aidiyyəti dövlət orqanlarını bu sahədə qayda-qanunu bərpa etməyə çağırıram. Unutmayın ki, milli mədəniyyəti, milli dili qorumaq dövlətin borcudur”.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli hesab edir ki, dil normalarının qorunmasında dövlətin fəal, təsirli rolu ilə yanaşı, hər bir vətəndaşın ictimai borcunu dərindən anlaması da önəmlidir:
"Azərbaycan Kütləvi İnformasiya Vasitələrində dilimizin və ədəbi dil normalarının qorunması daimi olaraq müzakirə edilir. Təbii ki, zaman-zaman müəyyən problemlərlə də rastlaşırıq. KİV-lər cəmiyyətə informasiya çatdırmaqla yanaşı, maarifləndirici və təsiredici bir vasitədir. Biz nəzərə almalıyıq ki, medianı təkcə ziyalı və nisbətən yaşlı nəsil yox, gənclər, yeniyetmələr də oxuyur. Hansısa bir internet saytında ədəbi dilimizin normaları, dilimizin düzgün yazılış qaydaları pozulursa, həmin söz onların beyninə elə o cür də həkk olunur. Bu isə gələcəkdə dilimizin korlanması və öz mahiyyətini itirməsinə rəvac verə bilər. Ona görə də ölkə qanunvericiliyində, jurnalistlərin peşə kodeksində və media ilə bağlı qanunvericilikdə bu məsələyə xüsusi diqqət yetirilir. İstənilən halda kütləvi informasiya vasitələrində ədəbi dil normaları qorunmalıdır, daha doğrusu, dilimizi qorumaq medianın borcudur. Düzdür, bu sahədə ciddi nailiyyətlərimiz var, amma yenə də müəyyən problemlərin olması səbəbindən məsələ daimi olaraq gündəmdə saxlanılır. Azərbaycan Mətbuat Şurası hər il fasiləsiz olaraq, KİV-lərin dili üzərində monitorinq aparır, qüsurlar aşkara çıxarılır və aradan qaldırılmasına cəhd göstərilir. Eyni zamanda, KİVDF də hər il KİV-də ədəbi dil normalarının qorunması istiqamətində xüsusi müsabiqələr keçirir”.

Ənənəvi mediaya nisbətən onlayn mediada problemin daha dərin olduğunu vurğulayan media eksperti hesab edir ki, bu sahədə qüsurlar o qədər çoxdur ki, onları bir-bir sadalamaq mümkün deyil:
"Dilimizin həm qrammatik qaydaları, həm də leksik normaları pozulur. Hətta deyərdim ki, bu sahədə müzakirə aparmaqdan daha çox həyəcan təbili çalmağın vaxtıdır. Hesab edirəm ki, bütün diqqət bu qurumların üzərinə yönəlsə, mərhələ-mərhələ problemləri aradan qaldırmaq olar. Ənənəvi kütləvi informasiya vasitələrinin oturuşmuş qayda-qanunları var. 

İnternet media açmaq üçün heç bir tələb olmadığı üçün ağlından, düşüncəsindən asılı olmayaraq hər kəs xəbər saytı yaradıb, onu dövriyyəyə buraxa bilir. Beləliklə də, yaradıcının dünyagörüşü, intellekti xəbər saytında yayımlanan informasiyanın mahiyyəti ilə yanaşı, onun dilində də özünü göstərir. Bu insanlar Azərbaycanın dil normalarından özlərinin başa düşdükləri formada istifadə edirlər. Standartları bilmədikləri üçün onların bu addımı dilimizin korlanmasına rəvac verir. Ola bilər ki, saytlarda korrektor ştatı saxlamaq mümkün olmasın. Amma korrektor uzaqbaşı durğu işarələrini düzəldə bilər. Elə saytlar var ki, orda gedən səhvlər, sadəcə orfoqrafik səhvlərlə məhdudlaşmır. Eyni zamanda, dilimizin üslub normaları pozulur”.


"Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu hesab edir ki, ədəbi dil problemi çap mediasında o qədər dərin olmasa da, elektron və sosial mediada daha qabarıqdır: 

"İnternet mediada dilimiz daha çox təhrif olunur. Az-çox dil ənənələrini qoruyan, korrekturaya önəm verən elə çap mediasıdır. Son dövrlərdə elektron KİV-lər vasitəsi ilə təbliğ olunan Azərbaycanın danışıq dili get-gedə məhdudlaşır və əsas etibarı ilə Bakı ləhcəsinə motivasiya olunur. Filmlərimizdə, seriallarımızda aktyorlar da bu ləhcədən, yerli dialektdən istifadə edirlər. Ədəbi dilin normaları unudulur, yaddan çıxır. Yetişən yeni nəsil ədəbi dillə özünü ifadə imkanlarından kənarda qalmış olur. Əsas problem budur və çox ciddi məsələdir”. 

H.Babaoğlunun sözlərinə görə, hər keçən gün Azərbaycanın leksik fondu bir qədər də azalır: 

"Bu gün Azərbaycanın leksik fondunda 56 min söz var, ancaq jurnalistin yazısında və nitqində orta statistik hesablamalara görə, istifadə etdiyi sözlərin ümumi sayı 5 mindən çox deyil. Bilirsiz, bu, artıq faciədir. Problemdən yaxa qurtarmağın yeganə yolu korrekturanın bərpasıdır. Burda söhbət təkcə qəzet və sayt korrekturasından getmir. Eyni zamanda radio və televiziya aparıcıları, müxtəlif mövzularla bağlı efirlərdə ictimaiyyətə təqdim olunan ekspertlər də dilin tələblərinə əməl etməlidir. Yəni bu prosesi kütləviləşdirmək lazımdır. Bununla həm dilimizin leksik fondu zənginləşəcək, həm də yazılarda və nitqlərdə düzgün ifadə tərzi formalaşacaq”.
Baş redaktorun fikrincə, dövrdən, şəraitdən asılı olmayaraq, KİV-lərdə ədəbi dilin tələblərinə ciddi şəkildə riayət olunmalıdır: "Qrammatik qaydalar, sözlərin leksik və semantik mənası, məzmunu mütləq gözlənilməlidir. Burda məsuliyyət həm redaktorun, həm də korrektorun üzərinə düşür. Bu iki şəxs həm də sözün etimoloji mənasını bilməlidir. Ancaq bəzi hallarda dil sahəsində ali təhsilli mütəxəssislər belə xətalara yol verirlər. Dil hər bir xalqın varlığıdır. Dilimiz varsa, biz də varıq, yoxdursa, biz də yoxuq. Dilin qorunmasının yolu isə müvafiq qayda-qanunlara əməl etməkdən keçir”.

(Davamı olacaq...)

Şəymən


Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb