"2018-ci ilin birinci yarısı ərzində real sektorda artım 2 faiz təşkil etsə də, onun aparıcı sahəsi hesab olunan qeyri-neft sənayesi 8,8, kənd təsərrüfatı 7,6 faiz arta bildi. İlin sonuna doğru bu göstəricilər bir qədər də yaxşılaşacağı gözlənilir".
Bunu "Sherg.az" keçmiş maliyyə naziri, "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifov Azərbaycanda sosial- siyasi sabitliyin ölkə iqtisadiyyatına göstərdiyi müsbət təsirlərdən danışarkən bildirib.
O qeyd edib ki, yarım il ərzində ölkənin valyuta ehtiyatları 44,3 milyard dollar çatdı:

"Neftin qiymətlərinin indiki səviyyəsində bu ehtiyatların ilin sonuna doğru 50 milyard dollar yaxınlaşacağı ehtimal olunur. Bu, Azərbaycanın maliyyə dayaqlarının daha da möhkəmlənməsi, milli valyutanın isə tam sabit qalması demək olacaq.
Yarım ildə əldə olunan bu uğurlarda əlverişli biznes mühitinin rolu əvəzedilməzdir. Real sektorda əldə olunmuş uğurlar bu sahəyə yatırılan investisiyalardan bilavasitə asılıdır. İstənilən investor isə ölkədə ictimai-siyasi vəziyyət və investisiya mühiti normal olduqda addım atır.
Azərbaycanda bu gün ictimai-siyasi vəziyyət tam sabitdir, biznes mühit isə olduqca əlverişlidir. İnvestisiyaların və ixracın təşviqi ilə bağlı qaydaların tətbiq edilməsi isə bu mühiti daha maraqlı edir".
Ayyət Əhməd