"Azərbaycanda dinə və inanclı insanlara heç bir basqı yoxdur " - İlahiyyatçı




"Azərbaycan 2016-cı ili "Multikulturalizm ili” elan edilən ölkədir. O cümlədən islam oyunlarının bu ölkədə keçirilməsi Azərbaycanda din və inanclı insanlara basqıların olmadığını göstərir”.

Bunu "Sherg.az”a son günlər sosial şəbəkələrdə "Azərbaycanda dindarlar sıxışdırılır, təzyiqə məruz qalır” təxribatına münasibət bildirərkən tanınmış ilahiyyatçı, araşdırmaçı-jurnalist Rəsul Mirhəşimli deyib.

İlahiyyatçı xatırladıb ki, bir müddət əvvəl Gəncədə baş verən arzuolunmaz hadisələr ölkədə iğtişaşlar törətməklə sabitliyi pozmağa yönəlmiş hərəkətlər idi:


"Hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda da bu iğtişaşları törədənlərin xaricdəki əlaqələrinin olduğu əks olunduğu ortaya çıxdı. Azərbaycan xalqı ənənəvi olaraq tolerant xalqdır. Xaricdən idxal edilən dini-siyasi ideoloji cərəyanların təsiri altına düşməkdən özünü qoruya bilir. Lakin bu o demək deyil ki, cəmiyyət problemlərdən uzaqdır. Bir çox hallarda bəzi vətəndaşların təhlükəli xarici ideologiyaların təsiri altına düşməsi faktları da az deyil. Suriyada vuruşan, orada baş verən daxili savaşlarda öldürülən azərbaycanlılarla bağlı məlumatları çoxları bilir”.

Jurnalist bildirib ki, xarici dini-siyasi cərəyanlar bir çox hallarda azərbaycanlıların düşüncəsindən Vətən anlayışını silmək yolunu tutub:

"Vətəndaşın dövlətə olan mənəvi bağlarını qırmaq istəyirlər. Bir çox hallarda da bu istəklərinə çata bilirlər.

Təhlükəli dini-siyasi cərəyanların təsiri altına sala bildikləri məkanlardan biri də ölkədəki həbsxanalardır. Bu həbsxanalarda təhlükəli təbliğatlar daha çox cinayət törədib məhkum olunmuş radikal dini qrup üzvlərinin təbliğatı ilə aparılır. Müvafiq dövlət qurumları bu amili nəzərə alaraq, həmin müəssisələri maksimum nəzarətdə saxlamalıdır. Çünki bu adamlar təkcə cəmiyyətdə sərbəst olduqları zaman təhlükə törətmirlər, eyni zamanda məhkumları da zərərli təbliğatla zəhərləyə bilirlər”.

İsmayıl