"Azərbaycanda “quş qripi”nin yayılması təhlükəsi həmişə var"

"Azərbaycanda "quş qripi”nin yayılması təhlükəsi həmişə var. Buna nəzarət edən dövlət orqanları sözügedən məsələdə ciddi addım atmırlar”.
Bunu "Sherg.az”a Rusiyada "quş qripi”nin yayılmasının Azərbaycana təsirlərindən danışarkən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov söyləyib. 
O qeyd edib ki, sərhəd keçid məntəqələrində gömrük işçiləri ölkəyə daxil olan və ölkədən çıxan vətəndaşları ciddi şəkildə yoxlamırlar:
"Azərbaycanda "quş qripi” təhlükəsinin pik həddə çatdığı zamanda sərhəd keçid məntəqələrindəki yoxlamaları müşahidə etmək üçün eksperiment keçirdim. Türkiyədən Azərbaycana qayıdırdıq və hava limanında bizə "quş qripi”nə yoluxmuş vətəndaşların olub-olmamasını yoxlamaq məqsədilə anket sorğu verildi. Mən həmin anketdə 42 dərəcə bədən temperaturumun olduğunu, xəstəliyə yoluxma riskinin mövcudluğunu qeyd etdim. Düşünürdüm ki, təyyarədən düşəndə məni müayinə edəcəklər. Lakin heç kim maraqlanmadı və aidiyyəti qurumlar addım atmadı. Bu onu göstərir ki, Səhiyyə Nazirliyi və digər qurumlar sadəcə formal nəzarət həyata keçirir, ciddi addımlar atmırlar.
Qida Təhlükəsizliyi Agentliyinin ölkəyə idxal olunan mallara müvəqqəti qadağa tətbiq etməsi təqdir olunandır. Amma biznes qurumları bu qadağalara diqqət edəcəklərmi, bu, sual altındadır. Düşünürəm ki, azad və liberal bazar iqtisadiyyatı şəraitində əhali daha diqqətli olmalı, aldıqları məhsullara diqqət etməlidirlər”.
Qeyd edək ki, Azərbaycana başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan və quş xəstəliklərindən qorunması məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi əhaliyə xəbərdarlıq edib. Xəbərdarlıqda deyilir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Rusiya Federasiyasının Ryazan, Samara, Tula, Rostov, Nijeqorod vilayətlərində, Tatarıstan və Çuvaşiya Respublikalarında ev quşları arasında yüksək patogenli quş qripi (H5N8) və Samara vilayətində qaramalda nodulyar dermatit xəstəliyinin yayılması müəyyən edilib.
Aysel Aslan