“525-ci qəzet” 525 dəfə böyüdü

Çünki bu qəzet jurnalistlərə sərbəst yaradıcılıq imkanı yaradan ilk məkan olub
Vaxtilə "215 KL” studiyası vardı. Məhrum şəhid jurnalistimiz Çingiz Mustafayev əsasını qoymuşdu. Bir dəfə ondan soruşanda ki, nədir "215 KL”in mənası, cavab vermişdi ki, bu studiyanın açılmasına razılığa dair əmrin nömrəsidir. Bir növ, indiki lisenziyalar misali. Yəqin, sözü haraya yönləndirəcəyimizin fərqindəsiniz. Bəli, düz tapmısınız. "525-ci qəzet”dən danışacağıq.
Azərbaycan müstəqilliyini təkrar əldə etdikdən sonra mətbuatda biri-birinin ardınca qəzetlər boy göstərməyə başladı. Buna, "mətbuat bumu” da demək olar. Hər şeyin bir yüksəlişi, parıldayan, sıçrayış edən dövrü olur. Renessans kimi. 1990-cı illər də Azərbaycan tarixinə müstəqilliyin təkrar qazanılması, müstəqil dövlətçilik ənənələrinin yenidən formalaşması və eyni zamanda azad, özgür, maraqlı, oxunan, illərlə daşlaşmış qəlibləri qıran, yenilənən, təzələnən və hətta müxtəlif rənglərə - "qırmızı”, "sarı”... bürünən mətbuatın yaranması dövrü oldu. Nə qədər mətbu orqanı yarandı o illərdə. Yarandığı kimi də yolun başında qalan, irəli gedə bilməyən qəzetlər də oldu, günü bugünədək gəlib çıxan və oxucusu heç də azalmayan, əksinə, artıb çoxalanları da. "525-ci qəzet” məhz belələrindədi.
O zamanlar yeni Azərbaycan oxucusuna çox ilginc, çəkici görünürdü bu ad. Və sərasər bir neçə il qəzetin baş redaktoru Rəşid Məciddən alınan müsahibələrdə daim bu sual da səslənərdi; niyə məhz "525-ci qəzet”?
Rəşad müəllim də özünə xas ədəbi yumorla, bir az da qımışa-qımışa, bunun sadəcə və sadəcə qəzetin Ədliyyə Nazirliyində qeydiyyata alındığı nömrə olduğunu deyərdi.
Çox uğurlu seçim idi. Ad qəzeti hardasa, 525 dəfə böyüdürdü sanki. Böyük, geniş səslənirdi bu ad, oxucunu cəlb edirdi. Həm də o vaxta qədər belə adlar olmamışdı axı. Sovetin qəzet adları da özünə oxşayırdı. Şüarçı, hayqıran, "proletar” adlar. "525-ci qəzet” isə başlanğıcda adı ilə, ardınca isə artıq tam fərqli bir məzmunu, forması, yazı tərzi, üslubu ilə heyrətləndirməyə başladı. Bu qəzetdə həmişə maraqlı yazılar bol oldu, yaradıcılıq üçün sərbəst məkan yaradıldı. Sıravi oxucularla yanaşı, ədəbi çevrələr də "525-ci qəzet”ə sarındılar. Bu bağlılıq indi də davam edir. Zaman axarının özüylə gətirdiyi çətinliklərə, informasiya mühitinin müəyyən qədər daralmasına baxmayaraq "525-ci qəzet”in əhatəsi daralmır. Genişlənir. Qəzetlə birgə oxucular da yenilənir. Qəzet oxucularını ardınca aparır. "525-ci qəzet” irəli gedirsə, oxucular da onunla birgə addımlayır. Müasirləşir, modernləşirlər. Milliliyi döngələrdə itirmədən. Mətbuat ənənələrini, azad fikirliliyi, azad düşüncə tərzini geridə qoymadan.
"525-ci qəzet”in kollektivi də həmişə bu qəzetin siması olub. Baş redaktor Rəşad Məcid kimi. Baş redaktorun müavinləri Yusif Rzayev, Seyfəddin Hüseynli, redaktorlar Yaşar Əliyev, Aydın Bağırov... və bütün bu qəzetə ömrünü-gününü həsr etmiş cəfakeş jurnalistlərlə birgə. Jurnalist əməyinin necə gərgin və sözün açığı, qiyməti bilinməyən olduğunu "525-ci qəzet”in timsalında görmək tamamilə mümkündü.
Gərgin əməyinizdə sizlərə yalnız səbr və dözüm arzulaya bilərik. İstər inanın, istər inanmayın, Azərbaycan mətbuatı sizin kimi qələm adamlarının çiyinləri üzərində dayanır.
Çiyninizə qüvvət!.. Əziz "525-ci”lər!..
Akif Aşırlı, Yusif Nəzərli başda olmaqla "Şərq”çilər.