“İran səfirliyi heç nəyi dəyişə bilməz”

Sabir Rüstəmxanlı: “Cavad Heyət artıq doğma torpağına qarışıb”



Görkəmli Azərbaycan cərrahı, dünyaca ünlü alim Cavad Heyətin Bakıda dəfn olunmasından 5 gün keçsə də, alimin Bakıda və ya Təbrizdə basdırılması ilə bağlı etdiyi vəsiyyətlər hələ də müzakirə mövzusudur.

Ötən gün İran səfirliyi tərəfindən ortaya çıxan yeni vəsiyyət isə səngiməkdə olan müzakirələri yenidən alovlandırıb. İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Seyid Məhəmməd Ayətullahi iddia edib ki, məşhur Azərbaycan aliminin Tehranda dəfn olunması ilə bağlı vəsiyyəti var və həmin vəsiyyət bu gün də səfirlikdə saxlanılır. Onun sözlərinə görə, vəsiyyət mərhumun ailə üzvləri tərəfindən səfirliyə təqdim olunub, lakin sonradan qərar dəyişilib: "Çox istərdik ki, doktor Heyətin vəsiyyətnaməsinə əsasən onu Tehranın İbn Babiveyh məntəqəsində böyük ehtiram və yüksək səviyyəli bir mərasimlə dəfn edək. Lakin mərhumun möhtərəm ailəsi onun Bakıda dəfn olunması barədə qərar verdi”. 
Mərhum alimin vəsiyyəti ilə bağlı yayılan fərqli söz-söhbətə aydınlıq gətirmək və münasibət öyrənmək üçün C.Heyətin yaxın dostu və əqidə yoldaşı olmuş millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı ilə əlaqə saxladıq. S.Rüstəmxanlı "Şərq”ə verdiyi açıqlamada bir daha qeyd etdi ki, görkəmli alimin son istəyi məhz Bakıda dəfn olunmaq olub:

"Cavad Heyət dəfələrlə öz ailəsinin, qardaşı oğlunun, eləcə də mənim, mərhum şair Bəxtiyar Bahabzadənin və başqa bir çox tanınmış adamların yanında vəsiyyətini deyib. Onun ən böyük arzusu Azərbaycanda, Bakıda torpağa tapşırılmaq idi. Alim çox açıq şəkildə niyə Bakıda dəfn olunmaq istədiyinin səbəblərini də bizə deyib. Amma mən bunu mətbuata açıqlaya bilmərəm”. Deputat bildirdi ki, C.Heyət son günlərində daha bir vəsiyyətnamə yazıb və həmin vəsiyyətdə Bakı ilə yanaşı Təbriz şəhərində də dəfn olunmasını uyğun görüb: "Əlbəttə, alimin ürəyi hədsiz dərəcədə Bakını istəyirdi, amma Təbriz də ona çox doğma idi. Əgər C.Heyət Təbrizdə dəfn olunsaydı, mən buna məyus olmazdım. Hesab edirəm ki, onun ruhu Bakıda olduğu kimi Təbrizdə də eyni dərəcədə rahat olardı. Amma tale onun Azərbaycanın cənubunda yox, şimalında basdırılmasını istədi”. 
S.Rüstəmxanlının fikrincə, İran hökuməti C.Heyətin zorla Azərbaycan ərazisində yox, başqa yerdə dəfn edilməsinə nail olsaydı, mərhumun özünün də dediyi kimi bu gün onun sümükləri sızıldayardı: 

"Yaxşı ki, fars rejiminin bu niyyəti baş tutmadı. Çünki görkəmli alimin Bakıdan və ya Təbrizdən başqa bir yerdə dəfn olunması, Doktor Heyətin ruhuna hörmətsizlik olardı. Onun ən böyük arzusu, istəyi İranda deyil, məhz Azərbaycan torpağında basdırılmaq idi. Bu məsələni təzədən ortaya atmaq, alimin guya Tehranda dəfn olunmaq istəməsi haqqında vəsiyyətini aşkar etmək və s. bunların hamısı aranı qarışdırmaqdan başqa bir şey deyil. İran səfirliyi heç nəyi dəyişə bilməz. C.Heyət artıq doğma torpağına qarışıb. Azərbaycan xalqı, dili və mədəniyyəti yaşadıqca o da yaşayacaq. Artıq alim üçün Azərbaycanın şimalında və ya cənubunda dəfn olunmasının elə bir fərqi yoxdur. C.Heyət hər zaman mənən bizimlədir. O, bundan sonrakı nəsillərin də ruhunda və hafizəsində qalacaq”.

İsmayıl