Gürcüstanın Azərbaycana viza tətbiqi normal hal deyil

Zəlimxan Məmmədli: “Viza rejiminin ortaya atılması, Cənubi Qafqazın gələcəyini düşünməyən qrupların oyunudur”




Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanov Gürcüstan-Azərbaycan arasında viza rejiminin tətbiqindən danışıb.

"Son 3 gündə belə bir qanun çıxarıldı. Bu ölkələrin strateji dövlət olaraq aralarında heç bir problem yox idi. Ona görə də vizanın tətbiq olunması normal hal deyil.

Anlaşılmazlıqdır. Türkiyədən sonra Gürcüstan Azərbaycan üçün ikinci investordu. Görünür, Ermənistandan hansısa çəkinəcəkləri var idi ki, rəsmi Bakıya da viza rejimini tətbiq etdilər. Gürcüstan qanunlarında Azərbaycana viza tətbiq etmək məsələsi gündəmdə deyildi. Azərbaycana vizanın tətbiq edilməsini müsbət dəyərləndirmirəm”.

Qeyd edək ki, son günlər mətbuatda Gürcüstanın Azərbaycana viza tətbiq etməsi məsələsi müzakirə obyektinə çevrilib. Ermənistanla yanaşı, viza rejiminin Azərbaycana da tətbiq edilməsi xoşagəlməz hal kimi dəyərləndirilir.

Məsələni dəyərləndirən "Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli "Şərq”ə açıqlamasında bunları deyib: "Gürcüstanda olanda belə qanun layihəsinin hazırlanması barədə söz-söhbətlər dolaşırdı. Təbii ki, Cənubi Qafqazın təhlükəsizliyi və bölgədə demokratiyanın

aparıcı olması üçün Türkiyə, Gürcüstan və Azərbaycanın starteji tərəfdaşlığının bütün sahələrdə inkişafının tərəfdarıyıq. Bu inkişaf olmasa, Cənubi Qafqaz dövlətlərinin gələcəyi sual altına düşəcək. Azərbaycanla Gürcüstanın birliyi Cənubi Qafqazın bütövlüyünə rəvac vermiş olar”.

Təşkilat sədrinin qənaətincə, dünyada və bölgədə baş verən proseslər sözügedən ölkələrin bütün sahələrdə siyasətlərinin uzlaşmasını labüd edir: "İki dövlət arasında bir sıra məslələrdə şəffaflığa ehtiyac var. O cümlədən sərhəd keçid məntəqələri ilə bağlı da müəyyən addımlar atılmalıdır. Gürcüstan və Azərbaycan vətəndaşları sərbəst şəkildə gedib gəlməlidirlər. Viza rejiminin ortaya atılması, Cənubi Qafqazın gələcəyini düşünməyən qrupların oyunudur”.

Z.Məmmədli onu da bəyan edib ki, Gürcüstan "Şengen” modelinə yaxınlaşırsa, Azərbaycanla müttəfiqdirsə, aralarında vizanın tətbiqi yolverilməzdi: "Bu olacaqsa, ortaya siyasi iddialar çıxacaq. Buna müvafiq olaraq da mövqeyimizi bildirəcəyik”.

Həmsöhbətimiz hesab edir ki, vizanın tətbiqini ortaya ataraq, Gürcüstanla Azərbaycan arasında münasibətləri kəskinləşdirən Rusiyadır: "Zənnimcə, rəsmi Kremlin Cənubi Qafqaza uzanan əli müsbət heç nə vəd etmir. İki dövlətin vətəndaşlarının sərbəst hərəkətlərini məhdudlaşdıran qanunvericilik aktının qəbul olunması hər iki dövlətin milli maraqlarına neqativ təsir göstərəcək”.

Ayyət Əhməd