Erməni “barmağı” da ola bilər

Amerika Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bölgəyə gətirilən silahların artmasını istəmir




Azərbaycanın bir müddət əvvəl ABŞ-ın Əfqanıstandan çıxardığı "Cougar” və yüksək hərəkət qabiliyyətli hərbi nəqliyyat vasitələrinin alınması ilə bağlı müraciətinə Ağ Evdən mənfi cavab verilib. Qarşı tərəf bu addımını münaqişəli ölkələrə silah və hərbi texnika satışına rəsmi Vaşinqtonun embarqo qoyması ilə əlaqələndirib.

Məlumat üçün bildirək ki, adıçəkilən nəqliyyat vasitələrinin Azərbaycan ordusunun sülhməramlı briqadasının inventarına daxil edilməsi nəzərdə tutulurdu. Super dövlətin gözlənilməz qərar dəyişikliyini dəyərləndirən hərbi ekspert Azad İsazadə deyir ki, bəhs edilən hərbi nəqliyyat vasitəsi tam zirehlidir və bir çox üstün keyfiyyətlərə malikdir. Amma buna baxmayaraq, Azərbaycan almaq istədiyi həmin zirehli maşınları digər hərbi texnikalarla əvəzləmək imkanına malikdir: "ABŞ istehsalı olan "Cougar” maşınlarının üzərinə müxtəlif iri çaplı pulemyotlar və hava zərbələrindən qorunmaq üçün qurğular yerləşdirilir. Bu texnika əsasən şəxsi heyəti təhlükəsiz daşımaq üçün nəzərdə tutulur. Həmin zirehli maşın dağlıq əfqan ölkəsində uğurla sınaqdan keçdiyi üçün Azərbaycan ABŞ-a müraciət edərək onlardan bir neçəsini almaq arzusunda olduğunu dilə gətirib. Əfqanıstandakı hərbi maşınların işlənmiş olması və Azərbaycan ərazisi ilə çıxarılması ABŞ-la Azərbaycan arasında silah alış-verişinin baş tutması üçün əlverişli amillər hesab olunurdu. Lakin görünür, Amerika Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bölgəyə gətirilən silahların artmasını istəmir. Çünki axır illər regionda həddindən artıq silah-sursat toplanıb”. Hərbi ekspert ABŞ-ın silah satışından imtina etməsində hansısa siyasi amillərin olduğunu da istisna etməyib: "Hansı ölkələrə silah sata biləcəyini bir müddət əvvəl ABŞ-ın özü təklif edib. Azərbaycan da bu şərtləri gözdən keçirərək alıcı olduğunu bəyan etdi. İndi nə oldu ki, birdən-birə ABŞ öz təklifindən vaz keçdi. Deməli, açıqlanmayan başqa səbəblər var. Sözsüz ki, erməni lobbisinin "barmağı” da Azərbaycan-ABŞ münasibətlərində hər zaman özünü göstərən əsas amil olub”.

İsmayıl