Təhsil nazirinin yeni qərarları uğur gətirə bilər

Məktəb direktoru olmaq asanlaşıb, amma gərək peşəkarlığın ola




Təhsil Nazirliyi tərəfindən təşkil edilən təlimlərdən keçən 14 nəfər Bakı şəhərindəki məktəblərə direktor təyinatı alıb. Təlimlər bununla yekunlaşmır, davamlıdır. Gələcəkdə vakansiyalar yarandıqda, belə təlimlər davam etdirilərək növbəti yeni direktor təyinatlarının həyata keçirilməsi də gözlənilir.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov "Şərq”ə açıqlamasında deyib ki, təlimlərə ən azı 5 illik müəllimlik təcrübəsi olan şəxslər cəlb edilib: "Çünki təlimlərdə iştirak qaydalarına görə, şərtlərdən biri də bu idi”.

Təhsil üzrə ekspert Almaz Həsrətin fikrincə, məktəb rəhbərliyinə seçimin belə aparılması sevindirici haldır: "Ona görə ki, məktəb rəhbəri yalnız təhsil sistemində müəllimlik fəaliyyəti ilə təyin edilməməlidir. O, həm də idarəetmə sahəsində liderlik bacarığına sahib olmalıdır. Bu müsbət haldır”.

A.Həsrət, həmçinin seçimin şəffaf aparılmasına və bunun gələcəkdə böyük nəticələri olacağına ümid edir: "Bununla yanaşı təyin edilmiş məktəb direktorunun fərdi potensialından və qabiliyyətindən çox şey asılıdır. Seçim turundan keçmiş və yüksək nəticə göstərərək məktəb direktoru təyin edildiyi mövqedə dayanmamalıdır. Yəni o kursları təkrar-təkrar keçməlidir, davamlı olaraq öz üzərində çalışmalıdır. Əgər həmin şəxs məktəbə daxil olub, direktor otağında hərəkətsiz halda dayanacaqsa, heç bir uğur qazana bilməz. Ona görə də təyin edilmiş 14 məktəb direktoru dayanmadan fəaliyyətdə olmalı, cəmiyyət üçün bütün bilik və bacarıqlarını göstərməlidirlər”.

Həmsöhbətimiz hesab edir ki, təcrübəsi az olan təyin edilmiş direktorların müəyyən idarəetmə keyfiyyətləri üzə çıxır: "Yəni illərlə çalışan müəllimlərin bəzilərinin idarəetmə bacarığı yoxdur. Belə şəxslərin məktəb direktoru olmasına da ehtiyac yoxdur. Amma bir illik pedaqoji fəaliyyəti olan elə müəllimlər var ki, çox yüksək idarəetmə bacarığı var. Direktor müəllim deyil, məktəbi idarə edən şəxs olmalıdır. Şəxsən mənim səlahiyyətim olsaydı, məktəb direktorlarını dərs deməkdən azad edərdim.Onlar yalnız məktəbdə müəllimlərin peşəkarlıq səviyyəsinə nəzarət edər, məktəbin bütün texniki baza sisteminin idarə edilməsinin lazımi müddəalarını həyata keçirərdi”.

Məlumat üçün bildirək ki, Təhsil Nazirliyi ötən ilin noyabrından başlayaraq məktəb direktorlarının səriştəliliyinin və idarəetmə bacarıqlarının artırılması təlimlərinə başlamışdı. Bu təlimlərə 600-dən çox müraciət daxil olsa da, onlardan 14 nəfəri imtahandan uğurla keçərək sertifikat əldə ediblər.

Vüqar Şahinoğlu