Azərbaycanda 100 ilin ən yüksək temperaturu qeydə alınıb




Ötən gün ərzində respublikanın bəzi ərazilərində, xüsusən də qərb rayonlarında ən yüksək temperaturlar qeydə alınıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva APA-ya açıqlamasında deyib ki, Gəncədə havanın temperaturu 42, Balakən-Şəki bölgəsində 40-42 dərəcəyədək yüksəlib. Bu isə həmin rayonlar üçün rekord göstəricilərdir.

Respublikanın qərb bölgəsində, xüsusən də Gəncə, Balakən və Şəkidə 100 illik meteoroloji müşahidələrə görə ən yüksək temperatur qeydə alınıb. Gəncədə indiyədək rekord temperatur 40 dərəcə idisə, ötən gün bu göstərici 42 dərəcə olub.

U. Tağıyevanın sözlərinə görə, isti günlərdə Abşeron yarımadası və Aran rayonlarında istilər rekord həddə çatmayıb. O bildirib ki, 100 illik meteoroloji müşahidələrə görə həmin ərazilərdə əvvəllər də temperatur 40 dərəcəyədək yaxınlaşıb və ötən günlərdə də temperatur bu səviyyədə olub.