“Hafka” Fransada lətifə qəhrəmanına çevrilib




"Hafka” ləqəbli iş adamı Hafiz Məmmədov Fransada lətifə qəhrəmanına çevrilib. Fransızlar indi onun haqqında ironiya ilə danışırlar.

Deyirlər ki, bu azərbaycanlı oliqarx Fransanın idman həyatına Molyer dövründə olduğu kimi fırıldaqçılıq elementləri gətirib.

Virtualaz.org saytı xəbər verir ki, Fransada "Hafka”nın fiquru ətrafında sosial şəbəkələrdə qızğın debatlar gedir.

Sosial şəbəkə istifadəçiləri yazırlar ki, fransızlar Fransadan olan jurnalistlərin Bakıda H.Məmmədov tərəfindən pulla ələ alınması cəhdini, sahibi olduğu "Lans” futbol klubunun azarkeşlərini öz şəxsiyyətinə pərəstiş etməyə sövq etməsini, klubun azarkeşlərinin sayını yerli bomjlar və əyyaşlar hesabına artırmaq cəhdlərini "Hafka”ya bağışlaya bilərlər, amma "Lans” klubunun dağılmasını yox.

Sosial şəbəkələrdə "Hafka” ilə bağlı xeyli lətifə yayılıb. Müəlliflər ironiya ilə yazırlar ki, uzaq Azərbaycandan gələn bu iş adamı "Lans” azarkeşlərinə qızıl dağlar vəd etsə də ortada heç nə yoxdur. O, öz vədlərini unudaraq aradan çıxıb.

"Hafiz Məmmədov Odlar Yurdu adlanan ölkədəndir. Yəqin elə buna görədir ki, o, "Lans” futbol klubunda yaxşı, müsbət nə vardısa, hamısına od vurub yandırdı” - deyə fransız bloggerlər "Hafka”nın futbol klubuna yatırım qoymaq və inkişaf etdirmək barədəki vədlərini lağa qoyurlar.

Qeyd edək ki, H.Məmmədov son vaxtlar ciddi maliyyə sıxıntıları yaşayır. Onun şirkətlərinin əlindən alındığına, bank hesablarına həbs qoyulduğuna və borc içində batdığına dair müntəzəm məlumatlar yayılır.