Qərbə mesaj: Türkiyə, Azərbaycan, Gürcüstan əməkdaşlığı ən uğurlu modeldir





Xəbər verdiyimiz kimi, ötən günlərdə Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirləri Naxçıvanda bir araya gəliblər. Görüşdə son günlər Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində yaşanan silahlı toqquşmalar barədə 3 dövlət rəsmisi arasında hərbi sahədə məsləhətləşmələr aparılıb. Rusiyanın bölgədəki hərbi iştirakı da müzakirə mövzusu olub. Çünki sonuncu məsələ hər üç ölkəni narahat edir.

Naxçıvan görüşünü şərh edən politoloq Elçin Mirzəbəyli "Şərq”ə açıqlamasında qeyd edib ki, bu üçtərəfli əməkdaşlıq formatını təkcə regionda deyil, bütün Avrasiya məkanında ən uğurlu model hesab etmək olar: "İndiyədək Qara dəniz və Xəzər hövzəsi bölgəsində çoxlu sayda əməkdaşlıq modelləri yaradılıb. Lakin heç biri, Azərbaycan, Türkiyə, Gürcüstan əməkdaşlığı qədər effektiv olmayıb. Bu günədək regionda həyata keçirilən layihələr bu əməkdaşlığın nə qədər əhəmiyyətli olduğunu sübuta yetirir. Bölgədə bu əməkdaşlığa təhlükə yaradan çoxsaylı amillər var. Hazırda hər üç ölkə dünyada cərəyan edən mühüm proseslərin epidsentrinə olduqca yaxın məsafədə yerləşir. Ayrı-ayrılıqda sözügedən ölkələr üçün təhdidlər var. Baş verə biləcək istənilən neqativ hadisənin qarşısının alınması, enerji və digər transmilli layihələrin təhlükəsizliyini təmin etmək üçün hər üç dövlətin hərbi əməkdaşlığına böyük ehtiyac duyulur. Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin Naxçıvanda keçirilən görüşünü də məhz bu müstəvidə dəyərləndirmək lazımdır”.

Azərbaycanın müdafiə nazirinin belə görüşlərin hər 6 aydan bir keçiriləcəyi barədə verdiyi açıqlama üçtərəfli hərbi əməkdaşlığın daimi olacağından xəbər verir”.

Politoloq Qabil Hüseynli deyib ki, 3 ölkənin müdafiə nazirlərinin görüşü ilə bağlı uzağa gedən nəticələr çıxarmaq tələskənlik olardı. Onun qənaətincə, 3 ölkə arasında hərbi alyansın yaranması hazırda qeyri-real görünür: "Hələ ki, siyasi yönləri o qədər də aydın olmayan ölkələrin bir araya gəlmək təşəbbüsüdür. Yaxşıdır, amma Gürcüstan AB-yə assosiativ müqavilə imzalayıb, NATO ilə üzvlüyə iddialıdır, Amerika ilə hərbi müttəfiqdir. Türkiyə NATO-nun tam hüquqlu üzvüdür, NATO ölkəsidir. Azərbaycan isə hələ ki, tarazlaşdırılmış siyasi xəttə sadiq olduğunu bildirir. Amma Rusiya münasibətləri inkişaf etdirməyə daha çox meyillidir. Bu, ən çox Qarabağ məsələsində üstünlük qazanmaq naminə atılan addımlardır”.

Siyasi şərhçinin fikrincə, toplantı daha çox Rusiya təhlükəsinə qarşı informasiya mübadiləsi və məsləhətləşmələr üçün nəzərdə tutula bilər: "Belə bir şəraitdə siyasi oriyentasiyalarında fərq olan ölkələrin guya hərbi alyans yaradacağı ilə bağlı söylənilən fikirlər həqiqəti əks etdirmir. Gürcüstan Ermənistanla isti münasibətlərini qoruyub saxlayır. Türkiyə Azərbaycanla hərbi-strateji müqavilə imzalamağı hələ ki, uyğun hesab eləmir. Bu 3 ölkənin müdafiə nazirliklərinin

toplanması nəyi ifadə edəcək? Belə çıxır ki, burada da daha çox Rusiyanın Cənubi Qafqazdakı hökmranlığını neytrallaşdırmağa yönəlmiş məsələlər müzakirə edilə bilər. Bunu da zəruri edən səbəblər var. Ermənistanda Rusiyanın böyük hərbi bazaları var ki, onlardan da hər 3 dövlətə, əsas da NATO üzvü olan Türkiyəyə qarşı istifadə edilməsi nəzərdə tutulur. Ermənistan sərhədləri də Rusiya sərhədçiləri tərəfindən qorunur. Gürcüstanın isə üçdə birini Rusiya ilhaq edib. Son 3 günlük Ermənistan-Azərbaycan lokal müharibəsində də Rusiyanın barmağı olduğu ehtimallar arasında ilk yerdə dayanır. Belə olan halda bu dövlətlərin ən azından hərbi-siyasi sahədə mövzuları diqqət mərkəzində saxlaması doğru addım hesab olunmalıdır. Bu cür müzakirələrin ənənəvi xarakter alması istisna deyil”.

Q.Hüseynli düşünür ki, belə bir format Qərbin də maraqlarına uyğundur: "Eyni zamanda Rusiya və Ermənistanın özlərindən hədsiz müştəbehliklərini müəyyən qədər tormozlaya bilər. Bu ölkələrin xarici işlər nazirlərinin də belə bir formatda görüşlərinin keçirildiyini nəzərə alsaq, siyasi perspektivin kifayət qədər uğurlu ola biləcəyini də söyləmək olar”.

Ayyət Əhməd