İctimai televiziya tamamilə yeniləşəcək

Cəmil Quliyev görülən işlərdən və prioritetlərdən danışıb




Təbliğ etdiyi maarifləndirici mövzularla cəmiyyətin savadlı və milli ruhda yetişməsində müstəsna rol oynayan İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Azərbaycan teleməkanında öz xüsusi dəst-xətti və səviyyəsi ilə seçilən mühüm informasiya mənbəyi hesab olunur. Tərəfsizliyi və qərəzsizliyi ilə digər telekanallardan ciddi şəkildə fərqlənən, uğur qazanmaq üçün keyfiyyəti qurban verməyən, dini və milli tolerantlığı təbliğ edən, etnik mədəniyyətlərə hörmət hissi aşılayan İctimai TV bu gün 9-cu ildönümünü qeyd edir.

Bu illər ərzində xalqın televiziyası olmağı bacaran İTV son bir ildə xeyli müsbət dəyişikliklərə və yeniliklərə imza atıb. Bu, özünü ilk növbədə kadr potensialının gücləndirilməsində, proqram siyasətindəki uğurlu dəyişikliklərdə və yeni layihələrin reallaşdırılmasında göstərib.

İTV-nin 9 illiyi ilə bağlı reportaja yollandığımız teleşirkətdə heyranedici dəyişikliklərin, ardıcıl və planlı şəkildə aparılan yenidənqurma işlərinin əyani şahidi olduq. Biz, sözün əsl mənasında, yeni bir televiziya gördük. Şirkətin ərazisində gəzərkən daxil olduğumuz bütün studiyalarda müasir standartlara cavab verən yeni avadanlıqların qurulduğuna şahid olduq. Qurumun texniki direktoru Zaur Hüseynzadə bu barədə bizə məlumat verərkən, bütün texniki avadanlıqların son bir il ərzində gətirildiyini bildirdi. Üzləşdiyimiz gözəl iş otaqları, yeni studiyalar və mebel göz oxşayırdı. Qonaq otaqlarından tutmuş qarderoba kimi hər şeyin yeniləşməsi televiziyaya gətirilən yeni nəfəsin hərarətini və rəhbər seçiminin uğurlu olduğunu göstərirdi.

İTV-nin nələrə nail olduğunu görmək üçün onun son il yarımlıq fəaliyyətinə nəzər salmaq kifayətdir. Bundan ötrü öncə mütəxəssis olmaq, sonra fikir söyləmək lazımdır. Bu gün İTV-də informasiya və ictimai-siyasi, musiqi, bədii, əyləncəli, səhər proqramları, gənclər, elm və təhsil verilişləri, hüquq və beynəlxalq əlaqələr departamentləri, "Carçıfilm” yaradıcılıq birliyi təqdirəlayiq şəkildə fəaliyyət göstərir. Tamaşaçılara təqdim edilən bütün verilişlərdə maarifləndirici yönə üstünlük verilir, adət-ənənələrimiz, tariximiz, milli zənginliyimiz əks etdirilir, gənclərə, gələcək nəslə yol göstərilir. Bu isə onu göstərir ki, İTV-yə baş direktor seçilərkən öz fəaliyyətində azərbaycançılıq, dövlətçilik, milli-mənəvi dəyərlərin təbliği, konstruktiv dialoq, peşəkarlıq və mədəniyyət kimi böyük məfhumlara üstünlük verəcəyini bəyan edən Əməkdar incəsənət xadimi, tanınmış kinorejissor Cəmil Quliyev əməlləri ilə bu xəttə sadiqdir. Bir il yarım ərzində gecəsini-gündüzünü İctimai Televiziyanın inkişafına sərf edən C.Quliyevin və komandasının zəhmətinin hədər getmədiyi göz önündədir.

Televiziyaya rəhbərlik etdiyi müddətdə şirkətdə görülən çoxsaylı işlər, həyata keçirilən yeniliklər və qazanılan uğurlar barədə suallarımızı cavablandıran baş direktor İTV-nin fərqli simalı, öncül və ciddi televiziya olduğunu vurğuladı: "Hesab edirəm İctimai Televiziya ölkənin ən uğurlu televiziya kanallarından biridir. Bir il ərzində biz çalışmışıq ki, İTV-nin fəaliyyətini daha da yaxşılaşdıraq və genişləndirək. Bu istiqamətdə xeyli iş görmüşük və görməkdə davam edirik. Müəyyən uğurlar var. Hamıya məlumdur ki, müasir insan zamanın tələblərinə cavab verməli, onun qarşıya qoyduğu vacib məsələləri həll etməyi bacarmalıdır. Bu gün Azərbaycanın ictimai həyatında çox mühüm proseslər gedir. Ölkəmiz inkişaf edir, çiçəklənir, müxtəlif sahələrdə geniş islahatlar aparılır. Dövlət başçısı cənab İlham Əliyevin səyləri nəticəsində Azərbaycan həm daxili, həm də xarici siyasətdə böyük uğurlar əldə edib. Təbii ki, televiziya da ölkədə, cəmiyyətdə gedən mühüm proseslərdən kənarda qalmamalı, bu prosesləri işıqlandırmalıdır. Ona görə də İctimai Televiziyanın üzərinə bu işdə çox böyük məsuliyyət düşür. Bir il ərzində çalışmışıq ki, ölkədə baş verən yenilikləri, mühüm hadisələri geniş işıqlandıraq, eyni zamanda ictimaiyyətin təkliflərini, tələblərini, tövsiyələrini nəzərə alaraq, yeni rəngarəng verilişlər hazırlayaq”.

Baş direktor C.Quliyev bizimlə söhbətində estetik dəyişikliyin önəmli olduğunu vurğulayaraq, İctimai TV-nin başdan-ayağa yeniləşəcəyini söylədi: "Televiziya təkcə insanları məlumatlandırmaq, maarifləndirmək və əyləndirmək funksiyasını yerinə yetirməməli, həm də onun estetik zövqünü formalaşdırmalıdır. Bu baxımdan, təsvir və proqramların mahiyyətinə uyğun dekor sisteminin modernləşdirilməsinə diqqət yetiririk. TV-nin illər boyu yayımlanan verilişlərinin, məsələn, "Carçı” informasiya proqramının, "Yeni gün”, "Ortaq məxrəc”, "Qanundan kənar”, "Xəmsə”, "Ötən əsrin nəğmələri”, "Həftənin yekunu”, "Ozan məclisi” və "Vətənin səsi”nin yeni dekorasiyaları qurulub”.

Milliyyətindən, dini mənsubiyyətindən, siyasi əqidəsindən asılı olmayaraq, sağlam düşüncəli, azərbaycançılıq və dövlətçilik ideyalarına sadiq hər bir Azərbaycan vətəndaşının üzünə açıq olan İctimai Televiziyada diqqət çəkən əsas məqamlardan biri də son bir ildə çoxlu yeni və rəngarəng layihələrin, proqramların və rubrikaların efir məkanına çıxmasıdır. Biz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə "Gerçəkliklər” adlanan layihə həyata keçiririk. Bu layihə əlillərin, fiziki qüsurlu şəxslərin fəaliyyətini əks etdirən çox faydalı bir proqramdır. Eyni zamanda "Ortaq məxrəc” verilişinin kontekstindən kənara çıxaraq "Müzakirə vaxtı” adlı yeni verilişi də efirə hazırlamışıq. Vəsilə Vahidqızının təqdimatında efirə çıxan bu tok-şounu digərlərindən fərqləndirən cəhət problemin insan taleləri əsasında təhlil edilməsidir. Yeni layihələrdən biri də "Yadigarlar”dır. Bu proqramda Əməkdar jurnalist Flora Xəlilzadə görkəmli elm, mədəniyyət və incəsənət xadimlərinin yadigarları ilə birgə sələflərin keçdikləri həyat və yaradıcılıq yollarına bir daha nəzər salırlar. Ölkənin mətbuat işçiləri ilə daim səmimi ünsiyyətdə olan telekanalda "Media və Zaman” adlı yeni layihə də hazırlanıb. Bu veriliş tanınmış jurnalist Xalid Niyazov tərəfindən aparılır. "Regional inkişaf” adlı yeni proqram, adından da göründüyü kimi, regionların inkişafını əks etdirir. Bu verilişdə sosial problemlərlə bağlı məsələlər ortaya qoyulur və müzakirə edilir, onların həlli yolları axtarılır. Milli-mənəvi dəyərlərimizi tərənnüm edən yeni "Yurd inciləri” verilişi də çox maraqlıdır. Görkəmli musiqişünas Abbasqulu Nəcəfzadə tərəfindən aparılan bu proqramda qədim çalğı alətlərinin yaranma tarixi araşdırılır”.

İctimai Televiziya ideoloji mübarizədə də özünəməxsus yer tutur. Azərbaycan torpaqlarının işğal olunması haqqında dünyaya hər gün ötürülən informasiya və Qarabağla bağlı mütəmadi olaraq verilişlərin təşkil olunması yüksək qiymətləndirilir. Xüsusilə "Ortaq məxrəc”, "Qarabağ sərvətləri”, "Carçı”, "Qanundankənar” verilişləri və "Açıq dərs” tok-şousu müzakirə olunan mövzuların vacibliyi, problemlərə yanaşma tərzi ilə seçilir. Kanalın baş direktoru da söhbət zamanı bu proqramların əhəmiyyətini xüsusi olaraq vuğulayıb: "İctimai-siyasi verilişlərin inkişafı sahəsində "Carçı” proqramı çox böyük əhəmiyyət kəsb edir. Zaman göstərir ki, gün ərzində Azərbaycan və rus dillərində efirə gedən, ölkənin ictimai-siyasi həyatını dolğun şəkildə əks etdirən "Carçı” tamaşaçılar tərəfindən sevilərək izlənilən reytinqli proqrama çevrildi. "Həftənin yekunu” verilişini də xüsusilə vurğulamaq istəyirəm. Şaiq Məmmədovun aparıcılığı ilə hər bazar günü efirə gedən "Həftənin yekunu”nda ölkədə və dünyada baş verən hadisələr studiyaya dəvət olunmuş ekspertlərin iştirakı ilə diskussiya obyektinə çevrilir. Nüfuzlu verilişlərdən biri də "Diqqət mərkəzi” proqramıdır. Jalə Sabirqızının təqdimatı ilə yayımlanan verilişdə sosial-iqtisadi vəziyyət və yeniliklər tanınmış yerli və xarici mütəxəssislərin iştirakı ilə müzakirə olunur. "Bizim ellər” verilişi Azərbaycanın folkloruna, etnoqrafiyasına, milli adət-ənənəsinə həsr olunan gözəl proqramlardan biridir”.

Ötən 1 ilin uğurlarından danışarkən gündən-günə yeniləşən "Yeni gün” səhər proqramının fəaliyyətini qeyd etməmək olmaz. Yeni studiya və tərtibatı ilə izləyicilərin zövqünü oxşayan "Yeni gün” proqramı siyasi baxışlarından, dini inancından və milli mənsubiyyətindən asılı olmayaraq hamının üzünə açıqdır. Proqramda maraqlı insanların, siyasətçilərin, elm xadimlərinin günün prioritet mövzuları ətrafındakı müzakirələri tamaşaçı auditoriyası tərəfindən razılıqla qarşılanır. "Yeni gün”də təqdim olunan müxtəlif janrlı süjetlər, aktual mövzularda telefon bağlantıları proqramın yaradıcılıq üstünlüklərini təsdiqləyən faktlardandır. Bir sözlə, "Yeni gün” son aylar həm formatına görə, həm də məzmun etibarı ilə xeyli dəyişib, yeniləşib. İTV-nin rəhbəri C.Quliyev də səhərlər insanların ovqatını xoş edən bu proqrama xüsusi diqqət yetirir: "Yeni gün” həftənin 6 günü 4 saat efirə çıxır. Gördüyünüz kimi, həmin studiyanın dekorasiyasını, tərtibatını tamamilə dəyişdirmişik. Çalışırıq ki, bu verilişə maraqlı adamları, ziyalıları, elm xadimlərini, mədəniyyət və media təmsilçilərini dəvət edərək, tamaşaçıların zövqünü oxşaya bilək”.

Kino sahəsinə dərindən bələd olan Cəmil Quliyevin İTV-də mədəniyyətin bu qoluna xüsusi diqqət yetirməsi, yəqin ki, heç kimi təəccübləndirmir. Bu baxımdan son bir ildə Azərbaycan filmlərinin nümayişi, hətta ötən əsrin 50-60-cı illərində çəkilmiş və çoxdan unudulmuş nadir filmlərin tapılıb yenidən göstərilməsi olduqca təqdirəlayiq hal hesab olunur. "Carçıfilm” Yaradıcılıq Birliyinin 20 Yanvar, Xocalı, 31 Mart soyqırımlarına, Məhəmməd Əmin Rəsulzadə kimi görkəmli siyasi və ictimai xadimə, elm, mədəniyyət və incəsənətin onlarca tanınmış nümayəndəsinə həsr etdiyi sənədli filmlər həm yaddaşların korşalmasına imkan vermir, həm də Vətənin layiqli oğul və qızlarını cəmiyyətə təkrar tanıdır. Baş direktorun kino mütəxəssisi olduğunu nəzərə alsaq, "Carçıfilm”in izləyicilərə daha çox sürprizlər təqdim edəcəyi heç kimdə təəccüb doğurmaz. Televiziya sədri Cəmil Quliyev: "Hikmət Yaqubovun rəhbərlik etdiyi bu birlikdə müxtəlif janrlarda, müxtəlif səpkilərdə sənədli filmlər istehsal olunur. Biz də bir il ərzində çalışdıq ki, bu birliyin film repertuarını maraqlı filmlərlə çoxaldaq. Bilirsiz, Azərbaycanda azsaylı etnik qruplar yaşayır. "Carçıfilm” bir il ərzində azsaylı xalqlarla bağlı çoxlu yeni film çəkib. Məsələn, malakanlar, udinlər, ləzgilər, dağ yəhudiləri barədə, hazırda isə ingiloylar haqqında film çəkilir. Bizim bu fəaliyyət azsaylı xalqların nümayəndələri tərəfindən çox yüksək qiymətləndirilir. Eyni zamanda Azərbaycanın görkəmli xadimləri, söz adamları haqqında da bu birlikdə filmlər lentə alınır. Məsələn, Əhməd Cəmil, Zəlimxan Yaqub, Məmməd Araz, Çingiz Abdullayev, bəstəkarlarımızdan Süleyman Ələsgərov haqqında maraqlı filmlər hazırlanıb. Həmçinin, məşhur elm xadimləri haqqında da filmlər var. Çalışırıq ki, filmlərdə zorakılıq təbliğ olunmasın, milli-mənəvi dəyərlərimizə ziyan gətirən epizodlar, elementlər yer almasın. Yəni insanların zövqünü korlamayan filmlərə üstünlük veririk. Dünya mədəniyyətinə töhfələr vermiş yerli və əcnəbi filmləri seçərək nümayiş etdiririk”.

Baş direktor İctimai Televiziyada uşaqlar üçün kinolara, cizgi filmlərinə və onların dublyajına xüsusi diqqət yetirildiyini də vurğuladı: "Hər səhər Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə "Azanfilm” studiyasında çəkilmiş cizgi filmlərini göstəririk. İndi hardasa 50-yə yaxın cizgi filmimiz var. Bunlar müxtəlif dövrlərdə Azərbaycanda çəkilən filmlərdir. Nazirliyin köməkliyi ilə xeyli uşaq filmini bərpa edərək yenidən efirə vermişik. Biz xarici ölkələrdə istehsal olunmuş, uşaqların inkişafına müsbət təsir göstərən bədii və cizgi filmlərini də dublyaj edib göstəririk. Eyni zamanda Aytəkin Nəsirovanın apardığı "Biri var imiş, biri yox imiş” verilişi uşaqların sevdiyi çox maraqlı proqramdır. Sentyabrda uşaqlarla bağlı yeni musiqi verilişlərimiz də nəzərdə tutulub”.

İTV-nin ən həssas layihələrindən biri də hərbi-vətənpərvərlik proqramlarıdır. Hər həftə efirə gedən "Salam, əsgər!” verilişində "Müharibələr tarixi” adlı yeni rubrika açılıb. İTV-də belə bir ənənə var: milli qəhrəmanlar doğum günlərində anılır və həmin gün proqram birbaşa onlara həsr olunur. Müharibə şəraitində yaşadığımız üçün telekanalın baş direktoru vətənpərvərlik verilişlərinə xüsusi önəm verdiklərini dedi: "Hazırda bizdə məhsəti türkü olan milli qəhrəman İsgəndər Aznaurov haqqında film çəkilir. Eyni zamanda məşhur Azərbaycan generalları Şıxlınski və Mehmandarov barəsində də film çəkilir. Bu sahədə uğurlu layihələrimizdən biri də "Qarabağ sərvətləri”dir. Bu veriliş işğal olunmuş ərazilərdə milli sərvətlərimizə dəymiş ziyanın və itirilmiş insan potensialının hesablanması, bu məsələnin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində əhəmiyyətli rol oynayır. Bu layihənin teleməkanda analoqu yoxdur”.

C.Quliyev idmanın inkişafı ilə bağlı məsələyə də məxsusi önəm verdiklərini bildirdi: "Bu ilin fevral ayında İTV Qış Olimpiya Oyunlarını çox geniş şəkildə təqdim etdi. Onun ardınca futbol üzrə dünya çempionatını nümayiş etdirdik. Artıq sentyabrdan etibarən futbol üzrə növbəti Avropa çempionatının oyunlarını efirə verəcəyik. Eyni zamanda ayda 4 dəfə efirə gedən "Sərhədsiz idman” və "Sport-time” proqramları idmanın ayrı-ayrı sahələrindən maraqlı və dolğun informasiya verirlər”.

Telekanalın inkişafından danışarkən İctimai Radionun uğurlarını unutmaq olmaz. Hər gün dinləyiciləri salamlayan İctimai Radio rəngarəng mövzuları, interaktiv müzakirələri, musiqi siyasəti ilə insanların ruhunu oxşayır. Bu sahədə "Prizma”, "Kinoda yaşanan ömür”, "Səhnə həyatı”, "Şosse 90”, "Kim yatmış, kim oyaq”, "Sübhə doğru” və s. verilişlər diqqəti cəlb edir. İctimai Radio haqqında bizə məlumat verən qurum sədri C.Quliyev onun özünəməxsus rolu olduğunu söyləyir: "9 ildir səmərəli fəaliyyət göstərən radioda indi üç department var.”

İctimai Televiziyanı digər kanallardan fərqləndirən əsas amillərdən biri İTV-nin Avropa Yayım Birliyinin üzvü olmasıdır. C.Quliyev bu barədə də danışdı: "Bizim "TRT Avaz” və "Euronews” kanalları ilə əməkdaşlığımız var. Gənc işçilərimiz növbə ilə hər ay Türkiyədə ictimai yayım funksiyasını yerinə yetirən TRT-də ixtisasartırma kursu keçir, müqavilə şərtlərinə uyğun olaraq bir və ya üç ay müddətində çalışırlar. Həm texniki, həm də yaradıcı heyətin xarici ölkələrdə təcrübə keçməsini, təhsil almasını bundan sonra da genişləndirmək fikrindəyik. İTV-nin əsasını qoyduğu "Dostluq körpüsü” layihəsi türkdilli xalqların bir araya gəlməsinə, ümumiyyətlə, Türk Birliyinin, ən azı, televiziya məkanında baş tutmasına yol açıb. Məhz buna görə də, hazırda İTV bütünlükdə türk dünyasında sevilir”.

Yüksək bal toplayaraq ali məktəblərə daxil olan abituriyentləri ekranda təbliğ edən İctimai Televiziyanın Gənclər, Elm və Təhsil Departamentinin adını qeyd etməmək, onun yeni layihələrini vurğulamamaq ədalətsizlik olar. Gənc nəslin maarifləndirilməsində mühüm rol oynayan İTV-nin hazırladığı "Gənclik həyatı”, "Açıq dərs”, "Xəmsə”, "Elm üçbucağı”, "Kreativ”, "Gəncliyimizlə qürur duyuruq” kimi proqramlar ağıllı və elmli nəslin yetişməsində müstəsna rol ifa edir.

Televiziyanın rəhbəri C.Quliyev bizimlə söhbətində İTV-də serialların olmamasına da toxunub. İTV-də teleserialların yoxluğunu baş direktor belə açıqlayıb: "Bizə bir neçə serial təqdim olunub. Amma onların heç birində bədii-estetik keyfiyyət yüksək olmayıb. Ona görə də həmin serialları qəbul etməmişik. Əgər səviyyəli, milli-mənəvi dəyərlərimizə cavab verən seriallar təqdim edilərsə, əlbəttə, onları qəbul edib yayımlayırıq”.

"Şərq” qəzeti olaraq, biz də xoş təəssüratlarla ayrıldığımız İctimai Televiziyanı, başda sədr Cəmil Quliyev olmaqla, bütün kollektivi kanalın 9 yaşı münasibətilə təbrik edir, İTV ailəsinə yeni-yeni uğurlar arzulayırıq.

İsmayıl