Məktəblərə elə milli qəhrəmanlarımız yaraşır

Onların adlarının təhsil ocaqlarından götürülməsini hamı qınayır



Paytaxt Bakıda yerləşən 23 saylı orta məktəbdən Milli Qəhrəman Tahir Həsənovun adının və büstünün götürülməsi ailəsinin, yaxınlarının ciddi etirazına səbəb olub. Hadisəni törədənləri kəskin qınayan qəhrəmanın anası Qalibə xanım deyib ki, bu, oğlunun ruhuna çox böyük hörmətsizlikdir.

"Həmin məktəb 2 il öncə təmirə bağlandı. Hazırda təmir başa çatıb. 2 gün bundan qabaq gedib, gördüm ki, məktəbə oğlumun adını verməyiblər. 1993-cü ildə Nazirlər Kabinetinin qərarı ilə həmin məktəbə oğlumun adı verilib. 1994-cü ilin sentyabrın 3-də orada büstünü də açdılar. Açılış mərasimində mərhum prezident Heydər Əliyev də iştirak edib. Həmin büstü məşhur heykəltəraş Ömər Eldarov düzəldib. İndi isə büstü harasa atıblar”.

Qalibə xanım oğlunun büstünü tapmaq üçün məktəbə baş çəksə də, ordan əliboş qayıdıb: "Məktəbin direktorundan oğlumun adının götürülməsinin səbəbini soruşdum. O, "xəbərim yoxdur”, "göstəriş belə olub”, "mənə nə deyiblər, onu da etmişəm” dedi. Çox xahiş edirəm, müvafiq qurumlardan, bu məsələni diqqətdə saxlasınlar”.

Bu halın yolverilməz olduğunu deyən Qarabağ qazisi Firudin Məmmədov "Şərq”ə açıqlamasında qeyd edib ki, hansısa müəssisəyə milli qəhrəman adının verilməsi və götürülməsi Nazirlər Kabinetinin qərarı ilə baş verir: "Bu hal qeydə alınıbsa, aidiyyəti şəxslər və orqanlar qınanılmalıdır. Belə yanlışa yol vermək olmaz. Bu yaxınlarda ölkə başçısı İlham Əliyev dedi ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda sağlamlığını və həyatını itirən milli qəhrəmanların qarşısında baş əyirəm. Ölkə başçısının böyük ehtiramla yanaşdığı milli qəhrəmanın büstünü götürüb, atmaq olarmı? Milli qəhrəmanlara bu cür etinasız və soyuqqanlı yanaşmaq düzgün deyil. Hesab edirəm ki, əlaqədar orqanlar məsələni onun ailəsinin istədiyi formada nizama salmalıdır”.

Sabiq təhsil naziri Firudin Cəlilov da bu halı pisləyib: "Düzdü, məsələ ilə konkret tanış deyiləm. Ona görə də dəqiq bir söz deyə bilmərəm. İstənilən halda milli qəhrəmana qarşı belə addım atmaq çox üzücüdür”.

Ayyət Əhməd