Sürücülər narazıdır

Ödənişsiz avtoparklar da olmalıdır



Bakı şəhərində qeyri-qanuni dayanacaqların ləğvi üçün parkomatlar quraşdırılır. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən artıq şəhərin bir neçə yerində, konkret olaraq Xəqani, Tolstoy, Y.Məmmədəliyev, Qoşa Qala qapısının qarşısında və digər yerlərdə belə parkomatları görmək olur.

Belə ərazilərdə avtomobilini park etmək istəyən şəxs 30 dəqiqə üçün 50 qəpik, 1 saat üçün 1 manat pul ödəyəcək. Əgər yaşadığınız ünvanın yaxınlığında bu cür parkomatlar quraşdırılıbsa, o zaman siz aylıq abunəçi kimi istifadə edə bilərsiniz. Qiymətlər isə sürücüləri qane etmir. Digər tərəfdən narazılıq doğuran məqam ondan ibarətdir ki, bu aparatlar avtomobil saxlamaq üçün icazə verilən yerlərdə də quraşdırılmağa başlayıb. Məsələn, N.Nərimanov metro stansiyasının yaxınlığında yerləşən parkın önündə, respublika xəstəxanasının qarşısında və digər pulsuz avtoparklarda belə aparatlara rast gəlinir. Bu da sürücülərin etirazına səbəb olur. Bakının müəyyən yerlərində pulsuz dayanacaqlar fəaliyyət göstərirdi. Lakin adıçəkilən sistem tətbiq olunmağa başlayandan sonra demək olar ki, şəhərimizdə pulsuz dayanacaqlar yoxdur.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov "Şərq”ə belə bir sistemin heç bir qanunvericiliklə tənzimlənmədiyini açıqlayıb: "Hətta bu sistem ilk dəfə tətbiq edilməyə başlayarkən, meriyaya müraciət edərək bildirdim ki, dünyanın heç bir şəhərində bu qədər pullu dayanacaqlar yoxdur. Bu, bütün yol hərəkəti qaydalarına uyğun gəlmir, vətəndaşların narazılığına səbəb olur”.

Onun fikrincə, şəhərdə pulsuz avtomobil dayanacaqları olmalıdır: "Normal, dayanma, durma yəni maşın saxlamaq qaydalarına uyğun ödənişsiz avtoparklar fəaliyyət göstərməlidir. Şəhərin harasına baxırsan, avtomat parkomat ödəmə aparatları quraşdırılıb. "Elmlər Akademiyası” metrosunun yanında yan-yana 30 metrdən bir üç ədəd parkomatlar quraşdırılıb. Bu forma düzgün deyil. Belə aparatın birinin 10000 manata yaxın qiyməti var. Bunlar əlavə dövlət büdcəsindən artıq xərclənən vəsaitlərdir. Parkomatların xidmət tarifləri də aidiyyəti dövlət orqanı tərəfindən konkret kateqoriyalar üzrə müəyyənləşdirilməyib”.

Həmsöhbətimiz fikirlərinin sonunda bu sistemin kimlərinsə gəlir əldə etmək məqsədilə tətbiq edildiyini bildirib. "Bu sistem işbazların qazanc yerinə çevrilib. Vətəndaşların hesabına varlanmaq istəyirlər. Bu məsələni ictimailəşdirsək, bəlkə problem öz həllini tapar”.

Qeyd edək ki, quraşdırılan parkomatlar tam sistem şəklində birləşdikdən sonra nəqliyyatı intellektual idarəetmə mərkəzi tərəfindən də proseslər izləniləcək.

Vüqar Şahinoğlu