Quraqlıq və Rusiya faktoru...

Azərbaycanda qəfil bahalaşmanın ciddi səbəbləri var





Kənd təsərrüfatı məhsullarının qiymətində son günlərdə qəfil artım baş verib. Belə ki, Rusiyanın Qərb ölkələrinə sanksiya tətbiq etməsindən sonra Azərbaycandan ərzaq idxalını artırması yerli bazarlarda gözlənildiyindən daha çox bahalaşmaya səbəb olub. Paytaxt Bakıda ərzaq bazarında meyvə-tərəvəzdə qiymət artımı idarə olunmaz həddə çatıb. Son bir həftə ərzində bəzi məhsulların qiyməti iki dəfə artıb.

Kənd təsərrüfatı mallarının qiymətinin belə qəfil bahalaşması ilə bağlı "Şərq”ə danışan iqtisadçı-ekspert Azər Mehdiyev də o qənaətdədir ki, Rusiyanın Qərbdən kənd təsərrüfatı mallarının idxalını dayandırmasından sonra bu ölkədə bazarın bizim üçün əlçatan olması yerli sahibkar və tədarükçüləri daha çox maraqlandırıb. Nəticədə istehsal olunan məhsulun bir hissəsi də ora gedib və ölkə daxilində qıtlıq yaranıb. Ekspertin sözlərinə görə, qəfil bahalaşmanı şərtləndirən bir amil də son zamanlar Azərbaycanda iqlim şəraitinin quraqlıq keçməsidir: "Ölkədə quraqlıq olduğu üçün kənd təsərrüfatı məhsullarının istehsalında xeyli problemlər var. Bu iki hadisə qısa zaman içərisində Azərbaycan kənd təsərrüfatı məhsullarının qiymətində kəskin artımla nəticələnib. Düzdür, Azərbaycan əvvəllər Rusiyaya kənd təsərrüfatı məhsulları ixrac edib. Amma bu məhsulların miqdarı çox cüzi olub. Biz Rusiyaya təxminən 200 min ton meyvə-tərəvəz ixrac edirik. Rusiya bazarı üçün bu rəqəm əhəmiyyətli deyil. Rusiyaya məhsul idxalında Azərbaycanın və digər ölkələrin adlarının çəkilməsi məmurların dünya iqtisadiyyatı ilə bağlı məlumatlarının az olmasından xəbər verir”.

A.Mehdiyevin fikrincə, Rusiyaya ixracın artması daxili bazara çox ciddi təsir edəcək: "Azərbaycan az məhsul istehsal edir. İstehsal etdiyi məhsulun da bir qismi Rusiyaya gedir. Bu da qiymətlərin çox sürətlə qalxmasına səbəb olub. Azərbaycan adekvat olaraq hansı ölkədən məhsul idxal etsə, həmin məhsulların qiyməti qalxacaq. Mövcud situasiya isə onu göstərir ki, yaxın zamanlarda kənd təsərrüfatı məhsullarının qiymətində müşahidə olunan artımın aşağı düşəcəyi gözlənilən deyil”.

Qiymətlərin əksinə, daha da artacağının istisna olmadığını vurğulayan iqtisadçının sözlərinə görə, havaların isti keçməsi kənd təsərrüfatı məhsullarının istehsalına xeyli sayda problemlər yaratdığı üçün qiymət artımının qarşısını almaq üçün Azərbaycanda Rusiya bazarlarına daşınan məhsullarla bağlı planlı siyasət həyata keçirilməsinə ehtiyac var: "Ona görə ki, ölkədə kənd təsərrüfatı məhsuluna olan tələbat ödənilmədiyi bir şəraitdə məhsulların ölkədən çıxarılması yolverilməzdir və bununla bağlı ciddi işlər görülməlidir”. Kənd təsərrüfatı məhsullarının qəfil bahalaşmasının vətəndaşlar arasında ciddi şəkildə narazılıq doğurmasına toxunan iqtisadçı hesab edir ki, bütün bu ajiotajlara səbəb hökumətin iqtisadi siyasətində bu cür situasiyalarla bağlı hesablamalar aparmamasıdır”.

Şəymən