“İkinci oğlumu itirəcəyimə qorxuram”

Xalq artisti mənzil üçün qapı-qapı gəzir, ona ümid çırağı yandıran tapılmır



Xalq artisti Nuriyyə Əhmədovanın oğlu hələ də Sabunçu rayonunun 3 saylı xəstəxanasında yatır. Aktrisanın oğlu Əli İslamzadə bir neçə gündür reanimasiyadadır. Bu barədə aktrisanın digər oğlu Faiq məlumat verdi. Bildirdi ki, anası ilə növbəli şəkildə qardaşının yanında qalırlar. Faiqin sözlərinə görə, qardaşının vəziyyəti hələ ki ağırdı. Hazırda hepatit S və zob xəstəliyi ilə bağlı müalicə alır. Elə həmin gün də vəziyyəti bu xəstəliklərlə əlaqədar ağırlaşıb.

Maraqlandıq ki, Nuriyyə xanımın maddi vəziyyəti də yaxşı deyil, xəstəxana xərclərini kim təmin edir? Nuriyyə Əhmədovanın oğlu "Şərq”ə açıqlamasında bildirdi ki, xəstəxana xərclərini özləri, anasının yaxın dostları kömək edərək təmin etməyə çalışırlar. Hətta Faiq onu da qeyd etdi ki, bir çox sənət dostları da xəstəxanaya gələrək Nuriyyə xanıma dəstək olmağa çalışıblar. Aktrisa Səidə Quliyeva və digər sənət dostları da maddi baxımdan Xalq artistinə əl tutmağa çalışıblar. Qardaşının dediyinə görə, xəstə iki gündən sonra palataya köçürülməlidir. Əgər vəziyyəti stabilləşməyə başlasa, Nuriyyə xanım xəstə oğlunun müalicəsini davam etdirmək üçün bacısının qapısını döyməli olacaq.

Nuriyyə Əhmədova da bizimlə söhbətində bunları dedi: "Şükürlər olsun ki, oğlumun səhhəti müəyyən qədər normallaşıb. Səhhətindəki fəsadlar aradan qalxandan sonra indi vəziyyəti müəyyən qədər yaxşılaşıb. Bir müddət öncə həkimlər oğluma asma, vərəm diaqnozu qoymuşdular. Ciddi müayinədən sonra oğlumda sözügedən xəstəliklər tapılmadı. Xüsusilə diqqətinizə çatdırım ki, Əlinin bu cür xəstəliyə düçar olmasına səbəb şəraitsizlikdir. Mən xəstəxanada qalan müddətdə övladlarıma baxan olmayıb, hər gün bir evdə yaşayıb, yeməyinə fikir verməyib. Hazırda bütün həkimlərin diqqəti oğlumun üzərindədir. Bildiyiniz kimi mən övlad itirmişəm. İkinci uşağımı da itirəcəyimə çox qorxurdum. Onu da deyim ki, Əli hələ gəzə bilmir. Ayaqları tutulur. Nə vaxta qədər xəstəxanada qalacağı və buradan hara gedəcəyimiz sual altındadır. Çünki yaşamağa mənzilimiz yoxdur. Bununla bağlı olaraq Mədəniyyət və Turizm Nazirliyinə dəfələrlə müraciət etmişəm. Hardan kömək istəyirəmsə, yalnız rədd cavabı alıram. Mənim müraciətimə baxmırlar. Artıq qapı-qapı gəzib ev istəməkdən yorulmuşam. Heç kim bu işi öz üzərinə götürmək istəmir. Axı mən də Azərbaycan mədəniyyətinə müəyyən qədər xidmət göstərmişəm. Mənə baxa-baxa bacı və qardaşım da şəkər xəstəliyi tapıb. Ümidim yalnız Allaha qalıb”.

Tahirə