Tələbələrə sərbəst seçim imkanı verilməlidir

Jurnalistikaya qəbul prosesində qabiliyyət imtahanının keçirilməsi özünü doğrultmadı



Jurnalistika fakültəsinə qəbul olmaq üçün imtahan verən abituriyentlərin öncə qabiliyyət imtahanından keçməsi məsələsi zaman-zaman gündəmə gəlirdi. Ayrı-ayrı media ekspertləri də dəfələrlə KİV vasitəsilə jurnalistika fakültəsi üçün qabiliyyət imtahanının vacibliyini qeyd ediblər. Uzun sürən müzakirələrdən və irəli sürülən təkliflərdən sonra nəhayət ki, bu il Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bəzi media ekspertlərinin bu istəyini reallaşdırıb. Amma nədənsə, qabiliyyət imtahanı özünü doğrultmadı.

Əksinə, müasir gənclər arasında mütaliə zəif olduğundan jurnalistikaya qəbul planının tam ödənməyəcəyi ilə bağlı irəli sürülən iddialar əsaslı çıxıb. Qeyd edək ki, bu il jurnalistika fakültəsinə qəbul olmaq üçün imtahan verən və qabiliyyət imtahanından məqbul alan 51 nəfərdən 47-si bu fakültəni seçib.

Həmin tələbələrdən də 40-ı Bakı Dövlət Universitetini seçib. Daha 2 nəfər Bakı Slavyan Universitetini və 2-si isə Azərbaycan Dillər Universitetini seçib. Maraqlıdır ki, Naxçıvan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olan 1 tələbə isə sonradan imtina edib. Göründüyü kimi, bir zamanlar böyük nüfuza malik olan və hər bir şagirdin tələbəsi olmaq istədiyi jurnalistika fakültəsi artıq əvvəlki nüfuzunu itirib. BDU jurnalistika fakültəsinin müəllimi, "Jurnalistikanın inkişafına yardım” fondunun sədri, professor Qulu Məhərrəmli də hesab edir ki, jurnalistika öz cazibəsini itirdiyi üçün gənclər bu sahəyə əvvəlki kimi maraq göstərmir: "Mövcud nəticələr göstərdi ki, orta məktəbi bitirən və tələbə adını qazanmaq istəyən abituriyentlərin çox az bir qismi jurnalist peşəsini seçmək arzusunda olub. Digər tərəfdən də qabiliyyət imtahanı faktını qabartmaqla biz gördük ki, bu peşəyə maraq həddindən artıq azdı”. Jurnalistikaya cəmi 47 tələbənin daxil olmasının ürəkaçan nəticə olmadığını vurğulayan Q.Məhərrəmlinin sözlərinə görə, "niyə belə oldu” sualı ətrafında ciddi düşünmək lazımdı.

Professorun qənaətincə, artıq gənclər jurnalistikada heç bir rəngarənglik görmədiyi üçün bu sahəyə gəlmirlər: "Burada təhsillə bağlı problemlər də ortaya çıxır. Çünki biz jurnalistikaya daxil olan 47 nəfər tələbənin düşüncə tərzindən bixəbərik. Ancaq tədris başlayandan sonra biz onların təfəkkürünün jurnalistika ilə nə dərəcə uyğun olduğuna dair mühakimə yürüdə bilərik. Hər nə qədər onlar qabiliyyətdən keçsələr də, bu, ümumi mənzərəni əks etdirmir. Hansı ailələrdən gəlirlər, onların düşüncə tərzi, dünyagörüşü necədir, bütün bunlar onlar tələbə olduqdan sonra üzə çıxacaq. Çünki biz qabiliyyət imtahanında inşa yazdırmaqla jurnalistikanı ədəbi yaradıcılıq kimi təqdim elədik. Zənnimcə, bəzi üstünlüklərlə yanaşı, müəyyən yanlışlıqlar da var. Üstünlük odur ki, artıq jurnalistikaya müəyyən yazı qabiliyyəti olan tələbələr götürülüb. Amma biz bu yolla jurnalistikanın sosial aspektini bir növ ört-basdır eləmiş olduq. Bu baxımdan gələcəkdə jurnalistikaya qəbulla bağlı qabiliyyət imtahanı olmalıdır, ya yox, bunun üzərində ciddi düşünmək lazımdır. Şəxsən mənim qənaətimcə, jurnalistikaya qəbul prosesində qabiliyyət imtahanının keçirilməsi bizə heç nə vermədi. Odur ki, növbəti illərdə bunu aradan qaldırmaq və tələbələrə sərbəst seçim imkanı vermək lazımdı. Cüzi yazı qabiliyyəti olan uşaqları götürməkdənsə, bu sahəni seçən tələbələr üzərində ciddi işləyib, yaxşı jurnalist hazırlamalıyıq. Fərqi yoxdu həmin tələbə özü seçib, ya təsadüfi düşüb bu sahəyə”.

Professorun sözlərinə görə, heç bir təbliğat aparmadan qabiliyyət imtahanının keçirilməsi də müəyyən mənada abituriyentlərin jurnalistikanı seçməsinə mənfi təsir göstərib: "Qabiliyyət imtahanında düşəcək mövzularla əvvəlcədən abituriyentləri tanış etmək olar. Burada TQDK-nı suçlamaq doğru deyil. İmtahanqabağı Komitənin test təlimlərində iştirak elədim və şahidi oldum ki, TQDK bu prosesə həddindən artıq mükəmməl hazırlaşıb, müəyyən texnologiyalar tətbiq edib, kriteriyaları çox gözəl müəyyənləşdirib. Sadəcə olaraq, qabiliyyət imtahanını irəli sürməklə biz

hansı konseptual məsələni həll elədik? Bu peşəni seçənlərin bura gəlməsi bir impuls kimi çox maraqlıdır. Amma jurnalistika üçün yüksək kadr hazırlığında bu, başlıca rol oynamır, bunun üçün jurnalistika özü yüksək səviyyəyə qaldırılmalıdır.

Odur ki, qəbul qaydaları dəyişən kimi jurnalistikada yüksək ixtisaslı kadrların hazırlanacağına ümid eləmək və illüziyaya qapılmaq lazım deyil. Doğrudur, 10 il əvvəllə müqayisədə jurnalistikada tədrisin səviyyəsi yüksəlib, həm dövlət, həm özəl universitetlər müəyyən töhfələr veriblər, müəyyən dərəcədə maddi-texniki baza yaradılıb, amma ehtiyac var ki, səviyyə daha yüksəyə qalxsın. Mən Almaniya, Türkiyə, Amerika, Böyük Britaniyada jurnalistika ilə bağlı təcrübə ilə tanış olmuşam, onlarla müqayisədə bizim görə biləcəyimiz çox iş var”.

Şəymən