“Qarabağ” tarix yazdı

Qurban Qurbanov: “Beş il öncəki qisasımızı ala bildik”









"Qarabağ" klubu  səfərdə "Tvente"nin qonağı olub.
Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində Hollandiyada "Tvente" ilə 1:1 bərabərə qalan "Qarabağ" klubu tarixində ilk dəfə turnirin qrup mərhələsində oynamaq hüququ qazanıb.
Bakıda rəqibi ilə 0:0 bərabərə qalan "Qarabağ" səfərdən sərfəli nəticə ilə qayıtmağa çalışacaqdı. Bu görüşdə qeydə alınacaq istənilən məhsuldar heç-heçə (1:1, 2:2, 3:3) Ağdam təmsilçisini qrup mərhələsinə çıxaracaqdı. Fasiləyə 0:1 hesabı ilə məğlub yollanan "Qarabağ" ikinci hissədə bərabərlik qolunu vurmaqla tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsində oynamaq hüququ qazanıb.
Qeyd edək ki, Ağdam təmsilçisi bu qələbə ilə Avroliqanın qrup mərhələsində oynayacaq ikinci Azərbaycan klubu olub.
 Ağdam təmsilçisi "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Hollandiya "Tvente"sinə qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb.
ANS PRESS-in məlumatına görə, baş məşqçi 1:1 hesabı ilə başa çatan qarşılaşmanı şərh edərkən komandası ilə fəxr etdiyini bildirib:
"İlk növbədə "Tvente"ni təbrik etmək istərdim. Yaxşı komandadır, güclü oyunçuları var. Müəyyən mənada biz beş il öncəki qisasımızı ala bildik. Amma biz bu haqda az düşünürdük. Sadəcə, növbəti mərhələyə adlamaq istəyirdik. Komandamla fəxr edirəm. Artıq növbəti oyunlarımız haqda düşünəcəyik".
Bu möhtəşəm zəfəri gecə yarısı "Qarabağ” azərkeşləri qeyd edib.
Ağdamın "Qarabağ” futbol klubun zəfəri paytaxtda coşqu ilə qarşılanıb.
Bu möhtəşəm zəfəri gecə yarısı Bakıda "Qarabağ” azərkeşləri və paytaxt sakinləri qeyd edib.
Onlar maşınlarına bayraqlar asaraq, komandalarının loqolarını başları üstünə qaldırıblar.