Ehtiyatlı olmalıyıq: Azərbaycanda Rusiyanın “5-ci kolon”u aktivləşib





"Kremlin Ukraynaya qarşı davam edən təcavüzü və dünya birliyi ilə sərt davranışı əksər Şərqi Avropa və postsovet ölkələrini öz milli təhlükəsizlik yönündə önləyici tədbirlər görməyə vadar edir. Bu gün Azərbaycan nəinki belə potensial təhlükədən kənarda deyil, əksinə, özünün geosiyasi önəmi səbəbindən Kremlin "neoimperiya” ambisiyalarına daha yaxındır.

Şübhə yox ki, Ukraynanın itirilməsi ilə barışa bilməyən və bu ölkəni silkələməkdə davam edən Moskva eyni zamanda Azərbaycanı "Avrasiya tələsi”nə salmaq və tamamilə öz təsiri altına almaq üçün fəal addımlar atacaq. Özü də rəsmi Bakıya təzyiqlərində heç də uzun müddət "imperiya kökələri”ndən istifadə etməyəcək, müəyyən mərhələdə öncədən hazırlanmış "imperiya qamçısı”nı belə işə salacaq”. Ciddi xəbərdarlıq mahiyyəti daşıyan bu sözlərin müəllifi politoloq Zəfər Quliyevdir. Rusiya təhlükəsindən və ölkədəki "5-ci kolon”un fəallaşmasından danışan tanınmış siyasi ekspert bu cür real təhdid fonunda Azərbaycan cəmiyyətində hökm sürən bivec atmosferin heyrət doğurduğunu deyir: "Son vaxtlar biz ölkədə rusiyayönlü "5-ci kolon”un fəallaşmasında növbəti mərhələni müşahidə etməkdəyik. Sosial şəbəkələrdə, KİV-lərdə və məişət səviyyəsində bu "kolon”un nümayəndələri psevdobeynəlmiləl ritorikası altında gizlənərək

ölkəmizin milli maraqlarına və milli-vətənpərvər qüvvələrinə qarşı əsl müharibə aparır. "Azərbaycanın əbədi xoşbəxtliyi Rusiyaya bağlıdır” kimi köhnə imperiya şüarlarına yeni nəfəs verməyə cəhd edirlər”.

Hər zaman Rusiyanın Azərbaycana ən böyük təhlükə olduğunu deyən sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə bildirib ki, Rusiya təhlükəsindən qorunmaq üçün düşünülmüş, ağıllı addımlar atmaq lazımdır. Çünki hər hansı siyasi səhv suverenliyimizə zərbə vura bilər: "Ukraynada məğlubiyyətlə üzbəüz qalan Putinin əsas məqsədi Qafqazda müharibə başlatmaqdır. Ona görə də Qafqazda genişmiqyaslı müharibə başlatmaq istəyir. Bununla Qərbin diqqətini Cənubi Qafqaza yönəltmək və regionda "bazarlıq” imkanı əldə etmək istəyir. Yəni Rusiya Azərbaycanı öz məqsədləri üçün müharibəyə sürükləməyə çalışır. Baxın, biz bu cür dəhşətli təhlükənin qarşısındayıq”.

Azərbaycandakı "5-ci kolon” təhlükəsindən də danışan V.Quluzadə deyib ki, bu, çox incə məsələdir: "Bu kolona işləyənlərin 90 faizinin xidmətləri qanunidir. Kəşfiyyat işinin əsas məğzi informasiya yığmaqdan ibarətdir. Tutaq ki, mən Azərbaycanın Neftayırma zavodunda işləyirəm, oradakı əhval-ruhiyyəni, baş verən hadisələri səfirliyin müəyyən işçisinə çatdırıram. O biri də Azərbaycanın hansısa təşkilatında işləyir, o da öz təşkilatı haqqında çatdırır. Bu cür qanuni materiallar gəlib yığılır və Azərbaycanın əhval-ruhiyyəsi haqqında gözəl kəşfiyyat materialı toplanır. Elə adamlar da var ki, əvvəl dövlət strukturlarında çalışıb, sonra işdən çıxıblar. Amma indi ruslar və ya amerikalılar bu adamları özlərinə cəlb edə bilirlər. Onlar da bildiklərini çatdırırlar. Bu şəbəkə kolon adlanır. Bəli, Azərbaycanda Rusiyanın "5-ci ci kolon”u var və tərkibi də azərbaycanlılardan ibarətdir. Onlar Rusiyanın Azərbaycandakı səfirliyində qeydiyyatdadırlar. Həmin "azərbaycanlıların” rolu rus ordusu Azərbaycana gələndə əllərində güllərlə onların qabağına çıxıb alqışlamaqdır. "5-ci kolon”la hökumət ciddi surətdə məşğul olmalıdır”.

Siyasi təhlilçi iddia edir ki, bu gün Rusiya kəşfiyyatı Azərbaycanda əvvəlki dövrlə müqayisədə ikiqat artıq işləyir. Çünki Rusiyanın məqsədi SSRİ-ni bərpa etməkdir: "Bunun üçünsə Azərbaycanda "5-ci kolon”u bərpa etməyə böyük ehtiyac var. Çoxlu azərbaycanlı var ki, müstəqil ölkəmizin yenidən Rusiyanın koloniyası olmasının tərəfdarıdır. Maraqlısı odur ki, Azərbaycanda yaşayan rusların bu işə dəxli yoxdur, onlar səmimi olaraq Azərbaycana xidmət edirlər. Ancaq "özümüzünkülər” ruslara nökərlik edir. Mən diqqət yetirirəm, Rusiyanın istiqlal günlərinə bizdən 1000 nəfər qatılır. Onların hamısı Rusiyanın xeyrinə bəyanat verən tanıdığımız adamlardır. Bu baxımdan "5-ci kolon”un ciddi təhlükə olduğunu etiraf etmək lazımdır. Əgər Rusiya tamamilə çökərsə, biz o zaman əmin olacağıq ki, 12-ci ordu Azərbaycana gəlməyəcək və "5-ci kolon” ayağa qalxıb Rusiya ilə birləşmək istəməyəcək”. V.Quluzadə deyir ki, Azərbaycanda nicatı şimalda axtaran xeyli insanın olmasının obyektiv səbəbləri var: "Bir şeyi unutmayın ki, biz 70 il rusyönlü tərbiyə almışıq. Bizə deyiblər, Rusiya dost, Türkiyə düşməndir. Uzun müddət Azərbaycanda milli ruhu öldürərək əhalini rusyönlü tərbiyə ediblər. İndi də bununla ölkədəki müxtəlif orqanlar və şəxslər məşğul olurlar”.

İsmayıl