Maneə olan İran və Türkmənistandır

Ekspertlər yaxın günlərdə Xəzərin statusu ilə bağlı irəliləyişlərin olacağına inanmırlar




Ötən günlərdə Moskvada Xəzərin hüquqi statusuna dair xüsusi işçi qrupunun iclası keçirilib. Görüşə Xəzəryanı dövlətlərin xarici işlər nazirləri qatılıblar. Toplantıda IV Xəzər Sammitinin yekun sənədlərinin hazırlığına xüsusi diqqət yetirilib.

Həmçinin, yüksək səviyyəli görüşdə imzalanması nəzərdə tutulan Xəzər dənizində sərhədyanı ölkələrin əməkdaşlığının hüquqi bazasının möhkəmlənməsinə yönəlmiş beştərəfli hökumətlərarası sazişlərin mətnlərinin hazır olduğu qeyd olunub. Nümayəndə heyətləri xüsusi işçi qrupunun 38-ci iclasının yekunlarını yüksək qiymətləndirərək, onun yüksək səviyyədə təşkil olunması üçün Rusiya Federasiyasına təşəkkürlərini bildiriblər.

Nazir müavinlərinin Moskva görüşünün səmərəsi və problemin həllinə törədilən əngəlləri şərh edən politoloq Fikrət Sadıqov "Şərq”ə açıqlamasında qeyd edib ki, razılaşmanın əldə olunmasına maneə olan İran və Türkmənistandır: "Cənub qonşumuzun mövqeyi məlumdur. Xəzərin bölünməsi və istifadəsi ilə bağlı rəsmi Tehranın bir sıra şərtləri var. Buna baxmayaraq ölkəmiz Rusiya və Qazaxıstanla ikitərəfli saziş imzalayıb. Bizdə belə öhdəliklərlə bağlı problem yoxdur. Təbii ki, danışıqlar uzunmüddətli xarakter daşıyır. Düşünmürəm ki, yaxın perspektivdə müsbət nəticə əldə olunsun. Əngəllərin olduğu bir şəraitdə ortaq məxrəcə gəlmək xeyli çətindi”.

Xəzərin problemləri üzrə ekspert Rüstəm Məmmədov Xəzərin hüquqi statusunun həllini tapacağına inanmadığını söyləyib: "İrəliləyiş müşahidə etmirəm. Heç bunu hiss etmək də mümkün deyil. Əminliklə deyirəm ki, heç nə olmayacaq. Zamanla özünüz görəcəksiniz ki, hamısı sadəcə danışıqlardır. Hazırda real bir irəliləyiş baş verdiyini düşünmək olmaz. Çünki Xəzər neftinin, qazının Rusiyasız və İransız istismar edilməsi onların maraqlarına uyğun deyil. Bu səbəbdən də Xəzər dənizinin statusunun formalaşmasına tələsmirlər”.

Ayyət Əhməd