Putinin siyasi bazarlığı baş tutub

O, həm Poroşenkonun əlini sıxır, həm də silahı yerə qoymur



Rusiya Federasiya Şurasının qərarından sonra Ukraynaya hücumun yeni mərhələsi başlayıb. Rus hərbçiləri Ukraynanın Zaporojye vilayəti istiqamətində hərəkətə keçərək Mariupol şəhərinə qədər irəliləyiblər. Məlumata görə, üzərində "Novorossii” sözü yazılmış 60-a yaxın rus tankı şəhərə daxil olmaq üzrədir.

Rus tanklarına qarşı çarəsiz olduqlarını etiraf edən Ukrayna əsgərləri mühasirəyə düşdüklərini bildiriblər. Gözlənilməz hücumdan sonra Türkiyə səfərini təxirə salan prezident Poroşenko ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının təcili iclasını çağırıb.

İclasda hücumların qarşısını almaq üçün planlar nəzərdən keçirilib. Əslində ümidverici Minsk görüşündən və Putinin açıqlamalarından sonra Kremlin qəfil hücum qərarı alması bir qədər təzadlı mövqedir və anlaşılan deyil. Amma əksər politoloqlar əvvəlcədən də vurğulayırdılar ki, Qərb ölkələrinin təkidi ilə quraşdırılan Minsk görüşü Şərqi Ukraynadakı qarşıdurmaları səngitmək gücündə deyil. Çünki görüşdən sonra Rusiya tərəfi Şərqi Ukrayna məsələsində heç bir öhdəlik götürmədiyini vurğulamaqla, məlum bölgədəki münaqişənin bundan sonra da davam edəcəyinin anonsunu verdi.

Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri, politoloq Elxan Mehdiyev hesab edir ki, Rusiya və Ukrayna rəhbərlərinin görüşü Kremlin diplomatik oyunundan başqa bir şey deyildi. Ekspertin sözlərinə görə, Putin Poroşenko ilə görüşməklə, Ukraynadakı problemin sülh yolu ilə həllinə cəhd etdiyini göstərməyə və beynəlxalq ictimaiyyəti aldatmağa çalışdı: "Etiraf etmək lazımdır ki, Rusiya Ukrayna məsələsində yaxşı oyun oynayır. Diplomatik müstəvini boş qoymur. Putinin Poroşenko ilə görüşü də buna hesablanmışdı. Putin bununla bütün dünyaya göstərmək istəyir ki, o, Ukrayna ilə dialoqdadır və məsələləri dinc yolla həll etməkdə maraqlıdır. Ancaq digər tərəfdən Rusiyadan Ukraynaya keçirilən hərbi texnika və mütəxəssislərin sayı gündən-günə artmaqdadır. Şərqi Ukraynada tərəflər arasında hərbi qarşıdurma getdikcə daha ağır və ciddi mərhələyə keçir. Bütün bunlar isə onu göstərir ki, əslində Rusiya problemin sülh yolu ilə həllində maraqlı deyil. Daha doğrusu, gərginliyi artırmaqla daha ciddi siyasi hədəflərə çatmaq istəyir”. E.Mehdiyevin fikrincə, Rusiya Ukrayna ilə diplomatik danışıqları sürdürməklə paralel bu ölkəyə rus ordusunun yeridilməsi və hərbi əməliyyatların davam etdirilməsinə də cəhd göstərəcək: "Rusiya bununla danışıqlarda üstün mövqeyə sahib olmağa çalışır. Ancaq Putini ən

çox narahat edən amil Ukrayna ordusunun ölkənin şərqindəki separatçıları məhv edə biləcəyi və bölgədə sabitliyi təmin edə biləcəyi ilə bağlıdır. Putin Şərqi Ukrayna separatçılarından Poroşonko ilə danışıqlarda alver predmeti kimi istifadə edir. Çünki o, düşünür ki, Ukrayna ordusu separatçıları neytrallaşdırsa, o zaman bazarlıq etmək üçün əlində heç bir ciddi vasitə olmayacaq. Rusiya Krım kimi digər əraziləri də Ukraynanın suverenliyindən çıxartmaqla, ölkəni çətin vəziyyətdə saxlamaq niyyətindədir. Əlbəttə, burda Avropa Birliyi və NATO-ya təzyiq elementləri də var”.

İsmayıl