Ərdoğan yanlışlığa yol verməz

Separatçı rejim rəsmi Ankaranı fakt qarşısında qoymaq istəyir



Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğanı "soyqırım”ın 100 illiyinə dəvət edib. Bu barədə düşmən ölkə XİN-i məlumat yayıb.

Məlumata görə, ötən günlərdə R.T.Ərdoğanın inaqurasiyasına qatılan E.Nalbandyan mərasimdən sonra qardaş ölkənin təzə liderini gələn il aprelin 24-də Yerevanda "erməni soyqırımı qurbanları”nın xatirəsinin 100 illiyi ilə əlaqədar keçiriləcək mərasimə rəsmi olaraq çağırıb.

Xatırladaq ki, bu ayın 28-də qardaş ölkənin 12 prezidenti seçilmiş R.T.Ərdoğanın andiçmə mərasimi baş tutub. Tədbirə düşmən ölkə lideri Serj Sarkisyan dəvət olunsa da, o, XİN rəhbəri E.Nalbandyanı göndərib.

Erməni diplomatın dəvətini və qardaş ölkənin atacağı addımları şərh edən politoloq Natiq Miri "Şərq”ə bildirib ki, bu, işğalçı ölkənin növbəti hiyləsidir. Onun sözlərinə görə, separatçı rejim rəsmi Ankaranı fakt qarşısında qoymaq istəyir: "Dəvəti qəbul edib, Ermənistana getmək qondarma soyqırımı tanımaq anlamına gəlir. Rəsmi Ankaranın belə kobud yanlışa yol verməsinə inanmıram”.

Ekspert düşünür ki, Ərdoğan bu dəvəti heç bir zaman qəbul etməz: "Çünki bədnam düşmənlərimizə qarşı belə bir soyqırım heç bir zaman baş verməyib. Əksinə, türk etnosuna qarşı genosidlər törədilib. Anadolu və Azərbaycan torpaqlarında türklər total olaraq soyqırıma məruz qalıblar. 1915-ci ildə iddia olunan soyqırım zamanı ermənilərin kütləvi olaraq məhv etdiyi türklər yalnız körpələr və qocalar olub. Hətta ermənilər o qədər azğınlaşıblarmış ki, meyitlərə belə işgəncələr verirlərmiş. Bu bir tarixdir. Bunu dünyanın supergücü olan Amerika da yaxşı bilir. Türklər hansısa etnosa qarşı qətliam törətməyiblər. Ona görə düşünürəm ki, Türkiyədə heç bir hakimiyyət buna risk edə bilməz”.

Ayyət Əhməd