Suriyaya döyüşə gedənlərdən hələ sağ qayıdanı olmayıb

“Onları bu işə cəlb edən qruplaşmaların izinə düşülməli idi”



Görülən bütün önləyici tədbirlərə rəğmən azərbaycanlıların muzdlu olaraq, Suriya döyüşlərində iştirakının qarşısını almaq müşkül olub. Yazılan yazılar, deyilən tənqidlər heç bir səmərə vermir. Nə dərddirsə, bizimkilərin Suriya uğrunda "cihad” sevdası bitib-tükənmək bilmir.

Ən son İsmayıllı rayonundan olan 5 mücahid Əsəd rejiminə qarşı döyüşlərdə iştirak etmək üçün Suriyaya gedib. Onlardan biri isə peşəkar güləşçi, respublika yarışlarında yüksək nəticələr əldə

etmiş idmançı Rəşad Baxşəliyevdir. Ən pisi isə odur ki, güləşçi həyat yoldaşı və körpəsi ilə birlikdə Suriyaya "pənah” aparıb.

Hər nə qədər onları qınasaq da, bir azərbaycanlı olaraq, həmyerlilərimizin Suriyada döyüşməsi, öldürülməsi bizi üzür. Bu səbəbdən də artıq neçə ildir Azərbaycan ictimaiyyətinin bütün diqqəti Suriyaya köklənib. Mənasız bir savaş uğruna gənc nəslin itkisi prosesi gedir və bizim əlimizdən səssizcə bunu seyr etməkdən başqa heç nə gəlmir. Çünki gənclərimizin Azad Suriya Ordusuna niyə və nə üçün qoşulmasının səbəblərini bilmirik. Artıq cəmiyyətin maarifləndirici tədbirlərdən, təbliğatdan əli üzülüb. Belə ki, araşdırmalar zamanı məlum olub ki, Suriyaya yollanan Azərbaycan vətəndaşları sərhədi keçmək üçün əsasən Türkiyə ərazisindən tranzit ölkə kimi istifadə edirlər. Türkiyədən Suriyaya keçmək istəyən Azərbaycan vətəndaşlarına qarşı mübarizə aparmaq isə mümkün deyil. Ən azından Azərbaycan tərəfi üçün bu çox mürəkkəb məsələdir.

Onu da qeyd edək ki, İngiltərənin "Daily Mail” qəzeti məmurlara 10 dollar verən İraq Şam İslam Dövləti (İŞİD) yaraqlılarının asanlıqla sərhəddən Suriyaya keçdiyini iddia edib. Sərhədə qədər gedən qəzetin müxbiri hər gün 20 adamın "cihada giriş qapısı” adı verilən bu yolla İŞİD-ə qatıldığını yazıb. İngilislərin turist kimi Antalyaya gəldiyini yazan Greenhill belə bir iddia da irəli sürüb ki, buradan sərhədə yaxınlaşan cihadçılar heç bir problemlə qarşılaşmadan sərhədi keçirlər. Sərhəddə xidmət edənlər 10 dollara keçişlərə göz yumurlar. Göründüyü kimi problem ağır, həlli isə ondan daha ağırdır. Bəs, nə etməli? Qanunsuz olaraq başqa dövlətin tərkibində döyüşməyə, öz dilləri ilə isə "cihad”a gedən mücahidləri necə dayandırmalı?

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının (VƏHML) sədri Sahib Məmmədovun sözlərinə görə, radikal terror qruplaşmalarının ətrafına həmişə dini fanatizm aludəçisi olan dar düşüncəli insanlar cəlb olunur. Hətta müsəlman olmayan Avropa ölkələrindən belə İŞİD silahlı birləşmələrinə qoşulanlar var. Eləcə də, Suriya uğrunda mübarizəyə Avropa ölkələrindən nə qədər "mücahid”lər axın edib: "Bu mənada gənclərin terror qruplaşmalarına qoşulması və onların tərkibində döyüşməsinə qlobal problem prizmasından yanaşmaq lazımdır. Bu məsələ təkcə Azərbaycanın problemi olmadığı üçün qarşısını almaq bir qədər çətindir”. Gənclərin Suriya döyüşlərinə qoşulması ilə bağlı dövlətlərin mübarizə tədbirləri olmasını vacib sayan Liqa sədrinin sözlərinə görə, bu gün Suriyada döyüşən həmin insanların sabahkı gün ölkəyə qayıtması, həmin dövlət üçün potensial terror təhlükəsi deməkdir: "Mənə elə gəlir ki, Azərbaycan hökuməti çox ciddi şəkildə bu problemin həlli ilə məşğul olmalıdır. Bildiyim qədər, sadəcə Cinayət Məcəlləsində olan ölüm hadisələri ilə bağlı maddələri bir az ağırlaşdırdılar. Hansı ki, əvvəlki maddə də o qədər yüngül deyildi, amma tətbiq olunmadığı üçün heç bir effekti olmur. Qanunu qəbul etdikdən sonra tətbiqi vacib haldır. Əks halda heç bir mənası yoxdu”. S.Məmmədovun sözlərinə görə, Suriyada muzdlu kimi döyüşənlərlə gəncləri silahlı birləşmələrə cəlb edən təşkilatçılar üçün cinayət məsuliyyəti fərqlidir. Hesab edirəm ki, həmin təşkilatçıların insan alverçiləri olma ehtimalı da istisna deyil: "Zənnimcə, azərbaycanlıların Suriyada döyüşməsinin qarşısını almaq üçün gəncləri bu işə cəlb edən təşkilatçılarla bağlı ölçü götürmək lazımdır. Ola bilsin ki, təhlükəsizlik orqanları hansısa əməliyyatlar həyata keçirir və ictimaiyyətdən gizli saxlanılır. Hər halda məsələnin görünən tərəfi odur ki, bugünə qədər bir təşkilatçı belə məsuliyyətə cəlb olunmayıb. Aydın məsələdir ki, Suriyaya döyüşmək üçün gedən azərbaycanlılardan hələ ki, sağ qayıdanı olmayıb. Amma onları bu işə cəlb edən qruplaşmaların izinə düşülməli idi”. Liqa sədrinin sözlərinə görə, təşkilatçıların və "mücahid”lərin cinayət məsuliyyətinə cəlb olunması da problemin köklü həlli deyil. Azərbaycanlıların Suriya uğrunda döyüşlərə qatılmasının qarşısını almaq üçün geniş şəkildə maarifləndirici tədbirlər həyata keçirilməli və bu prosesin milli təhlükəsizlik məsələsi olduğu vətəndaşlara aşılanmalıdır: "Suriya uğrunda döyüşlərə və İŞİD-ə qoşulanlar əsasən sosial problemləri olan gənclərdir. Terror təşkilatçıları maliyyə vədi ilə onları şirnikləndirir və sonradan onlardan öz çirk əməlləri üçün istifadə edirlər. Yəni əvvəlcədən pul verə-verə dar düşüncəli, iradəsiz gəncləri öz təsirləri altına alırlar, sonradan isə verdikləri vəsaitin qarşılığını tələb edirlər. Çox təəssüf ki, bu da bir çox hallarda çiçəyi burnunda gənclərin həyatı bahasına başa gəlir”. "Mücahid”lərin Türkiyə vasitəsilə Suriyaya keçməsinə toxunan S.Məmmədovun sözlərinə görə, Azərbaycan və Türkiyə dövlətləri bu problem ətrafında ciddi müzakirələr keçirməli və məsələnin həllinə nail olmaq üçün

əməkdaşlıq etməlidirlər: "Suriya döyüşlərində iştirak etmək istəyən "mücahid”lərin 10 dollara "cihad yolu”nu aşma faktı bir daha göstərir ki, Türkiyə-Suriya sərhəddində boşluqlar var. Dövlətlərarası əməkdaşlıq vasitəsilə bu problemi aradan qaldırmaq olar. Amma Azərbaycan hökumətinin Türkiyəyə keçənlərin qarşısını alması mümkün deyil. Çünki kiminsə qardaş ölkəyə hansı məqsədlə üz tutduğunu müəyyən etmək olmur. İstənilən şəxs axşamdan yığışır, səhər də təyyarəyə minib, Türkiyəyə uçur. Heç kəsin onu saxlamaq səlahiyyəti yoxdu. Suriya döyüşlərində iştirak etmək niyyətində olanlar Türkiyəyə keçdikdən sonra müxtəlif yollarla sərhəddi keçir. Ya qanuni şəkildə "torpaq basdı” ödəməklə keçir, ya meşə yolu ilə qanunsuz Suriyaya daxil olur. Problemi birdəfəlik aradan qaldırmaq qəliz olsa da, dövlətlərarası əməkdaşlıq hesabına müəyyən qədər təhlükəni aradan qaldırmaq olar. Ən azından şübhəli şəxslər üzərinə izləmə qoymaqla, onları sərhəd zolağından geri qaytarmaq olar”.

Şəymən