“İsa Qəmbərə əlavə status verilməsinə ehtiyac yoxdur”

Tural Abbaslı: “Bu təklifi praktiki cəhətdən müzakirə etsək, burada nüfuz parçalanmasının şahidi ola bilərik”



"İsa Qəmbərə elə bir rəsmi status verilsin ki, o, partiyada istənilən məsələyə müdaxilə edə bilsin”. Bu təklifi Müsavatın Divan üzvü Nüşabə Sadıqlı irəli sürüb. Partiya funksioneri bildirib ki, Müsavatda hər kəs İ.Qəmbərin qurultaydan sonra partiyadakı statusu barədə düşünür. Ona görə də məsələni konkret təkliflə həll etmək lazımdır:

"İsa bəy partiyanı nəzarətsiz qoymayacaq. Onun əli hər zaman təşkilatın üzərində olacaq. Bu baxımdan İsa bəyə rəsmi status verilməsi, olduqca vacibdir”. N.Sadıqlının sözlərinə görə, İ.Qəmbərə verilən status yeni partiya başqanının səlahiyyətlərindən də üstün ola bilər: "Mənimlə həmfikir olan bir sıra şəxslər bunun üzərində düşünür. Mövqeyimizi təklif kimi qurultayda rəsmən irəli sürəcəyik. Çalışacağıq ki, təklifimiz qəbul edilsin”. Üstün səlahiyyətlərin yeni başqan tərəfindən qəbul edilməməsi ehtimalını dəyərləndirən Divan üzvü vurğulayıb ki, Müsavatda İ.Qəmbərin böyüklüyünə şübhə edən şəxs yoxdur. Ona görə də kiminsə ona üstün səlahiyyət verilməsinə razı olmayacağı gözlənilən deyil.

Təklifə münasibət bildirən Müsavat başqanlığına namizəd, partiyanın Divan üzvü Tural Abbaslı belə bir statusa ehtiyac olmadığını düşünür: "İsa bəy dəfələrlə bildirib ki, onun təsis olunacaq hər hansı statusa ehtiyacı yoxdur. Düşünürəm ki, İsa Qəmbərin şəxsi siyasi nüfuzu kifayət qədərdir. İstənilən vaxt məsələlərə müdaxilə etmək iqtidarındadır. İnanmıram ki, hansısa müsavatçı İ.Qəmbər bir postda təmsil olunmasa, onu qəbul etməsin. Bu təklifi praktiki cəhətdən müzakirə etsək, burada nüfuz parçalanmasının şahidi ola bilərik. Belə ki, qurultay keçirilir, yeni başqan seçilir, bundan əlavə də başqanın səlahiyyətlərindən üstün post yaradılır. Dolayısı ilə başqanın hüquqi olaraq idarəetmə səlahiyyətləri azalır. Bu da gələcəkdə partiyada ikitirəliyin, fikir ayrılığının yaranmasına səbəb ola bilər. Nüfuzsuz bir başqanın da hansısa məsələlərdə uğur əldə etməsi mümkün deyil. Partiyanın sadəcə bir başqanı olar, onu da qurultay seçər. Əgər İsa bəy yenidən başqan olmaq istəsə, biz qurultayda bu təklifi səsləndirə bilərik. Yəni nizamnaməyə dəyişiklik edərik. Şəxsən özüm İsa bəyin yenidən başqan seçilməsinə səs verə bilərəm. Amma xüsusi səlahiyyət verərək mövcud başqanın səlahiyyətlərinin şübhə altına alınmasının tərəfdarı deyiləm”. Partiya başqanlığına digər namizəd Arif Hacılı isə bildirib ki, əgər bu istiqamətdə hər hansı təklif olarsa və İ.Qəmbər həmin təklifi məqbul hesab edərsə, təklif qurultayda mütləq səs çoxluğu ilə qəbul olunacaq: "Təbii ki, bizim tərəfimizdən də bu təkliflərlə əlaqədar hər hansı problem ola bilməz. Onsuz da vahid komanda olaraq fəaliyyət göstəririk. Qurultaydan sonra da vahid komanda kimi fəaliyyət göstərmək niyyətindəyik. Çünki bu seçkilər digər seçkilərdən fərqli olaraq partiyadaxili seçikilərdir”.

İsmayıl