Ermənistan cəmiyyəti ikiyə parçalanıb

Ölkə boşalır, Sarkisyanı daha ağır günlər gözləyir



Ermənistan prezidenti Serj Sarkisyanın yarıtmaz addımlarından danışan erməni şərhçi İqor Muradyan prezidentlərinin ruspərəst siyasətini kəskin tənqid edib. "Gömrük İttifaqına girmək istəyini bəyan etməklə Sarkisyan uzun müddətə və möhkəm şəkildə Ermənistanı dalana dirəyib. Hətta nə vaxtsa Avrasiya və Gömrük İttifaqları dağılsa belə, bu, Ermənistanı xilas etməyəcək. Sarkisyan oyunu uduzub.

Çünki Qərb ölkələrinin rəsmi İrəvana silah satmaqdan imtina etməsi, Ermənistanın əsas silah təchizatçısı Rusiyadan asılılığını daha da artıracaq. Amma bu, hələ hamısı deyil. Azərbaycan maddi imkanlar toplusuna görə bizdən qat-qat güclüdür. Onun beynəlxalq bazarlardan tam miqdarda silah almaq imkanı var. Rusiya o qədər güclənib ki, Qərblə açıq rəqabət üçün Türkiyə və Azərbaycanla əməkdaşlığa başlayacaq. Bu isə Ermənistan üçün 1 nömrəli təhlükə olacaq”.

Erməni analitikin açıqlamasını şərh edən politoloq Qabil Hüseynli "Şərq”ə söyləyib ki, təcavüzkar ölkə cəmiyyəti ikiyə parçalanıb: "Bir qisim Ermənistanın Putinin Gömrük ittifaqına (Gİ) qatılmasını istəyirsə, başqa bir qisim Avropa Birliyi ilə assosiativ sazişə meyillənir. Avropaya inteqrasiyanı dəstəkləyənlər Sarkisyanın yürütdüyü siyasətə qarşı sərt mövqe tutublar”.

Q.Hüseynlinin sözlərinə görə, ermənilər düşünürlər ki, Gİ-a daxil olmaq Dağlıq Qarabağın sonrakı taleyi üçün ciddi problemlər yaradacaq: "Avrasiya İqtisadi Birliyi təsis edilərkən, Qazaxıstan, Rusiya və Belarusiya Ermənistana bildirdi ki, birliyə BMT-nin müəyyən edilmiş sərhədləri çərçivəsində qatıla bilər. Düşmən ölkə də razılaşdı. Həmin tədbirdə Rusiyanın siyasi aləti olan Ermənistana kürək çevirməsi ölkədə Sarkisyan əleyhinə etirazları daha da şiddətləndirdi”.

Q.Hüseynli diqqətə çatdırıb ki, dünya arenasında Ermənistana saymazyana yanaşılır: "Bunu da erməni politoloqlar yaxşı görürlər. Ermənistanın heç bir beynəlxalq imici qalmayıb. Rusiyanın qoltuqaltına çevrilmiş dövlətdir. Sakisyanın bütün məsələlərdə Putinin ağzına baxması, Ermənistan cəmiyyətində qəzəb doğurur”.

Q.Hüseynli onu da əlavə edib ki, iqtisadi potensialın və digər sahələrin inkişafı baxımından Azərbaycan Ermənistandan dəfələrlə üstündür: "Bu ölkələrin bütün sahələrdəki gücünü müqayisə etməyə dəyməz. Azərbaycan sürətli iqtisadi inkişafa və demokratik ənənələrə malik ölkədir. Ermənistanda isə Sarkisyan hökumətinin özbaşınalığı, vətəndaş mülkünün qanunsuz olaraq mənimsənilməsi, məhkəmə sistemindəki ədalətsiz qərarlar, ölkənin xirtdəyəcən korrupsiya və rüşvətə bürünməsi, əhalinin sosial durumunun ağırlığı cəmiyyəti məhv edib. Hər il ölkədən yüzlərlə erməni xarici ölkələrə üz tutur. Yaxın bir neçə ilə Ermənistan boşalacaq. Cəmiyyətin hiddətinə səbəb olan başlıca məsələlərdən biri də məmurlarla sadə vətəndaşlar arasındakı uçurumdur. Bu çox böyük problemdir. Xalqa xidmət edəcək hökumət funksionerləri onları saymır. Bütün bunlar Sarkisyan hökumətinin formalaşdırdığı sistemin bəlasıdır”.

Ayyət Əhməd