Abortların sayı artır

Bu dəhşətli faktlar daha çox qız uşaqlarının doğulması ilə bağlıdır



Azərbaycanda abort sayı ildən-ilə artır. Açıqlanan son hesabata görə, ötən 13 il ərzində abort statistikasında kəskin artım müşahidə olunub. 2000-ci ildə hər min qadına 7,8 abort düşürdü, 2013-cü ildə isə bu rəqəm 10,4-ə bərabər olub. 2000-ci ildə hər 100 doğuşa 18,4 abort, 2013-cü ildə isə 19,0 abort düşüb. Azərbaycanda hamiləliklərin 46 faizi diri doğuşla başa çatır, 49 faizi isə abortla dayandırılır. Statistik rəqəmlər isə göstərir ki, Azərbaycanda abortların üçdə ikisinin səbəbi dölün qız olması ilə bağlıdır.

Azərbaycan qanunvericiliyində bu sahə ilə bağlı boşluqlar olduğu səbəbindən də uşağın cinsinə görə, abort elətdirilməsi çoxalır. Statistika göstərir ki, Azərbaycanda doğulan oğlan uşaqlarının sayı qıza nisbətdə çoxalıb. Demoqrafik tarazlıq pozulur. Onu da deyək ki, abort dində günah, tibbdə ziyan və bir çox ölkələrdə qadağandır. Ancaq hələ də dünyada əsas problemlərdən olaraq qalmaqdadır. Bir müddət əvvəl Azərbaycanda da abortun qadağası müzakirə obyektinə çevrilmişdi. Hətta müzakirələrin nəticəsi olaraq, parlamentdə "Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında” qanun layihəsinə ediləcək əlavədə təbii yolla baş tutan hamiləliyin 3 aylığından sonra uşağın cinsinin müəyyən edilməsi ilə bağlı müayinə və selektiv abortların qadağan olunması da gözlənilən idi. Amma sonradan layihə öz aktuallığını itirdi. Tibb elmləri doktoru, professor Adil Qeybulla isə hesab edir ki, abort ancaq zərurət olduğu halda mümkündür. Yəni uşaq ana bətnində ölərsə, ağır anamoniya, yaxud da talassemiyanın ağır formasına tutularsa, həmin uşağın dünyaya gətirilməsi qətiyyən düzgün deyil. Qalan situasiyalarda isə qeydiyyatı aparılmamış sağlam uşağın abort edilməsi kriminal haldır. Belə abortlar qanundan kənar hadisə olduğu üçün cinayət tərkibi daşımalıdır. Professorun sözlərinə görə, bəzən ailələrdə aruzolunmaz hamiləliklər də olur. "Uşaq sağlamdır, doğumda da heç bir problem yoxdur, amma hamiləlik arzuolunmaz olduğu üçün "qələm”ini bəri başdan qırırlar. Nədi, valideynlər 3-4-cü uşağı istəmir. Hesab edirəm ki, maarifləndirici tədbirlər, KİV-də yayılan məlumatlar vasitəsilə belə halların qarşısını almaq lazımdır. Yəni ailələri

maarifləndirmək lazımdır ki, arzuolunmaz hamiləliyin qarşısını əvvəlcədən priventiv tədbirlər görməklə alsınlar”. Kriminal abortların qarşısının tamamilə alınmasının zəruriliyini vurğulayan A.Qeybulla da hesab edir ki, zərurət olduğu halda da abortu ancaq əlində tibbi sənədi olan həkimlər, mama - ginekoloqlar həyata keçirməlidir: "Çox təəssüflər olsun ki, abortların çoxu qeydiyyatsız, qanunsuz şəkildə müxtəlif kabinetlərdə həyata keçirilir. Hepatit viruslarının, HİV-in də kökü elə buradan qaynaqlanır. Çünki həmin kabinetlərdə ginekoloji proseduralara düzgün əməl olunmur. Qanunsuz abortla məşğul olan şəxslər qanun qarşısında öz cəzasını çəkməlidir ki, digərlərinə də görk olsun”.

"Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova isə hesab edir ki, abort birmənalı olaraq, qız uşaqlarına qarşı "soyqırım” deməkdir. Onun sözlərinə görə, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da abort qanunla qadağan olunmalıdır: "Qız uşaqlarının abort olunması, 15-20 ildən sonra demoqrafik partlayışa səbəb olacaq. Bir neçə il öncə ölkədə qadınların sayı 51, kişilərin sayı isə 49 faiz idi. Amma il keçdikdə vəziyyət qadınların əleyhinə dəyişir. Növbəti illərdə qadınların sayı lap azalacaq”.

Cinsiyyətə görə abortun qanunla qadağan olunmasının tərəfdarı olsa da, Mehriban xanımın fikrincə, bu məsələnin bəzi acı nəticələri yarana bilər: "İqtisadi durumu ağır olan ailələr cinsiyyətindən asılı olmayaraq uşaq saxlaya biləcəkmi? Qanunsuz dünyaya gələn uşağın anasının sosial müdafiəsi təmin olunacaqmı? Qadınlar üçün iş yerləri varmı? Zərif cinsin nümayəndələri aldığı məvaciblə uşağına baxa biləcəkmi? Bu problemlər həll olunmazsa, küçəyə atılan uşaqların sayı artacaq. Həmçinin, internat evlərində də kimsəsiz uşaqların sayı yüksək olacaq”.

Qız uşaqlarının kasıblığın "qurban”ı olduğunu deyən M.Zeynalovanın sözlərinə görə, uşaq dünyaya gələn zaman valideynə verilən süd pulunun məbləği artırılmalıdır: "Bir sıra Avropa ölkələrində qadının hamilə olduğu dönəmdən tutmuş, uşağın dünyaya gəlməsi üçün tələb olunan xərc dövlət tərəfindən ödənilir. Azərbaycanda da qadının hamiləlik prosesinin mütəmadi olaraq həkim tərəfindən izlənməsi və doğuş prosesi pulsuz olarsa, abortun qarşısı az da olsa alınmış olar. O təklif edir ki, uşaqların cinsiyyətə görə abort olunması haqqında qanun qəbul olunarsa, hamilə qadınların hüquqları nəzərə alınsın”. Uşağın cinsiyyəti ilə bağlı aborta gəldikdə isə, Birlik sədri bunun daha çox adət-ənənələrlə bağlı olduğunu düşünür: "Yəni böyük əksəriyyət oğlan uşağına varis kimi baxır. Həmçinin oğulun olmaması, bir növ qınaq kimi də qəbul olunur, yəni "oğlun yoxdursa, sən kişi deyilsən”. Bir çox hallarda isə abort qadınlar tərəfindən könüllü şəkildə icra olunur ki, bu da psixoloji təsirdir”.

Şəymən