Kriminalist də istisna edir

Müğənni Sura ilə suda boğulan Amilin ölümü arasında bağlılıq inandırıcı görünmür



Bir neçə gün əvvəl intihar edən gənc müğənni Sura Tahirqızı ilə suda boğulan Amil Əsgərovun ölümü arasında hansısa bağlılıq olduğuna dair iddialar üzə çıxıb. Hər ikisi Qafqaz Universitetinin tələbəsi olan bu gənclərin həmyaşıd olması və müğənninin özünə qəsdən əvvəl Amil adlı tələbə yoldaşı ilə danışması, onlar arasında əlaqə ehtimalını daha da artırır.

Qeyd edək ki, Qafqaz Universitetinin vəfat etmiş hər iki tələbəsinin 21 yaşı olub. Müğənni-bəstəkar olan Sura Əsgərli Buzovna qəsəbəsi Qaçaq Nəbi küçəsində yaşadığı evdə özünü asıb. Amil Əsgərov isə Lənkəranda dənizdə boğulub. Gənc oğlanın Lənkəranda çimərlikdə olarkən suda boğulduğu bildirilir. Onun intihar məqsədi ilə suya girməsi də istisna edilmir.

Maraqlısı isə odur ki, Sura Əsgərlinin intiharından sonra açıqlama verən anası qızının son dəfə Amil adlı tələbə yoldaşı ilə danışdığını bildirib. Ana qızının mobil telefonunu polisə verməzdən əvvəl özü yoxladığını qeyd edib. Həmin universitetin Amil adlı tələbəsinin elə həmin gün naməlum şəraitdə ölməsi, bu iki faciəvi olay arasında bağlılığın olması ehtimalını artırıb.

Hər iki ölüm faktı ilə bağlı hüquq-mühafizə orqanları araşdırmalar aparır.

Kriminalist ekspert İlqar Altay hesab edir ki, yalnız hər iki faktla bağlı araşdırma apardıqdan sonra iki faciəvi olay arasında bağlılığın olub-olmadığını müəyyən etmək olar: "Hər iki ölüm faktı ilə bağlı prokurorluq orqanları tərəfindən araşdırma aparılmalıdır və yəqin ki, aparılacaq da. İlk növbədə, Amil Əsgərovun suda boğulmasının intihar faktı və ya bədbəxt hadisə olması öyrənilməlidir. İntihar ehtimalı özünü doğrultduğu halda isə onun səbəbləri və hər iki gənc arasındakı münasibətlər araşdırılmalıdır. Düzdür, bir çox hallarda intiharın səbəblərini müəyyənləşdirmək o qədər də mümkün olmur. Hər halda, prokurorluq orqanları bacardıqları qədər buna nail olmağa çalışmalıdır. İstənilən halda, hər iki hadisə araşdırılmalı və şübhəli məqamlar qarşılaşdırılmalıdır. Ancaq ondan sonra Sura və Amilin ölümü arasındakı bağlılıq ehtimalının həqiqətə uyğun olub-olmadığı ortaya çıxacaq”.

Hər hansı bir adamın intihar etdiyini müəyyənləşdirməyin qəlizliyinə toxunan kriminalistin sözlərinə görə, Amil durumu kimi müəmmalı ölümləri araşdırmaq o qədər də asan olmur: "Bu cür ölümlər konkret cinayət məsələsi olmadığı üçün hədəf məlum olmur. Kriminal hadisələr zamanı istintaq cinayət üzrə başlayır və cinayətkarın müəyyənləşdirilməsi istiqamətində davam etdirilir. Amma intihar olayları məişət məsələsi olduğu üçün nəticəyə varmaq bir qədər çətin olur. İnsanlar müxtəlif səbəblərdən özünə qəsd edə bilir. Sevgi uğursuzluğu yaşayanlar, ailəsindən küsənlər üçün intihar yeganə çıxış yoludur. Eləsi var ali məktəbə daxil ola bilmədiyi, bəzilərinə evdə paltar alınmadığı, birinə də evdə internetə girməyə, telefondan istifadəyə icazə verilmədiyi üçün bir başqası da sosial problemlər ucbatından intihara əl atır. Özünə qəsdən sonra isə bu səbəbləri ortalığa çıxarmaq prokurorluq orqanları üçün heç də asan məsələ deyil. Çox nadir hallarda məişət zəminində baş verən intiharların səbəbləri aşkar edilir. O qədər adam var ki, səbəbsiz yerə intihar fikrinə düşür. Dəniz kənarına gəzməyə gedir, əhval-ruhiyyəsi yaxşı olmur, həyatda öz yerini tapa bilmədiyi üçün yaşamağı lazım bilmir və özünü dənizə atır. Bəlkə də, o ana qədər həmin adamın heç vaxt intihar etmək kimi bir istəyi olmayıb. Ona görə də intiharın müəyyən olunması bir qədər çətinliklər doğurur. Əgər özünə qəsd edən şəxs konkret olaraq intihar səbəbini məktub yazmaqla, yaxud da kimlərəsə deməyibsə. Bir sözlə, Amil Əsgərovun intihar edib-etmədiyini öyrənmədən onun ölümü ilə müğənni Suranın ölümü arasındakı bağlılıq ehtimalını müəyyən etmək real deyil”.

Qeyd edək ki, suda boğulduğu iddia edilən Amilin tələbə yoldaşlarından biri onun intihar etmə ehtimalının əsassız olduğunu və Amilin ölümünün Sura ilə heç bir əlaqəsi olmadığını deyib. Onun sözlərinə görə, Amil Suranı heç tanımırdı. Amil Əsgərovun qrup yoldaşı olduğunu deyən və adının açıqlanmasını istəməyən tələbə bildirib ki, müğənni Suranın intiharı ilə Amil Əsgərovun ölümü arasındakı hər hansı bir bağlılıq ehtimalı barəsində mətbuatda yazılan məlumatlar həqiqəti əks etdirmir: "Biz Universitetdə eşitdik ki, Sura adlı qız intihar edib. Bizim Sura ilə heç bir əlaqəmiz olmayıb. Bizim korpus başqadır, onların korpusu başqa. Onlar pedaqoji korpusda oxuyurlar, bizim fakültəmiz dünya iqtisadiyyatıdır. Yəni, Amilin Sura ilə heç bir əlaqəsi ola bilməz. Amil xaricdə təhsil almağa hazırlaşırdı. Onun planları çox geniş idi. O heç vaxt intihar edə bilməzdi. Həyat eşqi ilə yaşayan bir insan idi. Lənkərana da istirahətə getmişdi”.

Tələbə yoldaşının sözlərinə görə, Amil Suradan bir gün sonra dünyasını dəyişib: "Lap tutaq ki, Amil adlı biri ilə axırıncı dəfə danışıb, bəs yaxşı demirlər ki, bu Amilin familiyası yoxdur? Bu ölkədə bir Amil var elə? Həm Sura Amildən bir gün əvvəl intihar edib. 24-ü Sura intihar edib, 25-i 7-yə 20 dəqiqə işləmiş Amil boğulub”.

Şəymən