“İlqar Fəhmini də vaxtından əvvəl qocaldacaqlar”

Gənc yazarlar yeni katib təyinatına fərqli münasibət sərgilədilər




Məlum olduğu kimi, Azərbaycan Yazıçılar Birliyinə yeni katib təyin olunub. AYB-dən verilən məlumata görə, "Ulduz” jurnalının baş redaktor müavini İlqar Fəhmi bu posta gətirilib. Gənc yazıçı və şairlərin yeni katib haqqında fikirləri birmənalı deyil. Onların bir qisminin fikrincə, İ.Fəhminin katib seçilməsi, AYB-yə heç bir dəyişiklik gətirməyəcək. Amma fərqli düşünənlər də var.

"İlqarın xarakterinin müsbət cəhətləri onun katiblik fəaliyyətində də öz əksini tapacağına ümid edirəm”.

Kulis.az saytının baş redaktoru Qan Turalı İlqar Fəhmini istedadlı və peşəkar yazıçı kimi tanıdığını bildirib: "Ədəbiyyat mühitindəki qalmaqallardan uzaq, hər bir insanla çox gözəl münasibətlər qurmağı bacaran, zəhmətkeş şəxsdir. Bu baxımdan İlqarın xarakterinin müsbət cəhətləri onun katiblik fəaliyyətində öz əksini tapacaq. Mərhum, keçmiş katib Arif müəllimin yolunu davam etdirəcəyini düşünürəm. Digər tərəfdən, İlqar kifayət qədər gəncdir, onun bu quruma gəlişi ilə ümumi kordinal dəyişikliklər yaranaraq müsbət nəticələr olacaq”.

"İlqar Fəhminin yaradıcılığı mənim üçün hələ də gizlidir”.

Aqşin Yeniseyə görə isə İlqar Fəhminin katib olması, digər təyinatlar kimi AYB-yə heç bir müsbət dəyişiklik gətirməyəcək: "İlk öncə onu deyim ki, İlqar Fəhminin yaradıcılığı mənim üçün hələ də müəmmalı və gizlidir. Digər tərəfən YB-də bir nəfərin ömürlük hakimiyyəti qurulub. Anar müəllim hansı məsələdə necə münasibət bildirəcəksə, İlqar bəy də onu həyata keçirəcək. Yəni onun yaşının az və gənc olması o demək deyil ki, o gəncliyə yeni qapı açacaq. Bu "postlar” gənclərə ona görə həvalə olunur ki, onları vaxtından əvvəl qocaltsınlar. Diqqət etsəniz "Ulduz» və "Azərbaycan» jurnalında, "Ədəbiyyat» qəzetində nə qədər kadr dəyişiklikləri oldu. Lakin yeniləşmiş bu ədəbi mətbu orqanda yazılan əsərlər hansı dəyişikliklərə və yeniliklərə imza atdı? Yenə də "köhnə hamam, köhnə tas» misalı olacaq.


"AYB sovetdən qalmış kondisioner zavodudur”

O, YB-ni sovetdən qalmış kondisioner zavoduna bənzədib: "Onun istehsal etdiyi kondisioner heç kimə lazım deyil. Çünki dünyada daha ucuz və keyfiyyətli sərinkeşlər istehsal edilir. Amma biz süni şəkildə mənəviyyatımızın istisini hələ də bu təşkilatın istehsal etdiyi kondisionerlərlə çıxarmaq istəyirik. Kim istəyir bu cür, kim də istəmir Avropanın ədəbiyyat klublarında və Rusiyanın ədəbiyyatından faydalanır”.

İ.Fəhminin digər yazıçı həmkarı Kəramət Böyükçöl onun AYB-yə gəlişi ilə elə ciddi dəyişikliklər olacağına inanmır: "Ümumiyyətlə, bu təşkilatın tipi dəyişməlidir”.

Gənç yazıçının fikrincə, İ.Fəhmi müəyyən şərtlərlə o vəzifədə çalışacaq: "O da bu öhdəliklər əsasında eyni işləri həyata keçirəcək”.

Onun fikrincə, İ.Fəhmi xaraktercə həvəssiz bir insandır: "Necə ki, könlü olmayan bir gəlini köçürəndə əhval-ruhiyyəsi olmur. Həmçinin İ.Fəhmi də AYB-də, ədəbi meydanda həvəssiz, kefi olmayan bir şəxsdir. Qulağına qulaqcıq qoyub, öz işi ilə məşğul olur. Heç nəyə əhəmiyyət verməyən, kimin yanından gəlib keçməsinin fərqinə varmayan biridir”.

Fikirlərinin sonunda o, İ.Fəhminin yaradıcılığını bəyənmədiyini də açıqlayıb: "O qəzəllər yazır, qəzəllər də əvvəlcədən müxtəlif şairlər tərəfindən yazılıb. İndiki dövrdə qəzəl yazmaq Londona uzunqulaqla getmək kimidir”.

Qeyd edək ki əvvəllər bu vəzifəni Arif Əmrahoğlu icra edib, A.Əmrahoğlu bu il iyunun 19-da dünyasını dəyişdiyinə görə, AYB-də katiblik yeri boş qalmışdı.

Vüqar Şahinoğlu