ABŞ çox passivdir

“Amerika münaqişədə aktivlik nümayiş etdirmək istəyirsə, düşmən ölkəyə təzyiq göstərməlidir”




Rusiyanın regionda nüfuzunun artması, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında təşəbbüsü ələ alması, Azərbaycan-Ermənistan prezidentlərinin Soçi görüşündə vasitəçi rolunda çıxış etməsi, rəsmi Vaşinqtonu narahat etməyə başlayıb. Ona görə də Amerika Dağlıq Qarabağ probleminin dinc yolla həllini əsas tutaraq hərəkətə keçib. Azərbaycan-Ermənistan rəhbərlərini intensiv görüşlərə səsləyir və bu istiqamətdə canfəşanlıq edir. Bununla da tərəflər arasında itirdiyi vasitəçiliyini bərpa etməyə çalışır.

Belə ki, ötən günlərdə ATƏT-in ABŞ-dan olan həmsədri Ceyms Uorlik bildirib ki, yaxın zamanlarda Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü baş tuta bilər. "Dövlət başçıları NATO-nun Uelsdə keçiriləcək sammitində və ya BMT Baş Assambleyasının iclasında görüşə bilər”.

Məlumat üçün bildirək ki, NATO-nun sammiti sentyabr ayının 4-5-də Uelsin paytaxtı Kardifdə reallaşacaq.

ABŞ-ın "Azərbaycan təəssübünü” şərh edən "Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu "Şərq”ə açıqlamasında qeyd edib ki, rəsmi Vaşinqton özünü uzun illərdir münaqişənin həllindən kənarlaşdırıb. Onun sözlərinə görə, Barak Obama Amerikaya rəhbər seçiləndən Ağ Ev Dağlıq Qarabağ məsələsinə maraq göstərmir: "2000-ci illərin başlanğıcında Amerikanın vasitəçiliyi hiss olunurdu. Son 5-6 ildir ki, ABŞ yaxasını kənara çəkib. Moskva fürsətdən istifadə edərək, təşəbbüsü ələ alıb. Demək olar ki, son vaxtlar əksər zəruri tədbirlər Rusiyada baş tutur. Nümunə kimi Soçi görüşünü göstərə bilərik”.

Prezidentlərin növbəti görüşünə gəlincə, ekspert söyləyib ki, bunun baş tutub-tutmayacağı hələ sual altındadı: "Azərbaycan prezidenti bir neçə dəfə vurğulayıb ki, imitasiya naminə görüşlərdə iştirak etməyəcək. Real addımlar gözləyirik. Hesab edirəm ki, növbəti görüşdə simvolik xarakter daşıyacaq. Nəticə olacağını düşünmürəm. Çünki Amerika münaqişənin həllində deyil, atəşkəsin qorunmasında və status-kvonun saxlanılmasında maraqlıdır. Bu da ölkəmizin maraqlarına uyğun deyil. Amerika prosesi uzatmaqla məşğuldursa, görüşdən səmərə gözləməyə dəyməz”.

E.Şahinoğlu onu da əlavə edib ki, Amerika münaqişədə aktivlik nümayiş etdirmək istəyirsə, düşmən ölkəyə təzyiq göstərməlidir: "Hazırda ABŞ konqres vasitəsilə Dağlıq Qarabağ separatçılarına maliyyə yardımı ayırır. Deməli istəsə, Ermənistana və separatçılara təsir göstərə bilər. Düzdü, rəsmi Vaşinqton ölkəmizin ərazi bütövlüyünü tanıyır. Amma məsələnin nizama salınmasında çox passivdir. Aktivlik gözləyirik. Çünki təhlükəsizlik məsələlərində ABŞ-la çox sıx əlaqələrimiz var. Amerika dəfələrlə qeyd edib ki, bölgədə Azərbaycana böyük ehtiyacı var. Ehtiyacı varsa, milli təhlükəsizliyimizə və maraqlarımıza diqqət yetirməlidir. Münaqişənin həllində rolunu artırmalıdır. Bəyanat verməklə, narahatlıq hissi ifadə etməklə problem həll olunmur. Amerika rolunu artırmayacaqsa, danışıqların uzanmasında maraqlı olacaqsa, münaqişənin dinc həllinə heç bir töhfə verə bilməyəcək”.

Ayyət Əhməd