QAT Qarabağ həqiqətlərini İranda da tanıtdırır

Akif Nağı: “Burda da bizim işimizə kifayət qədər əngəllər var”



Qarabağ Azadlıq Təşkilatı (QAT) ilə İran dairələri arasında erməni işğalına qarşı mübarizədə mühüm razılaşmalar əldə edilib. QAT sədri Akif Nağı, sədr müavini Gültəkin Quliyeva, İdarə Heyətinin üzvü Nəsib Cəfərov, QAT Ali Məclisinin üzvü, Şuşa batalyonunun sabiq komandiri Fəxrəddin Səfərovun daxil olduğu nümayəndə heyəti Təbriz şəhərində 4 günlük səfərdə olublar.

Səfər zamanı Təbrizin elm, təhsil müəssisələrində, digər yerlərdə çoxsaylı görüşlər keçirilib, Dağlıq Qarabağ münaqişəsinə dair söhbətlər aparılıb, kitablar paylanıb, Qarabağa dair informasiya guşələri yaradılıb. Azərbaycan, türk, fars, ərəb, ingilis dillərində yazılmış "Qarabağ -Yaddaş kitabı”, "Xocalı soyqırımı”, "Qarabağ müharibəsi. Qısa tarix”, "Qarabağ debatları”, "Qarabağ gündəliyi”, "Quba Məzarlığı - erməni cinayətlərinin qanlı izi”, "Qarabağ dünən, bu gün və sabah” və digər kitablar Təbrizdə ciddi maraq doğurub, bu kitablara ehtiyacın olduğu dəfələrlə vurğulanıb. Müzakirələrin gedişində orta əsrlərə aid mənbələrin üzərində işlənilməsi və çap olunması, Qarabağın tarixinin qədim mənbələr əsasında öyrənilməsinə xüsusi diqqət ayrılması, məşhur qarabağlı alimlərin həyat və yaradıcılığının İran mənbələri əsasında öyrənilməsi, Qarabağa dair birlikdə fars dilində kitabların hazırlanması, gətirilən kitabların hamısının fars dilinə və əski əlifbaya çevrilməsi barədə təkliflər irəli sürülüb.

Keçirilən müzakirələrin əhəmiyyəti və bu istiqamətdə qarşılaşdıqları maneələrlə bağlı "Şərq”ə danışan Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının sözlərinə görə, Qarabağ həqiqətləri ilə bağlı müzakirələr keçirilməsinə mane olmaq istəyən qüvvələr çoxdur. O bildirib ki, belələri İranda da, Gürcüstanda da, Türkiyədə də var: "Azərbaycanla region dövlətləri arasındakı münasibətlərin yaxşı olmasını istəməyən qüvvələr bizdə də, onlar tərəfdə də var. Biz hər dəfə qonşu ölkələrdə görüş keçirən zaman bu cür insanlarla qarşılaşırıq”. Belə müzakirələrin müxtəlif qonşu ölkələrdə iki ilə yaxındır ki, mütəmadi olaraq keçirildiyini vuğulayan A.Nağı ilk başlarda onların bu addımının Azərbaycan cəmiyyətində birmənalı qarşılanmadığını da deyib: "Ancaq biz hesab edirik ki, digər məsələlərlə yanaşı Qarabağ məsələsi ilə bağlı region dövlətləri ilə məsləhətləşmələr olmalıdır. Biz Ermənistanı regiondan təcrid etmək üçün bu cür müzakirələri davam etdirməliyik. QAT olaraq, 10 ilə yaxındır bunun təbliğatını aparır və 2 ildən artıqdır ki, bu istiqamətdə konkret addımlar atırıq. Yəni bir ictimai təşkilatın əlində olan imkanlar daxilində Türkiyədə, İranda və Gürcüstanda bu cür toplantılar keçirməklə Qarabağ həqiqətlərinin dünyada tanıdılması istiqamətində təbliğat aparırıq. Son aylar ərzində Türkiyədə də neçə belə tədbirlər keçirmişik”.

Qarşılaşdıqları müqavimətlərə rəğmən öz yollarından çəkinmədiklərini vurğulayan QAT sədrinin sözlərinə görə, məhz bu cür müzakirələrin qarşısını almaq üçün onun Gürcüstana keçməsi qadağan olunub: "Görünür, bizim Qarabağla bağlı keçirdiyimiz müzakirələr ermənilərin maraqlarına ciddi zərbə vurub ki, onlar da əllərindən gəldiyi qədər bizim görüşlərimizə mane olmaq istəyirlər. Amma heç nəyə nail ola bilməyəcəklər. Məni Gürcüstana buraxmasalar da, QAT-ın digər üzvləri orada müzakirələri davam etdirir. Təşkilatın Tiflisdə səfərdə olan nümayəndə heyətinin iştirakı ilə toplantı keçirilib və QAT-ın Gürcüstan nümayəndəliyi yaradılıb.

İranda da bizim işimizə kifayət qədər əngəllər var. Hətta ötən il Təbriz Universitetində böyük bir beynəlxalq konfrans keçirməyə hazırlaşırdıq ki, tədbirə bir həftə qalmış naməlum səbəbdən tədbir ləğv olundu. Hansı ki, həmin konfransa dünyanın bir çox ölkələrindən nümayəndələr də dəvət edilmişdi”.

Bütün manelərə və təzyiqlərə rəğmən Qarabağ problemini Azərbaycan öz gücünə həll etməlidir deyən təşkilat sədrinin sözlərinə görə, bu mübarizədən zərərsiz çıxmaq üçün Azərbaycanın ciddi və güclü müttəfiqləri olmalıdır. Biz öz müttəfiqlərimizi də yalnız qonşuluqda axtarmalıyıq.

Keçirilən müzakirələrin əhəmiyyətindən danışan A.Nağının sözlərinə görə, bu cür görüşlərin əhəmiyyəti olmasaydı, ona müqavimət də olmazdı: "Bütün dövrlərdə dövlətlərarası münasibətlərlə yanaşı, cəmiyyətlərarası münasibətlərə də ehtiyac duyulub. Bizim təbliğ etdiyimiz xətt dövlətin atacağı addımlar üçün bir sınaq xarakteri daşıyır. Biz neçə illər əvvəl bəyan edirdik ki, region dövlətlərindən ibarət bir format yaradılmalıdır və Ermənistan bu formatın xaricində qalmalıdır. 4-5 il bundan əvvəl biz bu cür bəyanat yayanda bizi tənqid edənlər də, belə bir formatın mümkün hal olmadığını vurğulayanlar da oldu. Əksəriyyət hesab edirdi ki, region dövlətlərinin Ermənistanı təcrid edərək hər hansı bir format yaratmasına beynəlxalq güclər razı olmaz. Amma faktiki olaraq, bu gün Ermənistan kənarda qalmaqla dövlət başçıları, xarici işlər nazirləri, müdafiə nazirləri səviyyəsində formatlar yaradılıb. Azərbaycan-İran-Türkiyə XİN başçıları 6 aydan bir görüşürlər. Eləcə də, Azərbaycan-Gürcüstan-Türkiyə dövlət başçıları, xarici işlər nazirləri səviyyəsində görüşlər müntəzəm olaraq baş tutur. İşğalçı

Ermənistan isə bu cür görüşlərdən kənarda qalıb. Bu mənada deyə bilərəm ki, region dövlətləri arasında bu cür isti münasibətlərin formalaşmasında QAT və digər QHT-lərin keçirdiyi müzakirələrin, seminarların böyük əhəmiyəti var”.

Şəymən