İsa Qəmbər başqanlıqdan gedir, “Müsavat”ı nə gözləyir?

Siyasilərin əksəriyyəti parçalanmanın olacağını istisna etmirlər



Müsavat Partiyası qurultay hazırlıqlarına başlayıb. Qurultaydan əsas gözlənti təşkilata uzun illərdir başqanlıq edən İsa Qəmbərin vəzifəsindən getməsidir. Amma qurum rəhbərinin bu addımı müxalifət düşərgəsində birmənalı qarşılanmır. Kimi bunu təşkilatın parçalanacağı ilə izah edir, kimi isə bunun zəruri nizamnamə təşəbbüsü olduğunu söyləyir.

Xatırladaq ki, artıq bir müddətdir sədrliyə namizədlərin adları açıqlanıb. 10-a yaxın qurum təmsilçisi namizədliyini irəli sürsə də, onlardan 3-ü təşkilatın divan üzvü, Qubad İbadoğlu, icra aparatının rəhbəri Arif Hacılı və digər Divan üzvü gənc siyasi fəal Tural Abbaslı favorit sayılır.

Qurultaydan gözləntiləri və İ.Qəmbər başqanlıqdan getməsi barədə "Şərq”ə danışan Azəırbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, təşkilatda İsa bəyi əvəzləyəcək şəxslər var: "Amma təşkilatın qorunmasında və inkişafında onun qədər olacaqlarına inanmıram”.

İsa bəydən sonra qurumda baş verəcək parçalanma ehtimalına gəlincə, S.Cəlaloğlu vurğulayıb ki, bu mümkün haldı: "Siyasi təşkilatlar ideologiya və müəyyən liderlərə görə formalaşır. Bu baxımdan liderin dəyişilməsi, liderə görə seçim edənlərin mövqelərinə yenidən baxmasına gətirib çıxarır. İndiki diskussiyalar da göstərir ki, onun yerinə iddia edən şəxslər fərqli mövqedə olan insanlardı. Yeni rəhbərlik formalaşacaqsa, bu qrupların bir yerdə fəaliyyət göstərməsi mümkün görünmür”.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədr müavini Əli Oruclu söyləyib ki, İ.Qəmbərin sədrlikdən getməsi partiya daxilində müəyyən problemlərə yol açacaq: "Azərbaycanda təşkilatlar liderlər ətrafında formalaşır. Hesab edirəm ki, İ.Qəmbərdən sonra "Müsavat”da ciddi parçalanmaların olması gözləniləndir”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı bəyan edib ki "Müsavat”da baş verən son hadisələrdə məsuliyyət birbaşa İ.Qəmbərin üzərinə düşür. Baş verənlərə görə, günahkar İsa Qəmbərin özüdür. Onun sözlərinə görə, qurultayın gecikdirilməsi də İ.Qəmbərin oyunudur: "Artıq bir neçə ildir ki, partiya daxilində onun başqanlıqdan getməsini istəyən xeyli insan var. Bu adamlar başa düşürlər ki, yaxın gələcəkdə İ.Qəmbərlə heç bir uğur qazanmayacaqlar. Yeni başqanla hansısa uğura imza ata biləcəyinə ümid edirlər. Əslində bu adamların yanaşması doğrudur. İyirmi üç ilə yaxındır ki, o, başqan vəzifəsindədir. Heç bir uğur əldə edilməyib. Eyni siyasət və uğursuzluq davam edir”.

BAXCP rəsmisi bildirib ki, İ.Qəmbərin qurultay keçirməyəcəyi halda partiya parçalanacaq: "Müsavatçılar İ.Qəmbərə sonuncu şansı veriblər. Sentyabrda qurultay keçirilməsə, partiya iki hissəyə parçalanacaq”.

N.Orduxanlı qeyd edib ki, partiya daxilindəki narazılıqlara baxmayaraq, İ.Qəmbər başqanlıqda qalmağa israrlıdır: "O, nəyin bahasına olursa-olsun başqanlıqda qalmağa çalışır. Hazırda qurum daxilində ikitirəlik yaranıb. Bir qrup partiyanın başqanlığına Arif Hacılının gəlməsinin tərəfdarıdır. Digər qrup isə İ.Qəmbəri dəstəkləyir. Bu şəxslərdən elələri var ki, onun başqanlıqdan gedəcəyi halda vəzifəsini itirəcəyini bilir. İ.Qəmbər partiyanın qurultayını yaxın vaxtlarda keçirməsə, daha çox qopmaların şahidi olacağıq”.

"Müsavat”ın sabiq başqan müavini Qabil Hüseynli deyib ki, təşkilat qurultay keçirib, yeni başqan seçsə də, partiyaya yenidən İ.Qəmbər liderlik edəcək: "Onun mövqeyi əsas götürüləcək və yeni başqan onun təlimatı əsasında fəaliyyət göstərəcək. İ.Qəmbərin yenidən seçilməsi Nizamnaməyə ziddir. Bu o demək deyil ki, o, partiya ilə birdəfəlik yollarını ayıracaq. Müsavatda başqanlığına kimin gələcəyindən asılı olmayaraq, son söz demək haqqı yenidən İ.Qəmbərdə olacaq. Azərbaycanın təcrübəsində biz belə haları ALP-də Lalə Şövkətin, AMİP-də Etibar Məmmədovun simasında görmüşük. Onlar faktiki olaraq partiya sədri deyillər. Amma yaratdıqları mənəvi liderlik institutu vasitəsilə bütün təsir rıçaqlarını əllərində saxlayırlar. Müsavatda da belə olacaq. İ.Qəmbər getsə də, partiyanın mənəvi lideri kimi qalacaq və təsir imkanlarını əlində saxlayacaq”.

Klassik xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyublunun qənaətincə, İ.Qəmbər hələ ki partiyada qalmalı idi: "Onun getməsini dəstəkləmirəm”.

Ayyət Əhməd