“Poroşenko razılaşmır, Putin tələsir”

Vəfa Quluzadə: “Kreml rəhbəri çalışır ki, qısa zamanda Luqansk və Donetski müstəqil elan etsin”



Rusiya-Ukrayna müharibəsi dünyanın diqqətini yenidən bu bölgəyə yönəldib. Bir neçə gün öncə Belarusun paytaxtı Minskdə Ukrayna böhranı ilə bağlı müzakirələrin problemin həlli istiqamətində müsbət rol oynayacağı gözlənilsə də, bu baş vermədi. Minsk toplantısında Ukrayna prezidenti Pyotr Poroşenkonun Rusiya prezidenti Vladimir Putinlə soyuq şəkildə əl sıxması, müəyyən ümidlər formalaşdırmışdı. Lakin bu könülsüz əl sıxma sanki müharibənin ikinci dalğasını yaratdı.

Artıq Rusiyaya məxsus hərbi texnikanın və əsgəri qüvvənin Ukrayna sərhədlərini keçdiyi, Donetsk və Luqanskdakı separatçı qüvvələrə dəstək verdiyi haqqında informasiyalar dünya mediasında işıqlandırılır. Bu məsələdə Ukraynanı dəstəklədiyini bildirən Qərb isə Rusiyaya qarşı hələ ki, iqtisadi sanksiyalar tətbiq etməkdən o yana keçmir.

Rusiya-Ukrayna müharibəsinin yeni fazaya qədəm qoyduğunu bildirən "Xəzər” Araşdırmalar Fondunun rəhbəri, politoloq Vəfa Quluzadə "Şərq”ə deyib ki, bunun səbəbi Putinin şərtləri ilə Poroşenkonun razılaşmamasıdır...

- Minskdəki görüşdə Rusiya Poroşenkonu yola gətirmək istədi ki, şərtlərlə razılaşsın. Rusiya prezidentinin şərtləri də budur ki, Donetsklə Luqanskın müstəqilliyi tanınsın və Ukrayna parçalansın. Bundan sonra da parçalanmış Ukraynanın rəhbəri kimi Poroşenko Rusiya ilə əməkdaşlıq etsin. Amma bu Putinin sadəcə olaraq xəyalı kimi qalacaq. Birincisi, Poroşenkonun bu cür addım atmağa imkanı yoxdu. Əgər Poroşenko Putinlə sövdələşməyə getsəydi, onu həmin dəqiqə Ukraynada impiçiment elan edib vəzifəsindən atacaqdılar. İkincisi də, Putinin şərtləri tamamilə qəbulolunmazdır. Poroşenko da bu səbəbdən razılaşmadı. Bundan sonra Putin "B” variantına keçdi. Bu variant da güc tətbiq etmək yoludur. Donetsk və Luqanskdakı separatçıları artıq Ukrayna hakimiyyəti məğlub edirdi ki, o bölgəyə yenidən Rusiya hərbi texnikası, əsgəri qüvvəsi yollandı. Bununla da müharibə yenidən aktiv fazaya keçdi. Bu problem nə zaman həll olunacaq, proqnozlaşdırmaq o qədər də asan deyil. Çünki bu açıq bir prosesdir. Aydındır ki, Ukraynanı Qərb dəstəkləyir. Ona görə də Qərb-Rusiya qarşıdurması göz qabağındadır.

- Qərb də sanksiyalarla kifayətlənir...

- Məsələ ondadır ki, Qərb hələlik sanksiyalardan istifadə edir, güc variantından yox. Xüsusən də Amerika Rusiyaya qarşı iqtisadi, siyasi və diplomatik rıçaqlarını işə salıb. Bununla da Rusiyanı yerində oturtmaq niyyətindədirlər. Gözləmək lazımdır ki, Qərb aləminin bu tədbirləri hansı nəticə verəcək. Əgər müsbət nəticə alınmasa, istiqamət yəqin ki dəyişəcək.

- Rusiya bu prosesdən qalib çıxa bilərmi?

- Bu mümkün deyil. Putinin qələbəsi olarsa, bununla birinci növbədə Ukrayna xalqı razılaşmayacaq. Partizan müharibəsi şəklində də olsa, müharibə davam edəcək. İkincisi də, heç vaxt Qərb bu təcavüzün nəticələrini tanıya bilməz. Ona görə də Putin qalib olsa, Rusiyanın əleyhinə iqtisadi müharibə aparılacaq. Bu da Rusiyanın dünyadan təcrid olunmasına gətirib çıxaracaq. Belə proses dünyaya yaxşı heç nə vəd etmir.

- Yəni Rusiyanın təcrid olunması dünya üçün lazım deyil?

- Rusiyanın dağılması da heç kimin xeyrinə deyil. Nüvə dövləti, başdan ayağa silahla dolu olan böyük bir ölkənin dağılması dünyaya hansı xeyiri verəcək? Amma reallıq budur ki, Rusiya dağılmağa doğru sürətlə irəliləyir. Gözləyək görək bu proseslərdən Putin nə zaman geri çəkiləcək. Görünən isə odur ki, Putin tələsir. Kreml rəhbəri çalışır ki, qısa zamanda Luqansk və Donetski müstəqil elan etsin. Kiyevə çağırış edir ki, bu vilayətlərin müstəqilliyini tanı və atəşkəs elan edək. Amma necə? Atəşkəs necə yarana bilər ki, Ukraynanın iki vilayəti Rusiyanın köməyi ilə müstəqilliyini elan etmək istəyir. Atəşkəs o zaman mümkündür ki, Ukrayna hakimiyyəti Donetsklə Luqanskdakı separatçıları tərksilah edəcək, danışıqlara başlayacaq. Bu halda atəşkəs mümkündür. Bu baş vermədən atəşkəsin yaranması Ukraynanın zərərinədir. Bunu Poroşenko gözəl anlayır. Ona görə də, Putinin şərtləri ilə Poroşenkonun razılaşması real görünmür.

- Qərbin, xüsusən də Amerikanın əlində Rusiyaya qarşı sanksiyalardan başqa hansısa təsir vasitəsi varmı?

- Amerikanın, Avropanın Rusiyaya qarşı istifadə edə biləcəyi bütün təsir vasitələri mövcuddur. Bu təkcə iqtisadi sanksiyalardan ibarət deyil. Amerika, NATO bu gün həm iqtisadi cəhətdən, həm də hərbi cəhətdən Rusiyadan çox üstündürlər. Lakin onlar prosesləri əsgəri qarşıdurma səviyyəsinə gətirmək istəmirlər. Amma onu da deyim ki, Amerika, Qərb aləmi hərbi müdaxilə prosesinə də hazırlıq görürlər. NATO artıq regionda güclərini artırmaqdadır. Bu göz qabağındadır.

- Rusiya-Ukrayna qarşıdurmasının Qarabağ probleminin həlli məsələsinə də təsirləri varmı?

- Bütün hallarda dünyada gedən proseslərin Qarabağ məsələsinə öz təsirləri var. Rusiyanın Ukrayna ilə müharibədə uduzması bizim xeyrimizə olar. Amma əksinə, bu müharibədə qələbəsi, Azərbaycan üçün çox pis nəticə verəcək. Düzdü, mən Rusiyanın qələbə qazanacağına inanmıram, amma belə olarsa, vəziyyət dəyişəcək. Müharibədən qalib ayrılan Rusiya bundan sonra diqqətini Azərbaycanla, Qazaxıstana yönəldəcək, bu ölkələrlə münasibətləri aydınlaşdırmağa çalışacaq. Hazırda isə Ukrayna böhranı yaşanır. Bu məsələ bitməmiş, Rusiya hansısa dövlətə qarşı aqressivlik ortaya qoya bilməz.

- Fikirlər var ki, Ukrayna böhranı yaşandığı zaman Azərbaycan Qarabağın hərbi yolla həllinə əl ata bilər. O mənada ki, Qarabağ konfliktində əsas oyunçulardan olan Rusiyanın başı Ukraynaya qarışıb...

- Bilirsiz, bunu ancaq məktəb uşaqları düşünə bilərlər. Ciddi dünya görüşü olan insanlar belə düşünmür. Rusiyanın Ukraynada başı qarışıbsa, bu o anlamı vermir ki, digər yerlərdən xəbəri yoxdur. Rusiyanın Şimali Qafqazda böyük hərbi qüvvələri var, Astarxanda böyük hərbi donanması mövcuddur. Bu gün Rostovda Rusiyanın necə hərbi gücünün olduğunu bütün dünya bilir. Necə yəni, Rusiyanın Ukraynaya başı qarışıb? Demək Moskva Donetsk və Luqansk məsələsinə baxır, digər yanda baş verənlərdən xəbəri olmayacaq? Bu gülməli söhbətdi. Rusiyanın hər yanda baş verənlərdən çox gözəl xəbəri var.

Anar Bayramoğlu