Həkimlərin rəyindən asılıdır

Türkiyədəki yaralı əsgərlərimizin nə vaxt vətənə dönəcəyi dəqiqləşməyib



Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində yaralanan 3 Azərbaycan hərbçisinin Türkiyədə müalicəsi davam etdirilir. Onların Azərbaycana nə vaxt dönəcəyi isə məlum deyil.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlının "Şərq”ə verdiyi məlumata görə, bu Türkiyədəki həkimlərin rəyindən və onların sağlamlıq durumlarının necə olmasından asılıdır: "Həkimlər nə zaman məsləhət görsələr, o zaman geri dönəcəklər”.

Məlumat üçün bildirək ki, bir müddət öncə Türkiyə Cümhuriyyəti Baş Nazirliyinə bağlı olan "Türk İşbirliyi və Koordinasyon Ajansı Başkanlığı”nın (TİKA) dəstəyi əsasında Azərbaycanın 3 yaralı əsgəri Ankaradan göndərilmiş xüsusi tibbi təyyarə ilə müalicə üçün qardaş ölkəyə aparılıb. Bu əsgərlər Sərxan Tahirzadə, Ədalət Məmmədov və Elvin Əsgərzadədir.

Vüqar Şahinoğlu