Hacıbala müəllimdən hələ səs çıxmayıb

Bəlkə cibindən pul çıxacaq?




Bizimkilər də "Buzlu su” aksiyasına qoşuldu, amma təbii ki, azərbaycansayağı. Ulvira Qarayeva aparıcısı olduğu "Evdəyik” verilişində bardaqdakı soyu suyu müğənni Elşən Qarayevin başına "əndərib”. Və bununla da, öz təbirincə "buzlu su” aksiyasında iştirak etmiş sayılıb.

Məlumdur ki, "Buzlu su” flaş-mobu ALS xəstəliyinə yoluxanlara dəstək məqsədilə keçirilir. İnsanlar başlarına vedrə ilə soyuq su tökür və estafeti digərlərinə verirlər. Başına soyuq su tökən şəxs 3 adamı bu hərəkəti təkrarlamağa çağırır. Əgər çağırış etdiyi şəxslər bu addımı təkrarlaya bilməsələr, ALS xəstələri üçün açılmış hesaba 100 dollar ödəməlidir.
İndiyədək bu kampaniyaya ABŞ-ın keçmiş prezidenti Corc Buş, "facebook”un yaradıcısı Mark Zükerberq, "Microsoft”un prezidenti Bil Qeyts, müğənni Jenifer Lopes, Demet Akalın, Hülya Avşar, məşhur futbolçular Neymar və Kristiano Ronaldo, aktyorlar Cim Parsons və Robert Dauni, müğənni Castin Biber, Selena Qomez, italiyalı ulduz futbolçu Mario Balotelli, türkiyəli futbolçu Arda Turan da iştirak edib. Hətta ABŞ prezidenti Barak Obama da aksiyaya dəvət edilib.
Aksiyaya qoşulan məşhur azərbaycanlılardan isə hələlik Emin Ağalarovun adı çəkilir. O da öz növbəsində Rusiya "ulduzları”nı aksiyaya çağırıb. Türkiyədə isə Azəri qızı Günel başına soyuq su töküb və Sibel Canı "arxasınca çağırıb”.
Bakıda isə müğənni Gülay Qədirovanın həyat yoldaşı soyuq suda islanandan sonra paytaxt meri Hacıbala Abutalıbovu aksiyaya dəvət edib. Hacıbala müəllimdən hələ səs çıxmayıb. Bəlkə cibindən pul çıxacaq?..
Bu aksiya ALS - sinir sistemi xəstəliyindən əziyyət çəkənlərə diqqət ayırmaq məqsədi daşısa da, ondan əziyyət çəkənlər, hətta həyatlarını itirənlər də var. Bununla bağlı sosial şəbəkələrdə məlumatlar yer alıb.
Hansısa xəstəlikdən əziyyət çəkənlərə qayğı və diqqətin artması məqsədilə başa soyuq su tökmək nə anlamı daşıyır?

Bu, bizlərdə el arasında işlənən "başına su tök, ayıl” zərb-məsəlinə oxşamasın? Məlumdur ki, biri digərinin nədənsə xəbərsiz olmasını, hadisənin məğzini bilmədiyini anlatmaq üçün, "başına su tök bəlkə ayılasan” istehzasından istifadə edir. Yəni ki, yatmısan "fil qulağında” ayıl gör, ətrafda nə baş verir. Tamamilə mümkündür ki, "buzlu su” aksiyasını düşünüb tapan da ətrafdakıların diqqətini bu xəstələrə cəlb etmək istəyib.

Təsadüfi deyil ki, 27 yaşlı Corey Griffin yaxın dostu Pete Frates ALS-ə yoluxduqdan sonra bu kampaniyaya başlamağı qərara alıb.

Amma özü də "su qurbanı” olub. Verilən xəbərlərə görə, "buzlu su” kampaniyasını başladan bostonlu gənc dəniz qəzasında faciəvi şəkildə dünyasını dəyişib. Yay istirahətini keçirən Griffin ikimərtəbəli bir evin eyvanından özünü suya atıb və bir daha oradan çıxmayıb. Bəli, bu da su aksiyasının faciəvi sonu...
Bəs bu cür aksiyalar cəmiyyətin diqqətini cəlb etməkdə nə dərəcədə effektlidir.

Azərbaycan Dövlət Tibb Universitetinin professoru Adil Qeybulla "Şərq”ə açıqlamasında adıkeçən xəstəliyin yan amiotrafik skleroz olduğunu dedi:

- Bu, sinir sistemi xəstəliyidir. Ona sinir iflici də deyilir. Orqanizmin daxilində baş verir, sinir sisteminin zədələnməsi ilə müşayiət olunur. Getdikcə proqressivləşir, insan hərəkət, əmək qabiliyyətini itirir, yataq xəstəsinə çevrilir və əzələ iflici baş verir. Əzələlər zəifləyərək əriyir, xəstə qüvvədən düşür. Xəstə hava çatışmazlığından ölə bilir.
Bu xəstəliyin nədən yaranması, səbəbləri bilinmir. Müalicəsi də yoxdur.
Dünyanın bir çox istedadlı adamları bu xəstəliyə yoluxublar.

Aksiyanın effektinə gəlincə, A.Qeybulla bu tip flaş-mobların, adətən diqqət cəlb etmək məqsədi daşıdığını söylədi:

- Məncə, bu aksiya cəmiyyətin diqqətini xəstələrə cəlb etmək üçündür. Bilirsiz, hazırda dünyamızın mərhəmətə ehtiyacı var. Yer kürəsində çatışmayan mərhəmətdir. İnsanların biri-birinə diqqəti, qayğısı, şəfqətidir. ALS xəstələri əmək qabiliyyətlərini itirdiklərindən kənar köməyə ehtiyac duyurlar. Ümumiyyətlə, hər hansı xəstəliyə yoluxan insanlar həssas olurlar və ətrafdan qayğı görmək istəyirlər. Xəstə insanlar cəmiyyətdən təcrid olunmamalıdır. Bu prinsip eynilə digər ağır xəstəliklərə yoluxanlara da aiddir. Autizm, Daun sindromu və s. Bu kimi xəstəliklərə yoluxmuş insanlar ətrafdakıların diqqəti, qayğısını hiss etməlidirlər. Aksiyalara məşhurların qoşulması xəstələrə həm mənəvi dəstəkdir, həm də maddi yardım baxımından önəmlidir. Məsələn, "Buzlu su” aksiyası çərçivəsində artıq külli miqdarda məbləğ toplanıb. Yəqin ki, həmin məbləğ xəstələrin ehtiyaclarının qarşılanmasında istifadə olunacaq.

Məlahət Rzayeva