2 manata pomidor olar?

Qapılar açıqdır, məhsullar Rusiyaya daşınır
"Hələ də gec deyil. Hökumət heç olmasa, bundan sonrakı müddət üçün önləyici tədbirlər görməlidir"


İspaniyada hər il pomidor festivalı keçirilir. Camaat bir-birinin üstünə, kürəyinə-başına pomidor atır. Dünyanın dörd bir yanından turistlər bu mənzərəni seyr etmək və pomidora bulaşmaq üçün İspaniyaya axın edirlər. Ölkə pomidor festivalından xeyli gəlir əldə edir. İspaniyada pomidorları biri-birinin başına atırlar, biz isə yeməyə pomidor tapmırıq. Pomidorun qiyməti artıq 2 manatdır. Özü də ilin bu vaxtı, məhsul bolluğu hesab edilən bir zamanda, pomidor qalxıb ceyran belinə. Ələ düşmür. Yəni, ucuz, əhalinin böyük əksəriyyətinin cibinə uyğun qiymətə. Varlı üçün nə problemdir, iki manata da alar, 3 manata da, yeri gəlsə, lap 5 manata da. Vay kasıb-kusubun halına. Bazarda pomidor "əl yandırır”.

Rayon - əsasən Xaçmaz pomidoru 1 manat 70 - 1 manat 80 qəpiyə. Zirə pomidoru isə 2 manata qalxıb. Səbəbini də satıcılar aydın etiraf edir: ölkədə satılıq pomidor qoymayıblar. Hamısını daşıyırlar Rusiyaya. Dünən 80 qəpikdən aldığımız pomidorun qiyməti bu gün 1 manat 80 qəpikdir.

Nə oldu da, Rusiya birdən-birə Azərbaycan pomidoruna "aşiq oldu”?

Bizlər də pomidora həsrət qaldıq?

İqtisadçı Samir Əliyev satıcıların sözünü təsdiqlədi: "Əsasən Rusiya faktorudur, mövsümi amillər ikinci dərəcəlidir”.

Ekspert qeyd etdi ki, Avropa Birliyinin Rusiyaya sanksiya tətbiqi ilə bu ölkədə 8,5 milyard dollarlıq bazar yaranıb. Həmvətənlərimiz də yaranmış boşluqdan yararlanmaq istəyirlər:

- Avropadan Rusiyaya həmin bu göstərilən məbləğdə kənd təsərrüfatı məhsulu daxil olurdu. Hazırda bu idxal dayandığından Azərbaycan üçün Rusiya bazarına girmək şansı yaranıb. Hansı fermer bu şansı əldən verər. Bazara daxil olmaq həmişə çətindir. Arada-bir yaranan belə situasiyalardan fermerlər yararlanmaq istəyir. Ona görə də hazırda kənd təsərrüfatı məhsullarını Rusiya bazarlarına daşıyırlar. Sanksiyalara qədər Azərbaycandan məhsul idxalına məhdudiyyətlər qoyulurdusa, maşınlar günlərlə sərhəd-keçid məntəqələrində saxlanılırdısa, indi vəziyyət dəyişib. Yol açılıb, qapı da açıqdır. Çünki bu məhsullara tələbat var. Əlbəttə ki, bizim fermerlər də Rusiya bazarına məhsul çıxarmağı üstün bilirlər, çünki daha çox gəlir əldə edəcəklər. Ona görə də daxili bazarda məhsul qıtlığı yaranıb və müvafiq olaraq da qiymət artımı yaranıb. Qiymət artımının və qıtlığın əsas səbəbi budur.

Bəs biz neyləyək? Yay bitməmiş pomidora-xiyara həsrət qalaq?

Ekspert daxili bazarın tənzimlənməsinin birbaşa hökumətin vəzifəsi olduğunu bildirdi:

- Oxşar situasiyalarda zərbə həmişə daxili bazara dəyir. Azərbaycanda məhsuldarlıq o qədər yüksək deyil ki, həm özünü təmin etsin, həm də ixrac etsin. Azərbaycan kənd təsərrüfatı məhsulları ixracatçısı bir ölkə deyil. Məsələn, Rusiyada kartof bazarının cəmi 12 faizi Azərbaycanın payına düşür. Rusiya kimi nəhəng ölkəni təmin etmək asan gəlməsin. Azərbaycan ixracatçı ölkələr sırasında birinci deyil. Amma bizim məhsula tələbat var, çünki keyfiyyətlidir. Ruslar Türkiyə pomidorundansa, Azərbaycanın pomidorunu üstün tuturlar. Seçimi Azərbaycan

məhsuluna edirlər. Bu, ta sovet vaxtından belədir. Amma bizim məhsulumuz o qədər deyil ki, həm özümüzü təmin edə bilək, həm də ixracatda öncül olaq. Əgər kənd təsərrüfatı sahəsi həqiqi mənada inkişaf etmiş olsaydı, kiçik və orta sahibkarlıq inkişaf etsəydi, onda bu mümkün idi. Hazırkı vəziyyətdə isə biz seçim qarşısında qalırıq, ya daxili bazarı təmin etməliyik, ya da ixraca üstünlük verməliyik. İqtisadi qanunlara görə, ilk növbədə daxili tələbat nəzərə alınır, tələbat öyrənilir və ona görə hərəkət edilir. Bizdə vəziyyət fərqlidir. Major situasiyalara hazırlıqlı olduğumuzu deyə bilmərəm. Ərzaq təhlükəsizliyi proqramı məhz buna görə qəbul edilir. Burada əsas 4 komponent var: ərzaq bolluğu, ərzağın əlçatan olması, keyfiyyət və fasiləsiz təminat. Bu 4 komponentdən bəlkə də yalnız biri - keyfiyyət mövcuddur. Digər 3 komponentin təmin edildiyini deyə bilmərik. Ona görə də hazırda bazarda qıtlıq və qiymət artımı yaşanır. Rusiya bazarlarında boşluq yaranan kimi bizimkilər ora cumdular, nəticədə daxili bazar boşaldı. İxracın qarşısını almaq artıq mümkün deyil. Yan təsirlərin qarşısını almaq üçün gərək əvvəldən tədbirlər görüləydi. Məlumdur ki, Azərbaycan fermerləri yetişdirdikləri məhsulu uyğun qiymətə sata bilmirlər. Monopolistlər buna imkan vermir. Bazara çıxışı əngəllənən kəndli məcburiyyət qarşısında qalıb məhsulunu ucuz qiymətə topdan satır. Kəndlinin, fermerin əməyi stimullaşdırılmadığı üçün məhsul yetişdirməkdə maraqlı olmurlar. Bunun üçün fermerlərə sığortalar verilməlidir. Kəndli məhsul yetişdirməyə həvəsləndirilməlidir. İndi də kəndlinin əlinə qazanc əldə etmək imkanı düşüb, bəlkə də illərlə bu günü gözləyən insanın qarşısını necə almaq olar?!

İqtisadçı artıq süd məhsullarının qiymətində də artım müşahidə edildiyini bildirdi:

- Mən dünən bir neçə böyük marketlərdə olmuşam və Rusiya istehsalı süd məhsullarının satışda olmadığını müşahidə etmişəm. Rusiya quru südü Avropadan alırdı. Avropa məhsul ixracını dayandırdığından istehsal da azalıb. Yerli süd məhsullarının qiyməti isə 10 faiz artıb. Belə getsə, qiymət artımı davam edəcək. Bunu biz artıq xeyli müddətdir deyirik. İqtisadi sanksiyaların nəticəsinin belə olacağı bəlli idi. Hələ də gec deyil. Hökumət heç olmasa, bundan sonrakı müddət üçün önləyici tədbirlər görməlidir.

Məlahət Rzayeva