“Hər məzarın başına bir polis qoymaq mümkünsüzdür”

Şəhidlər Xiyabanına müşahidə kamerası quraşdırılmalıdır



20 yanvar şəhidləri İlham və Fərizənin valideynləri övladlarının təhqiramiz davranışa məruz qalmış məzarları ilə bağlı Prezident İlham Əliyevə müraciət ediblər. Arzuolunmaz olayın araşdırılmasını və təqsirkarın tezliklə üzə çıxarılaraq cəzalandırılmasını təmənna edən analar Şəhidlər Xiyabanına müşahidə kameralarının yerləşdirilməsini də ölkə rəhbərliyindən xahiş ediblər.

Onların fikrincə, xiyabana quraşdırılacaq kameralar bu cür biabırçı hərəkətlərin qarşısını almağa kömək edəcək. Məlumat üçün bildirək ki, "20 yanvar” Cəmiyyəti də baş vermiş hadisə ilə bağlı daxili işlər naziri Ramil Usubova və milli təhlükəsizlik naziri Eldar Mahmudova müraciət edib.

Şəhid analarının xahişinə münasibət bildirən "Əsgər Ailəsi” İctimai Birliyinin sədri, ehtiyatda olan zabit Roza Əliqızı xiyabana kameraların yerləşdirilməsini vacib sayır: "Vicdanlı, namuslu bir adamın şəhid məzarını təhqir etməsi ağlabatan deyil. Amma Bakıda ermənilər və erməni xislətli "azərbaycanlılar” var. Kamera vasitəsi ilə bu cür iyrənc hərəkət edən şəxslərin aşkarlanması və cəzalandırılması olduqca zəruridir. Hətta onlara ən ağır cəzanın verilməsinin tərəfdarıyam. Çünki bu gün İlham və Fərizənin məzarlarına edilən davranış, sabah başqa şəhid məzarlarının da başına gətirilə bilər”.

Millət vəkili, tanınmış yazıçı Aqil Abbas da Şəhidlər Xiyabanına kamera quraşdırmağı normal hal hesab edir. Hətta deputat təklif edir ki, tək həmin yerə deyil, ümumiyyətlə, gözdən iraq olan bütün parklara, məkanlara müşahidə kameraları yerləşdirilsin: "Bir çox ölkələrdə nəzarəti zəif

olan ictimai obyektlərə fasiləsiz görüntü qeyd edən kameralar quraşdırırlar. Bununla həmin yerlərdə baş verən istənilən hadisə kamera vasitəsi ilə çox asanlıqla aşkara çıxarılır. Həmçinin, insanlar biləndə ki, onu lentə alan qurğular var, arzuolunmaz hərəkət etməkdən çəkinirlər. Yəni kameraların olması hərtərəfli faydalıdır. Düzdür, xiyabanda gecə-gündüz polis növbəsi var. Amma hər məzarın başına bir polis qoymaq mümkünsüzdür”. A.Abbasın sözlərinə görə, İlham və Fərizənin məzarlarını təhqir edən şəxsi tapmaq üçün həmin informasiyanı ilk yayan xəbər portalından yola çıxmaq lazımdır: "Gecə saat 2-də baş verən hadisəni, sübh tezdən kim, necə öyrənib sayta yerləşdirib? Bu məsələlər çox ciddi araşdırılmalıdır. Çünki ola bilər namərdin biri sensasiya yaratmaq və "Şok xəbər” başlıqlı yazı vermək üçün belə bir vasitəyə əl atıb. Ya da hansısa təxribatçı axmaq fərqinə varmadan bu cür hərəkətə rəvac verib”.

İsmayıl