Azərbaycan həqiqətlərini dünyaya çatdıran jurnalist...

Çingiz Mustafayev şəxsiyyəti üçün Azərbaycan, azərbaycançılıq onun kamerası və cəsarəti ilə ehtiva olunub



Azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün başlıca vasitədir. Azərbaycançılıq milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Xalqımızın milli-mənəvi dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran, dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi və vahid sosium üçün uğurlu təməldir. Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq. Mənsəbindən, peşəsindən, mövqeyindən asılı olmayaraq vahid Azərbaycan mübarizəsi hər bir azərbaycanlının əməlində özünü göstərməlidir. Təsadüfi deyil ki, azərbaycançılıq müstəqil, suveren Azərbaycanın tam tarixi istiqlalı uğrunda, bu ölkədə dünyəvi prinsiplərə malik sivil demokratik dövlət uğrunda mübarizəni strateji məqsəd seçən Azərbaycan xalqının ideologiyasıdır. Onun əsasında Azərbaycanı özünə vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası dayanır.

Ölkəmiz Azərbaycan hələ qədim zamanlardan neçə-neçə qəhrəmanlar yetişdirib. O qəhrəmanlar ki, canı, qanı bahasına vətəninin bütövlüyü naminə var gücü ilə döyüşüb, axır damla qanını, məhz Vətən üçün axıtmışdır. Bunları isə tarixin yaddaşında qalmaq üçün deyil, vətənsevərliyi ilə fədakarlıq edən neçə-neçə şəhid, əlili və hələ də taleyi bizlərə məlum olmayan itkin düşmüş qəhrəmanlarımız var. Onların hər biri tarixin yaddaşında silinməz izlər buraxan, şücaətləri ilə örnək insanlar olublar. Hər kəs Azərbaycanı, azərbaycançılıq ideyasını dünyada təbliğ etmək üçün bir yol, bir istiqamət seçir. Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev şəxsiyyəti üçün isə Azərbaycan, azərbaycançılıq onun kamerası və cəsarəti ilə ehtiva olunub. Onun Qarabağda, Xocalıda lentə aldığı görüntülər gənc nəslin azərbaycançılıq, vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır. Məhz Çingizin lentə aldığı görüntülər hesabına beynəlxalq aləm Azərbaycan həqiqətlərindən xəbərdar olub. Çingiz adı gələndə ilk növbədə, jurnalist sədaqəti, vətənə məhəbbət və əsl qeyrətli azəri övladının portreti canlanır gözümüz önündə. Çingizi hər kəs tanıyır. O, sadəcə şəhid deyil. O, Sovet ordusunun Bakıda törətdiyi vəhşilikləri, 20-ci əsrin ən böyük cinayəti, soyqırımı olan Xocalı faciəsini lentə alan Çingiz Mustafayev idi... Ağlayaraq, ürəyi yanaraq, qəlbini parçalayaraq apardığı bu çəkilişlər Azərbaycanı informasiya blokadasından çıxarmışdı. Onun çəkdiyi bu videolentlər əksər dünya ölkələrinə yayıldı. Çingizin adı gələndə dəhşətli anları yada salmamaq mümkün deyil. Hər bir insana əsl qəhrəmanlıq nümunəsi, əsl vətəndaş və əsl vətən oğludur, Çingiz Mutafayev.

Xocalı həqiqətlərini dünyaya çatdıran repartyor

Çingiz Mustafayev Xocalı faciəsinin dünya çapına çıxarılmasında əsas pay sahibidir. O, Azərbaycan-Ermənistan müharibəsinin 1992-ci ilə qədər olan dövrünün əsl salnaməsini yaradıb. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əsgərlər haqda xüsusi reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə pərvəriş tapıb. Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıyıb. Xocalı faciəsini lentə alarkən Çingizin hönkürtülü səsi dünyanı lərzəyə gətirir. Ermənistanın dünyadakı imicini sarsıdır. Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qalıb. O döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı. O cəbhədə bir əsgər, zabit və hətta komandan kimi çox vəzifəni öz üzərinə götürürdü. Çingiz bütün döyüş bölgələrindən operativ məlumatlar toplamaqla yanaşı, Azərbaycanda gedən siyasi prosesləri də yaxından izləyir və ətraflı məlumatlar toplayaraq xalqa çatdırırdı. Laçından çıxan əsgərlərlə onun geri qayıtmaq barədə verdiyi kəskin və qısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı ən yeni teletarixin ən dramatik səhifələridir. Məhz o an Çingiz cəsurluğu ilə öz millətinin, xalqının əzəmətini bir daha dünyaya nümayiş etdirdi. Ermənilərə mesaj göndərdi: bu xalqın, bu millətin hər bir övladı istənilən anda irəli atılmağa, düşməni yenməyə qadirdir! Azərbaycan oğulları bir çağırışa bənddir.

Qeyd edək ki, 3 gün bundan əvvəl Azərbaycan həqiqətlərini dünyaya çatdıran bu böyük insanın doğum günü idi. Azərbaycanın Milli Qəhrəmanı, tanınmış jurnalist Çingiz Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Vladimir rayonunda hərbçi ailəsində anadan olub. 1964-cü ildə ailəsi ilə Bakı şəhərinə köçüb. 1977-ci ildə Yasamal rayonunda 167 saylı məktəbi bitirib. 1977-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olan Çingiz Mustafayev 1983-cü ildə institutu müvəffəqiyyətlə bitirib. Təhsilini başa vuran Çingiz təyinatla Dəvəçi rayonunda üç il həkim işləyib. Çingiz həkim olsa da, jurnalistikaya böyük həvəsi vardı. 1990-cı il 20 Yanvar hadisələri zamanı bu fikir özünü bir daha göstərdi. Sovet ordusunun Bakıda törətdiyi vəhşilikləri Çingiz lentə alıb. Onu da deyək ki, Çingizin müharibədən başlayan jurnalist həyatı elə burada da bitib. Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya bağlanıb. O, 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başlayıb. Ancaq yalnız Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənməyib. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapmasında böyük rol oynadı. Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Çingizi geniş fəaliyyət imkanlarından məhrum edib. Ona görə də Çingiz əlahiddə olaraq "215 kl” studiyası kimi muxtar qurumun yaradılmasının təşəbbüskarı və yaradıcısı olub. Onun reportajları bir qayda olaraq cəbhədən olduğuna görə "215 kl” studiyasını da tamaşaçılar, məhz müharibədən məlumat verən telequrum kimi qəbul ediblər. Yeni nəsl Azərbaycan gəncliyinin formalaşmasında Çingizin böyük rolu olub. 1985-ci ildə yaratdığı "Cəngi” birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib. Bu, Sovet İttifaqında başlanan yeniləşmə prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi. Azərbaycanın mədəni-ictimai həyatında oynamağa başladığı rol Çingiz Mustafayevi islahatçı-novator lider simasında təqdim etməkdə idi. O, Azərbaycanda ilk Dj kimi də tanınır. 1981-ci ilin sentyabr ayında,Çingiz Mustafayevin başçılığı altında, 12 nəfərdən ibarət "3M” adlı bir dəstə yaranıb. Bu 12 nəfər texnika ilə məşğul olurdular, daha doğrusu Light-Dj-lər və sadəcə texniklər olublar. Çingiz əlindən hər iş gələn bir insan olduğu üçün, dəstənin bütün işlərin görüb. Ancaq Çingizin əsas rolu DJ-lik və MC-lik olub. Bundan əlavə Çingiz gəncliyin normal əylənməsi üçün də öz töhfələrini verib. Bundan başqa öz repləri ilə də gənclərin sevimlisinə çevrilib.

Çingizin ölümü...

Çingiz Mustafayev bir telejurnalist olaraq cəbhədə yarandığı kimi cəbhədə də həlak oldu. 1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həyatını itirən Çingiz ölümünə gedənədək kameranı söndürmədi. Ölümündən sonra Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Mustafayev Çingiz Fuad oğlu "Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Milli Qəhrəmanımızın xatirəsini əbədiləşdirmək məqsədi ilə yaradılan Çingiz Mustafayev Fondu yaradıldığı 1999-cu ildən bəri xeyli işlər görüb. "İlin adamı”, "Ən yaxşı jurnalist” mükafatları və "Vətənpərvər və hərbi mahnı müsabiqəsi”ni fond həyata keçirir. Buradan "Çingiz Mustafayev” adına düşərgəyə yardım edilir. Fondun təşəbbüsü ilə Şəkidə "Çingiz Mustafayev adına Klub” yaradılıb. Fond Çingizin oğlu Fuad Mustafayevin və digər KİV işçilərinin təhsil almasına yardım edir.

Çingiz Mustafayevin adı əbədiləşdirilib, yaşadığı binanın önündə barelyefi vurulub. DİN-nin Şüvalandakı istirahət guşəsi, Bakı küçələrindən biri, "ANS-ÇM” radiostansiyası, Azərbaycan gəmilərindən biri qəhrəmanın adını daşıyır. C.Naxçıvanski adına Hərbi Liseydə büstü qoyulub.

2011-ci ilin avqustunda Almaniyada 3 min nüsxə ilə onun təsviri olan poçt markası buraxılıb. Çingiz hələ ölümündən əvvəl milyonlarla azərbaycanlının ürəyində və beynində Milli Qəhrəman kimi həkk olunub. Qısa həyatı və hətta öz ölümü ilə Çingiz Mustafayev "vətənpərvərlik - dəbdə deyil” kimi fikirləri alt-üst edib, "vətənpərvər” sözünün həqiqi mənasını özünə qaytarıb.

Çingiz Mustafayevin keçdiyi ömür yol bugünkü gənclərimiz üçün örnəkdir. 20 faizdən çox torpaqları düşmən işğalında olan bir dövlətin hər bir jurnalisti Çingiz Mustafayev məktəbinin davamçısı olmalıdır. Bu gün bizim əsas mübarizəmiz silahlı mübarizədən daha güclü olan informasiya mübarizəsi olmalıdır. Biz dünyada Qarabağ uğrunda, milli ideyamız uğurunda mübarizədə informasiya savaşı aparırıq. Çingiz Mustafayevin müharibə bölgəsindən çəkdiyi kadrlar isə bu mübarizədə bizim üçün ən güclü silahlardan biridir. Onun yolu Azərbaycanın taleyinə laqeyd qalmamaq, baş verənlərin fonunda, müharibə şəraitində Vətənin mənafeyini hər şeydən üstün tutmaq yoludur. Bu yolda təbii ki, addımlayanlar həmişə olacaq. Amma O bizim yaddaşımızda elə belə də qaldı - tikə-tikə edilmiş Xocalı körpələrinin nəfəssiz bədənləri üzərində ağlayan Çingiz Mustafayev. Bu, onun ermənilər tərəfindən törədilən qanlı faciə yerində çəkdiyi ilk kadrlar idi. Bütün dünyanı gəzən və erməni separatçılarının vəhşiliyini nümayiş etdirən ilk kadrlar. Yəqin ki, Çingiz elə onda milyonlarla azərbaycanlının ürəyində və beynində Milli Qəhrəman kimi həkk olunub.

Çingiz Mustafayev təhlükə riskinin nə qədər böyük olduğunu çox yaxşı başa düşürdü, amma həmin vaxt Bakıda hakimiyyət uğrunda mübarizə aparan yalançı vətənpərvərlərdən fərqli olaraq özünü qırağa çəkmədi. Çingiz üçün Vətən, Azərbaycan anlayışı yəqin ki, "ana”, "həyat”, "ailə” sözlərinin daşıdığı məna ilə bir idi. Onları satmaq olarmı? Məhz buna görə də Çingiz əsgərləri geri çəkilməməyə, vicdana çağırmaq üçün son nəfəsinə qədər qışqırırdı: "Kişisiniz yoxsa, yox?”. Şərq kişisi üçün onun cəsarətini şübhə altına almaqdan o yana heç bir təhqir yoxdur. Kim bilir, bəlkə də bu, onun artıq tarix qarşısında qoyduğu məsələdir. Geri çəkilən əsgərlərə çağırışı ilə o, doğma torpağı müdafiə etməyə kömək etdi. Çingiz Azərbaycana lazımdır. Gün gələcək ki, itirilmiş torpaqlar uğrunda döyüşmək lazım gələcək. Bax onda qorxusuz və məzəmmətsiz arxası ilə digərlərini aparan onlarla, yüzlərlə Çingiz lazım olacaq. Çingiz Mustafayev adı bütöv Azərbaycan gəncliyinin ən böyük arzularının qəhrəmanıdır. Bunu təsadüfi yazmadıq. Çingiz Qarabağın dərdlərini danışmağa başladığı dövrdən üzü bu yana onun haqqında dillərdə dolaşan təqdirəlayiq sözləri dinləyən, Çingizin qorxmadan düşmənin bir addımlığından çəkdiyi kadrları izləyən hər bir azərbaycanlı məktəblisində belə bir arzu yaranır: böyüyəndə mən də Çingiz Mustafayev kimi qəhrəman - jurnalist olacağam.

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb