Eldar Əzizov Sumqayıtda sərt qadağalar qoydu

Yas mərasimində yemək, meyvə verilsə, MİS-in əməkdaşları uşaq evlərinə aparacaq



Sumqayıt sakinləri hüzr mərasimlərində artıq geniş menyu ilə ehsan verə bilməyəcəklər. Bununla bağlı artıq Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov göstəriş verib. Belə ki, şəhərdə təmtəraqlı yas mərasimlərinin keçirilməsinə qadağa qoyulub. İcra başçısı Mənzil İstismar Sahələrinin rəislərinə təmtəraqlı yas mərasimlərinin birdəfəlik yığışdırılmasını tapşırıb.

Azvision.az-ın verdiyi məlumata görə, tapşırığa əsasən, MİS əməkdaşları ərazilərində olan xeyir-şər evlərini nəzarətə götürüb. Yas mərasimlərində yemək verilməsinə icazə verilməyəcək. Belə mərasimlərdə yalnız çay süfrəsi açıla bilər. Əks halda yas mərasimlərində verilən yemək, meyvə-tərəvəz məhsulları isə MİS əməkdaşları tərəfindən müsadirə edilərək uşaq və qocalar evlərinə veriləcək.

Millət vəkili Fazil Mustafa belə qərarı yüksək qiymətləndirir: "Eldar Əzizovun bir çox atdığı addımları dəstəkləməsəm də, bu məsələdə onunla tam razıyam. Başa düşürəm ki, bu qədər ifrata varmaq olmaz, bəzən insanların ürəyindən keçənləri həyata keçirməyə imkan vermək lazımdır. Ancaq belə geniş şəkildə mərasimlərin keçirilməsi dində yoxdur”.

Deputatın fikrincə, islam dinində indiki qədər belə adət mövcud deyil: "Ölmüş şəxsin ruhuna dua etsinlər, daha artıq xərcə niyə düşsünlər? Başqası orada yeyib doydusa? Hüzr sahibinə nə aidiyyəti var? Yas mərasiminə getmək istəyən şəxs evində yeyib getsin”.

Millət vəkilinin sözlərinə görə, belə qərarın verilməsi narazılığa səbəb olmayacaq: "Tam məsuliyyətimlə deyə bilərəm ki, insanların əksəriyyəti buna hörmətlə yanaşacaq və qəbul edəcək. Bu, Sumqayıt əhalisinin xeyrinə olacaq”.

İlahiyyatşünas Hacı Atif İsmayılov isə hesab edir ki, yas mərasimləri toy mərasimlərindən fərqli olmalıdır: "Hazırda təşkil edilən hüzr məclislərində təmtəraqlı şəkildə geyinilməsi, israfçılığa yol verilməsi, islam baxımından milli-mənəvi dəyərlərimizə uyğun gəlmir. Bu barədə Qafqaz Müsəlmanları İdarəsi də öz mövqeyini bildirib. İnsanlar özləri də belə məsələlərdə diqqətli olmalıdırlar. Belə qərarın verilməsi müsbət haldır”.

A.İsmayılov digər tərəfdən hüzr mərasimlərinin necə təşkil edilməsində insanların ixtiyar sahibi olduqlarını da söyləyib: "Təmtəraqlı olmasa da, hüzr sahibinin meyvə və tərəvəzi başsağlığa gələnlərin qarşısına qoymasına görə nə isə tətbiq etməyə ehtiyac yoxdur. Qadağanı tədricən, mərhələli şəkildə həyata keçirmək lazımdır.

Vüqar Şahinoğlu