Ramiz Mehdiyev hədəfləri göstərdi

“Medianın ən mühüm funksiyalarından biri də milli maraqları hər şeydən üstün tutmaq, vətəndaşları, cəmiyyəti vahid məqsəd uğrunda səfərbər etməkdir”




Avqustun 29-da Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sədrliyi ilə dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsi keçirilib. İnformasiya təhlükəsizliyi ilə bağlı bir sıra aktual məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədə PA rəhbəri Ramiz Mehdiyev geniş məruzə ilə çıxış edib.

R.Mehdiyev qeyd edib ki, son 10 ildə prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edib, ölkəmizin güclü iqtisadi və hərbi potensialı formalaşıb, cəmiyyət həyatının bütün sahələri müasirləşib: "Dövlətimiz ümumdünya səciyyəli proseslərin fəal iştirakçısına çevrilib, mühüm siyasi, iqtisadi və humanitar təşəbbüslərin müəllifi və təkanverici qüvvəsi kimi beynəlxalq arenada böyük nüfuz qazanıb. Qarşıda duran bütün əsas vəzifələr düşünülmüş və məqsədyönlü, elmi əsaslara malik dövlət proqramlarının həyata keçirilməsi nəticəsində uğurla icra olunub. Respublikamız "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulan strateji hədəflərə doğru inamla irəliləməkdədir. Son 10 ilin statistikası bir daha təsdiq edir ki, Azərbaycanda qısa dövr ərzində dünyanın aparıcı maliyyə və iqtisadi qurumlarının, beyin mərkəzlərinin diqqətini cəlb edən yüksək nəticələr əldə olunub”. Administrasiya rəhbərinin qeyd etdiyinə görə, güclü iqtisadi potensial, həyata keçirilən siyasətə xalqın hərtərəfli dəstəyi imkan verir ki, Azərbaycan iqtidarı milli maraqlara hesablanmış tam müstəqil daxili və xarici siyasət yürütsün, ölkəmiz regionun siyasi, iqtisadi və humanitar mərkəzi olmaqla, həm də qlobal siyasətdə fəal iştirak etsin: "Bunun bariz nümunəsi kimi 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini və dünyanın nəhəng dövlətləri ilə birlikdə beynəlxalq münasibətlər sistemində yaxından iştirak etmək hüququ qazanmasını göstərmək olar. Azərbaycan həm də dünyada humanitar mərkəz, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanınır, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, Beynəlxalq Humanitar Foruma və digər mötəbər tədbirlərə ev sahibliyi edir. Hesab edirik ki, 2015-ci ildə birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirməklə, Azərbaycan öz inkişaf səviyyəsini, yüksək potensialını bütün dünyaya bir daha təqdim edəcək”. PA rəhbəri xüsusilə vurğulayıb ki, ölkədə demokratik inkişafın vacib tərkib hissəsi kimi söz və məlumat azadlığının tam təmin edilməsi sahəsində də məqsədyönlü addımlar atılıb. Senzuranın ləğvindən və kütləvi informasiya vasitələrinin fəaliyyətinə nəzarət funksiyasını yerinə yetirən dövlət orqanının fəaliyyətinə xitam verildikdən sonra KİV-lərin inkişafında yeni mərhələ başlanıb: "2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu təsis edilib. Bu günədək media layihələrinin maliyyələşdirilməsi üçün Fonda dövlət büdcəsindən 17 milyon manatdan artıq vəsait ayrılıb. Azərbaycanda milli mətbuatın, milli televiziya və radionun yubileyləri dövlət səviyyəsində qeyd olunur, KİV əməkdaşlarına fəxri adlar və mükafatlar verilir, redaksiyalara birdəfəlik maddi yardımlar göstərilir. Azərbaycan dünyada yeganə ölkədir ki, jurnalistlərin mənzil-məişət problemləri dövlət vəsaiti hesabına həll edilir”. R.Mehdiyev qeyd edib ki, Azərbaycanın sürətli inkişafı, güclü, yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilməsi, ölkəmizin regionda aparıcı rolu, qlobal siyasətdə, beynəlxalq təşkilatlar çərçivəsində fəallığı müəyyən xarici qüvvələri, xüsusilə də Ermənistanı, erməni lobbisini və onun maraqlarını təmin edən ayrı-ayrı dairələri ciddi narahat edir. Son bir neçə ildə ölkəmizə qarşı aparılan davamlı kampaniyanın əsasında da məhz bu amil durur: "Etiraf etməliyik ki, Azərbaycanda mövcud olan tolerant mühitdən, demokratik ab-havadan, hakimiyyətin humanist siyasətindən sui-istifadə edən bu dairələr ayırdıqları maliyyə hesabına ölkə daxilində müxtəlif qeyri-hökumət təşkilatlarından və KİV- lərdən ibarət öz dayaq nöqtələrini, "5-ci kolon”unu formalaşdırmağa nail olublar”. PA rəhbərinin qeyd etdiyinə görə, hazırda cəmiyyətimiz qarşısında duran ən ağrılı problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq normalarına uyğun həllidir. Ancaq beynəlxalq birliyin susqunluğu, ATƏT-in Minsk Qrupunun səmərəsiz fəaliyyəti nəticəsində Ermənistan 20 ildən artıqdır ki, Azərbaycan ərazilərini işğal altında saxlayır. R.Mehdiyev xatırladıb ki, avqustun əvvəlində erməni kəşfiyyat-təxribat qrupları Ermənistan-Azərbaycan dövlət sərhədində və qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə basqınlar edib, nəticədə ordumuzun hərbçiləri həlak olub, ermənilər isə dəfələrlə çox itki verərək geri çəkilməyə məcbur olublar. Bu hadisə Azərbaycan Silahlı Qüvvələrinin qüdrətini, gücünü, istənilən mürəkkəb vəzifəni müvəffəqiyyətlə icra etmək bacarığını əyani şəkildə nümayiş etdirməklə yanaşı, həm də hərbi əməliyyatların intensivləşməsi şəraitində cəmiyyətdə mövcud olan bəzi narahatedici məqamların qabarmasına şərait yaradıb: "Burada söhbət konkret olaraq bəzi kütləvi informasiya vasitələrinin, xüsusilə internet informasiya resurslarının Azərbaycan qanunlarının tələblərinə məhəl qoymadan, qeyri-peşəkar, bəzi hallarda isə ermənilərin maraqlarına uyğun fəaliyyətindən, milli maraqlara zidd, qeyri-adekvat davranışından gedir. Aparat rəhbəri bildirib ki, bu gün ayrı-ayrı "ekspertlər” Azərbaycan Silahlı Qüvvələrinin hərbi arsenalının say və texniki göstəricilərini mediada fəal müzakirə edirlər. KİV-lər isə ordunun ali komanda heyəti barədə şayiələr yayır, dövlətin hərbi sahədə siyasəti haqqında həqiqətə uyğun olmayan, qərəzli məlumatlar yayırlar: "Bəzi media qurumları Milli Orduda döyüş şəraitində həlak olmuş və ya yaralanmış hərbi qulluqçular haqqında məlumatların ictimailəşdirilməsi üzrə "ixtisaslaşıblar”. Bir sıra saytlar isə bütün mümkün sərhədləri aşaraq həlak olanların sayı barədə fantastik rəqəmlər səsləndiriblər. Belə canfəşanlıq bir çox hallarda yanlış informasiyanın dövriyyəsinə və anlaşılmazlıqların yaranmasına səbəb olur. Digər tərəfdən isə Azərbaycan Ordusunu nüfuzdan salır, cəmiyyətdə ona inamsızlıq yaradır. Rəsmi orqanların müvafiq xəbərdarlıqlarından heç bir nəticənin çıxarılmaması, KİV əməkdaşlarının məsuliyyətsizliyindən xəbər verir”. R.Mehdiyev bəyan edib ki, bundan sonra belə faktların qarşısını almaq üçün ciddi tədbirlər görüləcək. PA rəhbərinin qeyd etdiyinə görə, bu yolu tutanlar bilməlidirlər ki, onlar Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən məsuliyyətə cəlb oluna bilərlər: "Qəzəbləndirici hal ondan ibarətdir ki, bir sıra KİV-lər düşmən kəşfiyyatı üçün açıq informasiya mənbəyi rolu oynayırlar. Bu məqam ilk növbədə Azərbaycanın jurnalist ictimaiyyətini narahat etməlidir. Buna prinsipial qiymət verilməli və belə məsuliyyətsiz əməllərin aradan qaldırılması üçün ciddi tədbirlər görülməlidir. Beynəlxalq praktikaya müraciət etsək, görərik ki, hətta inkişaf etmiş demokratik ölkələrdə belə hərbi əməliyyatlar, sosial gərginlik və digər oxşar hallarda hakimiyyət medianın informasiyaya çıxışını, informasiya əldə etmək və yaymaq hüququnu sərt şəkildə məhdudlaşdırır. Türkiyədə "Gəzi hadisələri”ndən və "İmralı protokolları” olduğu iddia edilən sənədlərin mətbuata sızdırılmasından sonra keçirilmiş toplantılarda KİV-lərin fəaliyyətinə nəzarət edəcək tənzimləyici qurumun yaradılması haqda təkliflər səsləndiyi məlumdur”. R.Mehdiyev vurğulayıb ki, müasir dövrdə vahid informasiya məkanının mövcud olduğu şəraitdə medianın ən mühüm funksiyalarından biri də milli maraqları hər şeydən üstün tutmaq, vətəndaşları, cəmiyyəti vahid məqsəd uğrunda səfərbər etməkdir: "KİV-lər Azərbaycanın konstitusiya quruluşu, ərazi bütövlüyü, milli təhlükəsizlik və digər bu kimi məsələlərdə kifayət qədər həssas davranmalı, cəmiyyətə milli təəssübkeşliyin nümunəsini təqdim etməli, onun obyektiv və operativ informasiya ehtiyacını ödəmək missiyasını milli maraqlarla uzlaşdırmalıdır. Vətənpərvərlik, milli dövlətçiliyə sədaqət, milli maraqlar uğrunda prinsipiallıq KİV-lərin fəaliyyətinin başlıca elementlərini təşkil etməlidir. Azərbaycan KİV-ləri öz zəngin tarixi ənənələrinə sadiq qalaraq cəmiyyətdə, xüsusilə gənc nəsildə Vətən sevgisi hisslərinin dərin kök salmasına çalışmalıdırlar. Acınacaqlı haldır ki, milli KİV-lərimiz bu vacib məsələyə diqqət ayırmır və maraq göstərmirlər”. PA rəhbəri bildirib ki, son 11 ildə ölkəmiz hər bir xalqın fəxr edə biləcəyi inkişaf yolu keçib: "Azərbaycanın inkişaf modeli dünyanın aparıcı iqtisadi, siyasi mərkəzləri, ölkəmizə səfər edən xarici dövlət və hökumət başçıları, rəsmi şəxslər, sıravi vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir və təqdir olunur. Əlbəttə, bütün bunlar Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və onun komandasının məqsədyönlü, milli maraqlara hesablanmış praqmatik siyasətinin nəticəsində mümkün olub. Hesab edirəm ki, Azərbaycanın kütləvi informasiya vasitələri ölkədə görülən işləri, cənab Prezidentin həyata keçirdiyi uğurlu siyasəti daha geniş və obyektiv şəkildə işıqlandırmalıdırlar. Məsələnin digər tərəfi dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin fəaliyyətində müşahidə olunan çatışmazlıqlardır”.

İsmayıl