Həqiqətən Ermənistanda yaşamaq əzabdır





Bir müddət öncə, Azərbaycan tərəfə keçmiş Ermənistan vətəndaşı Sarkis Ananyan prezidentləri Serj Sarkisyanı ifşa edib. Ermənistandakı iqtisadi vəziyyətin ağırlığından danışan erməni girov ölkəsini tərk etməsinin səbəblərini də açıqlayıb. "Dolanışıq çox pis idi. Bunu Ermənistanda hamı bilir. Son günlər vəziyyət daha dözülməz olduğu üçün bezmişdim. Dedim ki, keçirəm Azərbaycana. Qardaşım oğluna məsləhət edəndə dedi ki, özün bilərsən, keçirsən keç”.

Ananyan onu da bildirib ki, yaşadığı Noyamberyan rayonunun onlarla sakini imkansızlıq səbəbindən Azərbaycana üz tutmağa hazırlaşır: "Aclıqdı deyə hərə bir yolla qaçıb çıxır ordan. Kimin işi var qalır, işsizdirsə, mənim kimi məcburdu gəlsin bu tərəfə. Kəndlərin sərhədə yaxın hissəsi minalanıb. Həmçinin, çöl yolları minalayıblar. Noyamberyanda 8 min adam qalıb”.

Məlumat üçün bildirək ki, A.Sarkis Norikoviç Ermənistanın Tavuş vilayətinin Noyamberyan rayonundandır. Müdafiə Nazirliyinin məlumatına görə, avqustun 26-sı Qazaxın Kəmərli kəndi istiqamətindən könüllü olaraq Azərbaycan tərəfə keçib. Sarkisin sözlərinə görə, həyat yoldaşı 2008-ci ildə öldükdən sonra Noyamberyanda tək yaşayıb, xırda ticarətlə məşğul olub. Dolanışıq pis olduğundan 2 oğlundan biri Rusiyaya, digəri isə İrəvana çörək dalınca gedib. Lakin son vaxtlar maddi durumu daha da ağırlaşdığından Azərbaycana qaçmağa qərar verib.

Erməni girovun söylədiklərinə inanmağın düzgün olmadığını deyən millət vəkili Aqil Abbas "Şərq”ə bildirib ki, erməninin ölkəmizə hansı məqsədlə keçməsi məlum deyil. Deputatın sözlərinə görə, A.Sarkisin təxribat xarakterli işlər üçün göndərilməsi də mümkün haldır: "Bu aydınlaşmalıdır. Bəlkə, o ermənini öyrədiblər ki, get, Azərbaycanda təxribat törət. Tutulsan da de ki, vəziyyət ağırdı. O biri ermənilər də Azərbaycana keçmək istəyir. Düzdü, Ermənistanda həyat iflic olub. Bunu Sarkisyanın özü deyib. Bütün hallarda həmin erməninin dediklərinə inana bilmərik. Baxın, xəstə ermənini bura göndərdilər o, da gəlib öldü. Sonra da dünyaya car çəkdilər ki, Azərbaycan girov düşmüş vətəndaşımızı qətlə yetirdi. Bizi dünyaya qəddar bir xalq kimi tanıtmaq istəyirlər. Bu məsələdə Qərb də bədnamların yanındadır. Məlumdur ki, bu yaxınlarda 3 vətəndaşımız öz evinə getdiyinə görə əsir düşdü. Onun birini necə öldürdülər, hansı formada dəfn elədilər heç kimin xəbəri yoxdu. Amma beynəxalq hüquq buna susdu. Bir xəstə erməni ölkəmizdə ölmüşdü deyə bütün üzdə olan ölkələr bəyanat səsləndirdilər. Hesab edirəm ki, dövlətin xüsusi xidmət orqanları məsələni aydınlaşdırmalıdır”.

Ayyət Əhməd