Gülün ətrafında qara piar kampaniyası aparılır

“Keçmiş prezidentin BMT-yə baş katib seçilməsi, onun siyasi karyerasına ölüm hökmü verməkdir”



Türkiyənin keçmiş prezidenti Abdullah Gül 2016-cı ildə BMT-nin baş katibi ola bilər. Yayılan məlumatlara görə, Gülün təşkilata rəhbər təyin olunmasını istəyən ABŞ prezidenti Barak Obama artıq bununla bağlı Rusiya və Çin prezidentləri ilə razılığa gəlib. Obama Gülün namizədliyini irəli sürərsə, çox güman ki, Türkiyənin keçmiş prezidenti qurumun baş katibi seçiləcək və ilk dəfə olaraq BMT-də müsəlman şəxs rəhbər vəzifə tutacaq. Bu informasiyadan iki sual çıxır.

Birincisi, A.Gülün nüfuzlu təşkilata baş katib təyin olunması reallaşa bilərmi? İkincisi, əgər reallaşarsa, bu dəyişiklik müsəlman-türk dünyasına, regiona, xüsusən də Azərbaycana müsbət nə verə bilər?

Politoloq Elçin Mirzəbəyli deyir ki, Abdullah Gül qlobal düşünən insandır. Onun düşüncə tərzi, dünyagörüşü, prezidentlikdən daha çox məhz elə bu posta uyğun gəlir. Amma məsələ burasındadır ki, əslində ortalıqda belə bir proyekt yoxdur: "Çox güman ki, bu qara piar kampaniyasıdır. Xəbəri yayan maraqlı qüvvələr hansısa siyasi məqsəd güdürlər. Ola bilsin, AKP rəhbərliyi, o cümlədən hazırkı prezident Ərdoğan A.Gülün Türkiyə daxilində əhəmiyyətli gücə çevrilməməsi üçün onu bu formada neyrtallaşdırmağa çalışır. Yox, əgər doğrudanda belə bir razılaşma varsa, bu da öz növbəsində Gülü alçaltmağa xidmət edir. Çünki beynəlxalq miqyasda ciddi problemlərin olduğu bir dövrdə, münaqişələrin həlli prosesində BMT-nin tənzimləyici qurum kimi gözdən və nüfuzdan salındığı bir zamanda A.Gülün baş katib seçilməsi, onun siyasi karyerasına ölüm hökmü verməkdir. İndiki şəraitdə Qərbə, Rusiyaya və Çinə "qurbanlıq siyasətçi” lazımdır. Ona görə də, bir türk siyasətçisinin BMT-nin baş katibliyinə gətirilməsində səmimi niyyətin olduğunu düşünmürəm. Əgər ortada belə bir niyyət varsa, mütləq arxasında məkirli planlar durur”.

Siyasi ekspert Elxan Mehdiyev isə bildirir ki, Gülü namizəd kimi təklif edən Barak Obamadırsa, deməli seçilmə şansı yüksəkdir: "Rusiya buna etiraz etməz. Çünki hazırda Rusiya ilə Türkiyə arasında münasibətlər yaxşıdır. Moskvanın Gülü dəstəkləyəcəyinə şübhə yoxdur. Digər tərəfdən İngiltərənin də Güllə münasibətləri çox yaxşıdır. Kraliça tərəfindən ona verilən yüksək mükafat da bunu deməyə əsas verir. Əlbəttə, bunun reallaşması çox sevindirici hal olar. Amma digər tərəfdən düşünmürəm ki, A.Gülün BMT-nin baş katibi seçilməsi türk-müsəlman dünyası üçün müsbət yeniliklər gətirəcək. Çünki Gül baş katib olduğu təqdirdə təşkilatdakı qaydalara uyğun hərəkət etməyə məcbur qalacaq. Belə bir qurumun rəhbəri tərəf tuta bilməz”.

İsmayıl