Qarabağ mövzusu və Rusiyanın addımları...

Türkiyənin iki önəmli lideri Azərbaycana ciddi müzakirəyə gəlir



Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana nəzərdə tutulan ikigünlük səfəri və arxasınca baş nazir Əhməd Davudoğlunun da ölkəmizə gəlmək istəyi gündəmin əsas müzakirə mövzusuna çevrilib. Türkiyə rəhbərlərinin ilk səfərlərini Bakıya etməsi ölkəmiz üçün mühüm hadisə olduğu kimi, səfər zamanı müzakirə edilən məsələlər də indiki dövrdə xüsusi əhəmiyyət kəsb edir.

Qardaş ölkənin iki önəmli isminin Azərbaycana səfərini dəyərləndirən Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqun yeni hökuməti Türkiyə və Azərbaycan arasında mükəmməl münasibətlərin təminatı adlandırıb. Səfir bildirib ki, prezident Ərdoğanın da, baş nazir Davudoğlunun da Azərbaycana münasibətləri bəllidir: "Türkiyə hökumətinin bütün üzvləri Azərbaycanı ürəkdən sevən dövlət xadimləridir. Mövcud olan mükəmməl münasibətlərin daha da inkişaf edəcəyinə tam əminəm. Ərdoğanın Azərbaycana səfəri təsadüfi deyil. Zamanında prezident İlham Əliyev də ilk xarici səfərini Türkiyəyə edib. İki dövlət indiyə qədər əl-ələ addımlayaraq irəliləyirdiksə, qarşıdakı dönəmdə eyni hədəfə doğru qaçaraq irəliləyəcəyik. Ölkələrimizin həyata keçirdiyi iqtisadi, enerji layihələri bu mahiyyətdədir. Qarşıdakı dönəmdə əməkdaşlıq daha da inkişaf edəcək”. "Avrasiya Ekonomi İlişkilər Dərnəyi”nin başqanı Hikmet Eren də vurğulayıb ki, Ərdoğanın və Davudoğlunun ilk səfərlərini Bakıya planlaşdırmaları

Azərbaycanın Türkiyə üçün nə qədər önəmli olduğunun əyani isbatıdır: "Azərbaycan türk dünyası arasında körpü rolunu oynayır. Bütün enerji layihələrinin əsas təminatçısıdır və Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verir. Azərbaycan və Türkiyə əlaqələrinin strateji səviyyədə inkişafı eyni kursla davam etdiriləcək. Bundan kənar hansısa siyasətin aparılması qeyri-mümkündür. İki ölkənin birgə fəaliyyəti türk dünyasının əsas qarantıdır”. Azərbaycan ictimaiyyətinin nümayəndələri də Ərdoğan və Davudoğlunun ölkəmizə səfərini yüksək qiymətləndiriblər. Millət vəkili Aydın Mirzəzadə Türkiyə rəhbərlərinin Azərbaycana gəlişini şərh edərkən bunun artıq ənənə halını aldığını deyib: "Bu səfərlər Türkiyənin Azərbaycanla münasibətlərinə yüksək qiymət verdiyini, bütün məsələlərdə Azərbaycanın yanında olduğunu və qardaşlıq, dostluq münasibətlərini bundan sonra da inkişaf etdirmək istədiyini göstərir. Ərdoğanı və Davudoğlunu Azərbaycanla münasibətləri yüksək qiymətləndirən, türk dünyasını möhkəmləndirməyə çalışan siyasətçilər kimi xarakterizə etmək olar. Onların Azərbaycanın ərazi bütövlüyü, Ermənistanla münasibətlərin yalnız Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən sonra mümkünlüyü barədə vaxtaşırı verdikləri bəyanatlar xoş niyyətlərini ortaya qoyur. Bu gün Türkiyənin sevinci Azərbaycanın sevincidir. Türkiyənin qarşılaşdığı problemlər Azərbaycanın problemləridir və yalnız iki qardaş və dost ölkənin birgə fəaliyyəti, bir-birinə yaxınlığı bu problemləri həll edə, dostluğu daha da möhkəmləndirə bilər”. A.Mirzəzadənin sözlərinə görə, bu səfərlər xaricdə də böyük maraqla gözlənilir. Çünki Türkiyə dünya siyasətinin əsas fiqurlarından biridir və bu ölkənin bir çox məsələlərdə mövqeyi həlledicidir. Tanınmış politoloq Qabil Hüseynli Ərdoğanın və Davudoğlunun Azərbaycana səfərləri zamanı bir çox məsələlərin müzakirə olunacağını deyib. Ekspertin sözlərinə görə, əsas müzakirə mövzusu Qarabağ məsələsi olacaq: "Təbii ki, gündəmdə yenə də Qarabağ mövzusudur. Ancaq bununla yanaşı Rusiyanın bölgədəki hərəkətləri də ciddi müzakirə ediləcək. Çünki Qarabağ mövzusu həm də Rusiyanın bölgədəki davranışlarından asılıdır. Eyni zamanda paralel olaraq Ukrayna və ABŞ-Rusiya münasibətləri də görüşlərin müzakirə mövzusu ola bilər. Ümumiyyətlə, dünyada gərginlik həddindən artıq çoxdur. Məncə, hər iki dövlət diqqətini həm milli təhlükəsizlik, həm də yaxın ətrafda baş verən beynəlxalq gərginliklərə yönəltməlidir. Güman edirəm ki, belə bir miqyasda düşüncə tərzi görüşə hakim kəsiləcək və səmərəli səfərlər olacaq”. Siyasi təhlilçi vurğulayıb ki, son dövrlərdə baş verən proseslər iki ölkə arasında hərbi-siyasi əlaqələrin daha da möhkəmləndirməsini tələb edir: "Türkiyə Azərbaycanla hər an hərbi əməkdaşlıq haqqında saziş imzalamağa hazır olmalıdır. Çünki Rusiya Ermənistanla hərbi əməkdaşlıq sahəsində saziş imzalayıb”. Q.Hüseynli əlavə edib ki, Türkiyə rəhbərlərinin səfərində siyasi məsələlərlə yanaşı, iqtisadi məsələlər də müzakirə obyektinə çevriləcək: "Azərbaycan qazının Avropa bazarına nəqli məsələsi, "TANAP” və "TAP” layihələrinin müzakirəsi şübhəsizdir. Türkmən qazının Xəzər dənizi üzərindən Azərbaycan qazı ilə birləşdirilməsi ideyası da var ki, bu da xeyli mühüm məsələdir. Həmçinin, Azərbaycan Türkiyə iqtisadiyyatına xeyli dərəcədə sərmayə yatırır. İzmir yaxınlığında böyük Neftayırma zavodu tikir. "PETKİM” kimi nəhəng kompleksin 51 faizi Azərbaycan tərəfindən satın alınıb. Bu sahədə də müzakirələr aparılacaq”.

İsmayıl