Davudoğlu İrəvana Qarabağ mesajı verdi

“Türkiyə və Ermənistan arasındakı münasibətlərin normallaşması, Azərbaycanın işğal edilmiş ərazilərinin azad olmasından sonra baş tuta bilər”



Qardaş Türkiyənin yeni baş naziri Əhməd Davudoğlu Ermənistana Qarabağ mesajı verib. Türkiyəli hökumət başçısı qeyd edib ki, Türkiyə və Ermənistan arasındakı münasibətlərin normallaşması, Azərbaycanın işğal edilmiş ərazilərinin azad olmasından sonra baş tuta bilər. Ə.Davudoğlu rəsmi İrəvanı tarixi hadisələrin girovu olmamağa, həmçinin ikitərəfli münasibətlərin normallaşması üzrə Ankaranın təkliflərini rədd etməməyə çağırıb.

Baş nazirin bəyanatını şərh edən politoloq Elşən Manafov "Şərq”ə açıqlamasında bildirib ki, bu addım Türkiyənin regional dövlət maraqları baxımından anlaşılandır: "Dağlıq Qarabağ münaqişəsi olmasaydı, rəsmi Ankara düşmən ölkə iqtisadi və ticari əlaqələr qurardı. Amma torpaqlarımızın işğalda qalması, Türkiyə-Ermənistan münasibətlərinə mənfi təsir göstərib. Düzdü, Qərb ölkələri Türkiyə, Ermənistan sərhədlərinin açılması və münasibətlərin nizamlanmasına çalışırlar. Qərb şərtlər irəli sürür ki, rəsmi Ankara özünü Avropa Birliyində görmək istəyirsə, Ermənistanla münasibətləri normallaşdırmalıdır. Sərhədlər açılmalıdır. Keçmişdə qardaş ölkədə yumşalma müşahidə olunurdu. Azərbaycan və qardaş ölkə cəmiyyətində xalqın ayağa qalxması, Türkiyə iqtidarını bu addımdan çəkindirdi.

Ekspertin sözlərinə görə, hazırda rəsmi İrəvanla Türkiyə arasındakı diplomatik münasibətlər yox dərəcəsindədir: "Ermənistan qardaş ölkəni qondarma erməni soyqırımını törətməkdə ittiham edir. Separatçı rejimin Türkiyəyə qarşı belə əsassız iddiası iki ölkə arasındakı körpüləri yandırır. Hətta işğalçı rejim Avropa məkanında Türkiyəyə də ərazi iddiası ilə çıxış edir”.

E.Manafovun qənaətincə, Azərbaycanın ərazi bütövlüyü bərpa olunarsa, Türkiyənin Ermənistanla münasibətlərini bərpa etməsi normal haldır: "Azərbaycan prezidenti İlham Əliyev də dəfələrlə bildirib ki, münaqişə dinc yolla həllini taparsa, Azərbaycan Ermənistanı regiondakı bir sıra layihələrə cəlb edə bilər. Amma Sarkisyan hakimiyyəti hələ ki, işğalçı mövqeyini davam etdirir. Belə olan halda da düşmən ölkə regiondakı çoxsaylı layihələrdən kənarda qalacaq. Və Türkiyə Ermənistanla münsibətləri bərpa etməyəcək”.

Ayyət Əhməd