Yazarlar Vüsalə Mahirqızını haqlı sayır

Cəlil Cavanşir: “Elə köşə yazarları var ki, yazılarının tirajı yüksək olan qəzetlərdə və çox oxunan saytlarda çap olunmasında maraqlıdır”
İlqar Rəsul: “Eyni köşə müxtəlif saytlarda çap olunursa, mütləq ilkin qaynağa istinad olunmalıdır”


"APA-Holdinq”in rəhbəri Vüsalə Mahirqızı öz "facebook” səhifəsində köşə yazarlarından yazıb. Eyni köşənin müxtəlif media orqanlarında istinadsız çap olunması probleminə toxunan Vüsalə xanım qeyd edib ki, köşə yazarı bir media resursu üçün yazırsa və ona qonorar ödənilirsə, deməli, həmin resurs yazarın oxucularını da cəlb etmək istəyir: "Yəni köşə yazarı ilə media resursunun anlaşmasının mahiyyətində bu dayanır, yazar vasitəsilə onun oxucusunu da cəlb etmək, resursun daimi izləyicisinə çevirmək.

Dünyanın heç bir ölkəsində bir media resursundakı köşə yazısını başqa resurslarda yaymırlar. Bir köşə yazarının bir neçə resursa yazmağı mümkün ola bilər (əslində o da anormallıqdı, amma qanorar şərtlərini nəzərə alırıq), amma eyni köşənin bir neçə resursda yayılması qəbuledilməzdi.

Ona görə də belə qərara gəlmişik ki, bu məsələyə qarşı köşə yazarları ilə birgə mübarizə aparaq. Bizim saytlarda yayılan köşə yazılarının başqa saytlarda yayılmasının əleyhinəyik”.

V.Mahirqızının sözlərinə görə, əgər hansısa köşə yazarı bunun qarşısını almasa və ya özü yazısının başqa saytlarda da tirajlanmasını istəsə, onlar həmin yazıdan imtina edəcək və o köşə yazararına həmin yazı üçün qonorar ödəməyəcək.

Münasibət öyrəndiyimiz köşə yazarları da "APA-Holdinq”in rəhbəri ilə eyni fikirdədirlər.

"Kulis.az”-ın köşə yazarı Cəlil Cavanşir hesab edir ki, eyni köşənin bir neçə resursda yayılması qəbuledilməzdir: "Vüsalə xanım öz iradlarında tamamilə haqlıdır. Hər bir köşə yazarı çalışdığı media orqanının imici, brendidir. Hər hansı bir media resursunun rəhbəri köşə yazarlarına həm də ona görə vəsait ödəyir ki, həmin yazarların oxucu kütləsini də öz mətbu orqanına yönləndirsin. Bu gün jurnalistikada çox qəribə bir tendensiya yaranıb ki, yeni açılan saytlar, qəzetlər tanınmış yazarların köşələrini müxtəlif saytlardan götürüb, istinadsız, icazəsiz çap edirlər. Bu tendensiya yolverilməzdir və mən buna qarşıyam. Mən bir köşə yazarı olaraq, "Kulis.az” saytı üçün yazır və həmin qurumdan qonorar alıramsa, həmin qurum mənim yazımın bütün yazdıqlarımın tam hüquqlu sahibidir. Çünki faktiki olaraq, sayt rəhbərliyi onları məndən müəyyən ödəniş müqabilində alır. Bu baxımdan, Vüsalə Mahirqızının birmənalı olaraq haqlı olduğunu düşünürəm. Hesab edirəm ki, köşə yazarları bu sahədə diqqətli olmalı və öz yazılarının müxtəlif sayt və qəzetlərdə yox, yalnız bir mətbu orqanda çap olunmasında maraqlı olsunlar. Çünki bu tendensiya eyni zamanla köşə yazarlarının stabil oxucu sayına təsir edəcək amillərdən biridir. Mən də o fikirdəyəm ki, bu məsələyə qarşı köşə yazarları ilə sayt rəhbərliyi birgə mübarizə aparmalı və problemin həllinə çalışmalıdır”.

"Eyni köşənin bir neçə resursda yayılmasında köşə yazarlarının özləri maraqlıdır, ya digər saytlar bunu icazəsiz çap etdirir” sualına gəldikdə isə C.Cavanşir hər iki faktorun mümkün olduğunu bildirib: "Doğrudan da, elə köşə yazarları var ki, yazılarının tirajı yüksək olan qəzetlərdə və çox oxunan saytlarda çap olunmasında maraqlıdır. Bu etiraf olunmalı bir məsələdir. Köşə yazarları var ki, hansısa az tirajlı qəzetlərlə əməkdaşlıq edir, amma yazılarının maraqlı olduğunu hesab edərək həmin yazının çox populyar olan digər mətbu orqanlarda da yayımlanmasını istəyirlər. Bu problem doğrudan da bəzən köşə yazarlarının istəyindən irəli gəlir. Təbii ki, onlar bunu pul xatirinə eləmir. Onların marağı çox oxunmaqlarındadır. Eyni zamanda, dediyim kimi tirajı az olan qəzetlər, oxunmayan saytlar da populyar media resurslarında gedən yazıları icazəsiz çap etməklə özlərinə oxucu kütləsi toplamağa çalışırlar. Belə olan halda isə "özgə atına minən tez düşər” misalı keçərlidir”.

"Kulis.az” saytının digər köşə yazarı İlqar Rəsul da hesab edir ki, eyni köşə yazısının müxtəlif saytlarda yayımlanması düzgün deyil: "Qanun-qayda belədir ki, bir köşə yazarı öz yazısını hansı sayta verib, qonorar alırsa, həmin yazı başqa saytlarda getməməlidir. Digər media resursları həmin yazını ancaq istinad əsasında verə bilərlər. Eyni yazı istinadsız başqa saytlarda da çap olunarsa, heç şübhəsiz ki, bu müəllifin yazını digərlərinə də satması anlamına gələcək ki, bu da doğru deyil. Çünki yazının ilk çap olunduğu qurum qonorar ödəyərək həmin yazını satın alır və müəllif artıq yazı üzərindəki səlahiyyətlərini sayt rəhbərinə təqdim edir. Vüsalə Mahirqızının qaldırdığı problemlə razıyam. Köşə yazarları və media rəhbərləri arasındakı anlaşma təmiz olmalıdır. Eyni köşə müxtəlif saytlarda çap olunursa, mütləq ilkin qaynağa istinad olmalıdır”.

Şəymən