Arqumentlər yetərli olmadı: Tək uşağın hərbi xidmətdən azad edilməsi məsələsi gündəmdən çıxıb






Ötən il Milli Məclisdən bir qrup deputat tərəfindən Azərbaycanda tək uşaqlı ailənin övladının hərbi xidmətdən azad olunması təşəbbüsü irəli sürülmüşdü. Hətta millət vəkillərinin təklifi ilə əlaqədar olaraq "Hərbi xidmət keçmə haqqında” qanuna dəyişikliklərin müzakirəsi də gözlənilən idi. Amma müəyyən səbəblərdən sözügedən qanuna dəyişikliklər reallaşmadı və məsələ öz aktuallığını itirdi.

Qarşıdan parlamentin payız sessiyası gəlir. Görəsən, tək uşaqlı ailənin övladının hərbi xidmətdən azad olunması ilə bağlı millət vəkillərinin təklifi parlamentin payız sessiyasında müzakirəyə çıxarıla bilərmi? Ümumiyyətlə, təkliflə bağlı "Hərbi xidmət keçmə haqqında” qanuna dəyişikliklər edilməsi realdır? 
Bir sıra millət vəkilinin bu məsələnin tərəfdarı olmasına rəğmən parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc tək övladların hərbi xidmətdən azad olunması ilə bağlı "Hərbi xidmət keçmə haqqında” qanuna dəyişikliklər edilməsinin bir o qədər də real olmadığını deyib: "Bunun səbəbləri zamanında həm rəsmi dairələr, həm də parlament nümayəndələrinin dilindən səsləndirilib. Tək oğlan uşağına sahib olan ailələr üçün sözügedən imtiyazların verilməsinin ilkin məramı o idi ki, cəbhə bölgəsində ağır, intensiv əməliyyatlar zamanı həyatını itirən insanlar obrazlı desək, bir ailənin çırağının sönməsinə səbəb olurdu. Həqiqət də budur ki, bir oğula sahib olan ailələr onu itirdikdə nəslin davamçısını itirmiş olurlar. İdeya baxımından bu vəziyyət anlaşılandır, çünki bu cür ailələr dünyaya yenidən övlad gətirmək imkanından məhrum olduqları təqdirdə bu məsələ ciddi bir milli problemə çevrilir. Ancaq bu təklifi reallaşdıran zaman biz bir şeyi göz önünə gətirməliyik ki, bu gün tək oğlan uşağına sahib ailələrin sayı nə qədərdir? Bəlli olacaq ki, son illər ailə planlaşdırması məsələsi ölkəmizdə belə bir mənzərəni meydana çıxarıb ki, bir oğula sahib olan ailələrin sayı on minlərlədir. Hətta bir qız uşağı olan və olmayanlardan ibarət ailələrin sayını toparlasaq, ümumi çağırışçıların içərisində onların xüsusi yeri olduğunu görəcəyik. Məsələnin digər tərəfindən baxanda isə sanki hüquq sistemi vətəndaşlar arasında qeyri-bərabərlik yaratmış olar. Yəni belə çıxır ki, 2 və 3 övlad sahibi olan, daha çox sosial ağırlıq götürən, müəyyən problemləri öz gücü ilə həll edən, sabah da ölkə üçün əsgər hazılayacaq vətəndaşlarımız sanki ölkənin qayğısını daha çox daşımış olarlar. Əslində isə qanun vətəndaşlar arasında bərabərliyi təşviq etməlidir. Onu da deyim ki, tək uşağın əsgər çağırılmaması eyni zamanda çox oğlan uşağına sahib olma prosesinin sanki qarşısını alır. Adamlar düşünə bilərlər ki, bir oğlana sahib olmaq onlar üçün bu cür güzəşt vəd edirsə, mən niyə ailə üzvlərimin sayını artırmalıyam? Yəni, tək övladın hərbi xidmətdən azad olunması, bir çox ailələrə stimul verə bilər ki, gələcəkdə tək övlada üstünlük versinlər”.

Z.Orucun şəxsi mövqeyi isə ondan ibarətdir ki, qanuna bu kontekstdə dəyişiklik edildiyi halda ailənin tək övladlarının arxa cəbhədə xidmətini təşkil etmək lazımdır, nəinki birdəfəlik xidmətdən azad etmək: "Bu problemi həll etmək üçün həmin şəxslərin arxa cəbhədə deyil, ön cəbhədən 50 kilometr aralıda hərbi xidmət keçməsini təşkil etmək olar”.

Şəymən