Qanun layihəsi hazırdır: Siqareti məhdudlaşdıran sənəd parlamentdə müzakirəyə çıxarıla bilər






Azərbaycanda uzun müddətdir ki, siqaretə qarşı mübarizə aparılır. Ötən iki ildən ictimai yerlərdə siqaret çəkilməsini qadağan edəcək qanunun Milli Məclisdə qəbul ediləcəyi gözlənilsə də, hələ ki, bir yenilik yoxdur. Nədənsə, qanunun qəbulu hər dəfə təxirə salınır. Hətta artıq zaman keçdikcə məsələ də öz aktuallığını itirməyə başlayır.

Belə ki, məlum qanunun qəbulunun reallaşacağı ötən illər daha inandırıcı idi, nəinki bu il. Artıq ictimaiyyətdə belə bir fikir formalaşıb ki, Azərbaycanda ictimai yerlərdə siqaret çəkilməsini qadağan edəcək qanun parlamentin gündəliyindən tamamilə silinib və qəbulu baş tutmayacaq.

Qeyd edək ki, artıq yay fəsli başa çatmaq üzrədir və gələn aydan Milli Məclis payız sessiyasına start verəcək. Bəs görəsən, neçə ildir qəbul olunmayan, "İctimai yerlərdə tütün və tütün məmulatlarından istifadənin qadağan olunması haqqında” qanun layihəsi parlamentin payız sessiyasında müzakirəyə çıxarıla, yaxud da qəbul oluna bilərmi?

Milli Məclisin Sosial siyasət komitəsinin üzvü, millət vəkili Məlahət Həsənova isə bu barədə konkret heç nə demədi:

"Müsbət dəyişikliklərə səbəb ola biləcək hər hansı bir qanun layihəsinin gündəmə gətirilməsi və parlamentdə müzakirəyə çıxarılması hər zaman gözlənilən və ehtiyac olunandır”.
İctimai yerlərdə siqaretdən istifadənin cəmiyyət üçün zərərli vərdiş olduğunu vurğulayan millət vəkilinin sözlərinə görə, ətrafdakı insanları nikatinin təsirindən qorumaq lazımdır. Düşünürəm ki, siqaretdən istifadə edən və onun təsirinə məruz qalan insanların hüquqları bərabər şəkildə qorunmalıdır. Tərəflərdən heç biri digərinin hüquqlarını pozmamalı, sərhəddi aşmamalıdır: "Doğrudur hələ ki, İctimai yerlərdə tütün və tütün məmulatlarından istifadənin qadağan olunması haqqında” qanun layihəsi parlament tərəfindən qəbul olunmayıb. Amma bununla belə artıq əksər ictimai yerlərdə tütündən istifadəyə müəyyən məhdudiyyətlər qoyulub. Belə ki, hava limanında, xəstəxanalarda, dövlət idarələrində vətəndaşları və ətraf mühiti nekatinin zərərindən qorumaq üçün siqaret çəkmək üçün xüsusi yerlər ayrılıb. Göründüyü kimi, bəzi hallarda qanun olmasa belə, müvafiq tədbirlərlə problemi tənzimləmək mümkündür. Təbii ki, qanunun qəbulu problemin köklü həllinə müsbət təsir göstərəcək. Bildiyim qədər artıq İşçi qrupu tərəfindən parlamentdə İctimai yerlərdə tütün və tütün məmulatlarından istifadənin qadağan olunması haqqında” qanun layihəsi artıq hazırlanıb. Amma həmin qanunun Milli Məclisin payız sessiyasında gündəliyə gəlib, müzakirəyə çıxarılacağı ilə bağlı konkret heç nə deyə bilmərəm. Bu barədə nəsə demək üçün hələ tezdir, amma sözügedən qanunun bu payız müzakirəyə çıxarılmasını istisna da etmirəm. Gözlənilən ola bilər”.

Komitə üzvü onu da vurğulayıb ki, bu qanun layihəsinin mahiyyəti yalnız hansısa yerlərdə tütün çəkməyə qadağanın qoyulmasından ibarət deyil: "Qanun qəbulunda məqsəd tütündən istifadəni azaltmaq, ideal halda isə bunu sıfıra endirməkdir. Bu səbəbdən tütün çəkməyin profilaktikasına yönəlmiş tədbirlər də qanun layihəsində öz əksini tapıb”.

Şəymən