İsrafçılığın qarşısı alınmalıdır, axı necə?

Təzə Pir məscidində mərasim zallarında oturacaqların qiyməti 20 manatdan başlayır, burdan başlamaq lazımdır




Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yas mərasimlərinin formatını dəyişdirməyə köklənib. Bu məsələyə birbaşa aidiyyəti olan Qafqaz Müsəlmanları İdarəsi də heç bu qədər canfəşanlıq etmir, nəinki Dövlət Komitəsi. Halbuki, nə yas mərasimləri, nə israfçılıq, nə molla, axund, ölü, dəfn, cənazə, nə də Cənnət-cəhənnəm işləri, heç İnkər-Münkər də komitəlik deyil. Yəni, əslində komitənin bütün bu məsələlərə heç bir qarışacağı yoxdur. Və olmamalıdır da. Komitənin işi, vəzifəsi adından bəllidir zatən.

Ad icra edilməli vəzifəni nişan verir; dini qurumlarla iş! Dinlə yox. Anlaşılan, komitə dini qurumların fəaliyyətinə nəzarət etməlidir. Amma nə məsələdisə, komitənin bütün gəlmiş-keçmiş sədrləri vəzifəyə təyin olunan kimi dinlə uğraşmaya başlayırlar. Deyə bilərsiniz ki, yas mərasimlərinin dinə nə aidiyyəti? Tamamilə doğrudur. Yas mərasimlərinin dinlə heç bir bağlantısı, əlaqəsi filanı yoxdur. İşin məğzi də məhz budur. Nəyin dini, nəyin qeyri-dini olduğunu bilmək. Bunun üçün də əlbəttə ki, ilk növbədə dini bilmək lazımdı. Amma özünə şəstlə "müsəlmanam” deyən ölkəmizin vətəndaşları nə zaman müsəlmanlığın nə demək olduğunu bildilər ki, qayda-qanuna da bələd olsunlar?! Məsələ bu!

Sadə bir misal; hərfləri tanımayan birisinin kitab oxumaq istəyi necə xülyaya bənzəyirsə, islama bələd olmayanların da onun qayda-qanununa düzgün əməl edəcəyi də o qədər xəyalidir. Və bunu arzu etmək, gözlənti içində olmaq, hətta bir az da irəli gedib tələblər irəli sürmək mənasız vaxt itkisidir.

Təəssüf ki, ölkəmizdə adı dinə bağlı qurumlar bu həqiqəti qəbul etmək istəmirlər. Əvəzində ikinci, üçüncü, lap 10-cu dərəcəli işlərə baş vururlar. Pilləkəni çıxmaq üçün birinci pilləyə ayaq basmayıb 3-ə, 4-ə atlanırlar. İlkdən - birincidən başlamağı ağıllarına da gətirmirlər.

Bu anlayışla gərək tədris prosesində birinci siniflər ləğv olunsun. Bütün uşaqlardan əlifbanı öyrənməmiş roman oxumaq tələb olunsun. İslamın əsaslarını, dinin köklərini bilməyən adamdan nümunəvi müsəlman olmağı gözləmək absurddur. Əgər indiyədək bu ölkə vətəndaşlarına islamı anlatmaq, öyrətmək, azacıq anlayışı olanlarınsa dini biliklərini artırmaq yönündə bir iş görülməyibsə, o işə başlamaq heç vaxt gec deyil. Əbəs yerə deməyiblər ki, ziyanın yarısından qayıtmaq da xeyirdir. Amma bunun şahidi olmuruq. Radikal dini cərəyanların adı çəkilir, onların zərərli olduğu deyilir, israfçılığa qarşı çağırışlar edilir, ancaq bunların məğzi insanlara başa salınmır. Məsələn, vəhhabizmin harada, necə, kimlər tərəfindən yaradıldığını vətəndaş bilməlidir ki, onun zərərini də başa düşsün. Və ya israfçılığın Allah tərəfindən bəyənilməyən bir əməl olduğunu, israfa yol verənlərin Allahın rəhmətinə ümid edə bilməyəcəkləri vətəndaşa başa salınmalıdır ki, bu yoldan çəkinsin. Bunu həm də "Qurani-Kərim”ə istinad etməklə öyrətmək olar. Sizcə, 9 milyonluq ölkənin neçə faiz vətəndaşı Quranı oxumağı bacarır? İnsanların çoxunun evində heç Quranın Azərbaycancaya tərcüməsi də yoxdur. Beləmi müsəlmanıq? Dünyada terrorizm tüğyan etdiyi bir vaxtda dini maarifləndirmənin vacibliyi dəfələrlə vurğulanıb. Bunu elə adını çəkdiyimiz Dini Komitənin rəsmiləri də gündəmə gətirib. Amma sadəcə, bu qədər! Dini maarifləndirmə istiqamətində Komitə nə iş görüb? Bölgələrə səfər edib, dindar kəsim - yəni məscidlərdə çalışan molla və axundlar, icra hakimiyyəti nümayəndələri və bir də icra başçılarının "dəvəti ilə” seminar-konfranslarda iştirak etmək məcburiyyətində qalanlar qarşısında məruzə ilə çıxış etməyi dini maarifləndirmə saymazsınız yəqin. Ümid edirik ən azından.

Belə səfərlərə və seminarlara adətən "iş görmək adına iş” və ya ruslar deyən kimi "radi qaloçki” kimi baxılır. Əslində də belədir. Komitənin, eləcə də QMİ-nin bu səpkili görüş və tədbirlərinin statistikası ortaya qoyulsa, böyük bir rəqəm alınar. Bununla vətəndaşlarımızın dini bilikləri artmış olsaydı, indi gərək azərbaycanlılar Müqtədə əs-Sədrə "dərs” keçəydilər. Amma yox. Hələ də bizə dərs keçirlər. Şamı, İranı, Xorasanı, Qumu... Bir tərəfdən də Suriyası, İŞİD-ı. Və nə acı ki, bu dərslər insan itkisi ilə sonuclanır. İndiyədək nə qədər azərbaycanlı Suriya, İraq çöllərində qanına qəltan olub. Və proses davam edir. Gedənlərin qarşısını necə almaq barədə düşünən yoxdur. Əvəzində yas mərasimlərində masaya nəyin verilib, nəyin verilməyəcəyi müzakirə olunur. Yas mərasimlərinə qarşı cihad elan olunub sanki. Heyrətlidir, vallah. Sanki bizim əsas problemimiz yas mərasimləridir. Bu qədər yetər! Etiraf edək. Problem dini bilməməyimizdir. Bunu bildiyimiz halda özümüzü sanki heç nə olmayıbmış kimi, nümunəvi müsəlman ölkəsi kimi göstərməyə çalışmaq ancaq və ancaq cahillikdir. Ona görə də orta məktəblərdə din tədrisi vacib sayılır. Və din tədrisinin lüzumsuz olduğunu deyib "Həyat bilgisi” fənnini arqument kimi irəli sürənlər biliksiz gənclərin sabah dinsizə çevrilib din əleyhinə çıxacaqlarını bəri başdan göz altına almalıdırlar. Qadağalarla insanları doğru yola yönləndirmək mümkün deyil. Təbliğatın çağırış forması da gərək düşünülmüş olsun. İsrafçılarla heç Şeyxülislam bacara bilmir. Hər kəsin evinin içinə daxil olub islam adət-ənənəsinə necə riayət etdiyini güdmək də mümkünsüzdü. Bu, bir iman məsələsidir. Sadəcə, dini biliklərə yiyələnmək ona görə lazımdır ki, insanlar doğru ilə əyrini ayırd edə bilsin. Dinini bilən adam yasda da, toyda da necə davranmalı olduğunu biləcək. Daha ona kimlərinsə qadağası, öyüd-nəsihəti lazım olmayacaq. Dinini bilən adam övladına Allahdan xoşbəxt ailə arzu edəndə arzusunu araqla qüvvətləndirməyəcək. Oğluna sünnət edəndə - yəni övladını müsəlman edəndə də masanın üzərinə araq düzməyəcək. Təzadın dərinliyinə baxın! Problem bundadır. Müsəlman bilməlidir ki, Allah şərabı haram buyurub. Haramla nə xoşbəxtlik mümkündü, nə də müsəlman olmaq. Çünki Allahın buyruğundan çıxan kafirdir. Bunları adamlara anlatmaq lazımdır. Yoxsa ki, Sumqayıtın icra başçısı, sabiq komsomol Eldar Əzizov kimi MİS müdirlərinə yas mərasimlərində masanın üzərindəki yeməkləri, meyvələri yığışdırmaq əmri vermək insanlarda istehzadan başqa hiss doğurmayacaq. Eləcə də əgər bu gün Təzə Pir məscidində yas sahibinin hətta ləvəngi sifariş etməsi də "anlayışla” qarşılanırsa və QMİ rəsmiləri ölkənin baş məscidində mərasim zallarının fəaliyyət göstərməsini kiçik və orta sahibkarlığın ayağına yazırlarsa, hansı qayda-qanundan, həqiqi islamdan danışmaq olar?!

Bir də ki, həmin mərasim zallarında oturacaqların qiyməti 20 manatdan başlayır. (Dəhşətə bax, sanki şadlıq evlərindən söhbət gedir - red.) Bu isə o deməkdir ki, orada bizim kimi kasıb-kusubun izi-tozu da ola bilməz. Həmin mərasim zallarında ehsan məclisi düzənləyənlər varlı, imkanlı adamlar, məmurlar, idarə rəisləri, böyük adamlardır. İsrafçılıqdan danışan komitə sədri bir dəfə həmin mərasim zallarında yas məclisi keçirib süfrəyə min cür naz-nemət düzdürən birinin adını çəksin. İctimai qınaq naminə. İkincisi, adamları tərbiyə etmək, nəyisə öyrətmək istəyirsənsə, gərək ilk növbədə şəxsi nümunə olasan. Millət vəkili Fazil Mustafa kimi. Bəllidir ki, F.Mustafa övladı ilə bağlı faciə yaşayanda ehsan süfrəsi açmayıb. Yemək hazırlatdırıb uşaq evinə aparıb. Ehsan sözü, məhz burda yerində səslənir. Çünki ehsan sözünün mənası gözəllik, yaxşılıq deməkdir. Gözəl bir iş görmək, yaxşılıq etmək. Bir halda ki, yas məclisinə, həmçinin də iftar süfrəsinə o yeməyə ehtiyacı olmayanlar, çox zaman da açılan süfrənin mahiyyətini anlamayanlar dəvət edilir, daha bunun harası ehsanat oldu? Birisinə "israfçılıq müsəlmana yaraşmaz” deyirsinizsə, birinci növbədə özünüz israfçılıqdan əl çəkməlisiniz. Məgər siz müsəlman deyilsiniz?! Amma çıxış yolu hər zaman var. Söhbət müqəddəs dinimizdən gedirsə, mərhəmətli Rəbbimiz hər bir məsələnin bəndəsinə yüngüllük gətirəcək tərəflərini də göstərib. Səfərdəsənsə namazı qəsr qıl, xəstəsənsə oruc saxlama, imkansızsansa qurban kəsmə, imkanın varsa həccə gəl və s. və ilaxır. Əgər yas mərasimlərində israfçılıq Dini Komitəni belə hədsiz narahat edirsə, fağır-füqəranın borca-xərcə düşməyini bir müsəlman kimi qəbul etməyib, hətta cihada qalxırmışlar kimi bununla mübarizə aparmaq istəyirlərsə, təkliflərimiz də var. Qəbir yeri satışına son qoyulsun. Tutalım dövlət rüsumu lap cüzidir. Yəni bu ölkənin vətəndaşı öldüyü üçün dövlətə pul ödəməlidir? Qəbir yerlərinə ödənilən məbləği ölmüş adamdan almamaq dövlət büdcəsinə nə qədər ziyan vuracaq ki! Bu bir. İkincisi, Təzə Pir məscidindəki həmin mərasim zallarında imkansızlar, yurdsuz-yuvasızlar, qaçqın-köçkünlər üçün cüzi məbləğ təyin etsinlər. Masanın üzərində də deyildiyi kimi çay, qənd, limon qoyulsun.

Bəlkə həqiqətən kiminsə başsağlığı verməyə gələnlərini əyləşdirməyə mənzilinin ölçüləri imkan vermir? Bəlkə kiminsə süfrəyə çay, qənd qoymağa hətta maddi imkanı yoxdur? Güzəşt edin. Mümkün deyil? Bir qədər az qazanın, nə olar?! İşin birini də Allah rizası üçün görün. Xeyir, səmərə güdmədən. Necə olsa, sonunda hamımızın gedəcəyi ünvan birdir - Rəbbimizin hüzuru. Elə edək ki, bağışlanmağa üzümüz olsun.

Məlahət Rzayeva