“Kiyevi iki həftəyə alaram”

Putinin bu açıqlaması Amerikaya əzələ nümayişindən başqa bir şey deyil



Rusiya prezidenti Vladimir Putin onu Ukraynaya hərbi müdaxilədə təqsirləndirən Avropa liderlərini sərt şəkildə hədələyib. Bu barədə İtaliyanın "La Repubblica” qəzeti yazıb. Qəzetin bildirdiyinə görə, Avropa Komissiyasının prezidenti Joze Manuel Barroso Moskva rəhbəri ilə telefon danışığı zamanı ondan rus qoşunlarının Ukraynaya müdaxiləsi barədə soruşmağa cəhd edib.

Lakin Rusiya prezidenti buna kəskin reaksiya verib. Dərhal təhdidə keçərək bildirib ki, Kiyevi almaq istəsə, bunu cəmi iki həftəyə gerçəkləşdirər. Putinin bəyanatını şərh edən politoloq Natiq Miri "Şərq”ə açıqlamasında deyib ki, bu, Kreml rəhbərinin proseslərə soyuq başla yanaşmaması və növbəti yalanının təzahürüdür. Onun sözlərinə görə, Putin özünü təmizə çıxarmağa çalışır: "Amma Separataçı adı altında Ukryana ordusu ilə vuruşan Rusiya hərbçiləridir. Savaşda istifadə olunan texnika və silah-sursat Moskvaya məxsusdur. Bu haqda tutarlı faktlar var. Putin bu cür uydurmalarla dünyanı aldada bilməz”.

Ekspertin qənaətincə, Putinin "Kiyevi iki həftəyə alaram” deməsi, Amerikaya əzələ nümayişindən başqa bir şey deyil: "Lakin Rusiya ordusu heç də Putinin dediyi kimi peşəkar deyil. Minlərlə rus hərbçisinin cəsədi artıq Ukraynadan Rusiyanın Rostov vilayətinə daşınmaqdadır. Bəzi məlumatlara görə, ötən günlərdə rus hərbçilərinin meyiti ilə dolu 15 kamaz Ukrayna sərhədlərini tərk edib. Bu onun göstəricisidir ki, silahlı toqquşmalar gərginləşdikcə, Rusiyaya daha çox cənazə yollanacaq. Görünür, Rusiya ordusunda başıpozuqluq və xaos yaşanır. Şimal qonşumuzun ordusu elə qüvətlidirsə, niyə geniş miqyaslı əməliyyatlara başlamır? Bilir ki, acı sonluqla nəticələnəcək. Putin boğazdan yuxarı danışan siyasətçidir. Artıq dünya liderləri ona inanmır. Ölkə cəmiyyəti də Putinə bel bağlamır. Hazırda hər bir rus ailəsinin qapısını Ukraynada öldürülmüş rus əsgərinin cənazəsi döyür. Bu cənazələrin sayı artdıqca, ölkədə daxili ictimai-siyasi vəziyyət ağırlaşacaq. Rəsmi Moskva bu problemlərin həlli ətrafında düşünməlidir”.

Ayyət Əhməd