Mobil telefon şagirdləri dərsdən yayındırır

Burada valideynlərin və müəllimlərin üzərinə böyük məsuliyyət düşür



Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da müasir texnologiyadan istifadə sürətlə inkişaf edir. Amma bu sürətli inkişaf cəmiyyətimizdə müsbət nəticələrlə yanaşı mənfi tendensiyalara da yol aça bilib. Düzdür, qloballaşan dünyada müasir texnologiyadan istifadə qaçılmazdır. Bu, insanların dünya görüşünün zənginləşməsi və işlərinin müəyyən mənada asanlaşması baxımından çox faydalıdır. Müasir texnologiya o vaxt səmərəli olur ki, ondan düzgün istifadə edilir.

Əks halda, böyük fəsadlara gətirib çıxarır. Məsələn, ölkəmizdə məktəblilərin mobil telefonlara aludəçiliyi aydın şəkildə müşahidə olunur. Ayağımız dəyən bütün məkanlarda bu halın şahidi oluruq. Etiraf edək ki, telefonlardan təhsil və tədris işləri üçün yararlananlar da mövcuddur. Belə məktəblilər isə çox azdır. Ona görə də son zamanlar ölkədə məktəblilərin kitaba marağı azalıb. Telefonlar şagirdləri kitablardan qoparıb. Hətta bu günlərdə Beylor Universiteti tərəfindən aparılan araşdırmadan məlum olub ki, "Mobil telefonun imkanları və funksiyaları artdıqca ondan asılılıq daha real problemə çevrilir. Araşdırmalar sübut edib ki, telefonlardan istifadə şagirdlərin dərsə maraqları və davamiyyətlərinə çox mənfi təsir göstərir.

Məsələni şərh edən Əməkdar müəllim, təhsil üzrə ekspert Almaz Həsrət "Şərq”ə açıqlamasında qeyd edib ki, şagirdin düzgün istiqamətlənməsində ən böyük məsuliyyət müəllimin və valideynin üzərinə düşür: "Müəllim yaradıcıdırsa, şagirdlərə telefondan düzgün istifadə qaydalarını aşılamalıdır. Müəllimin özü tədris etdiyi fənnə uyğun səmərə verəcək resurslar hazırlayıb, şagirdlərin telefonuna yüklədib, oxutdura bilər. Şagirdləri telefonda boş-boş işlərlə məşğul olmaqdansa, bu cür səmərəli istiqamətə yönəltsək, daha çox uğura imza atarıq. Hətta, Təhsil Problemləri İnstitutu bu yöndə işlər aparır. Müəllimlərin İKT hazırlığı ilə bağlı kurslar təşkil edir. Müasir gənclərlə işləyən müəllimin özü texnologiyadan düzgün istifadəni bilməlidir ki, şagirdə də öyrətsin. Şagirdlərin telefonlarına tapşırıqlar yüklənilsə, hamısı olmasa da əksəriyyəti yalnız tapşırığın həlli ilə məşğul olacaq. Hesab edirəm ki, müəllimlərin üzərinə çox böyük məsuliyyət düşür”.

Ekspertin qənaətincə, valideynlər də övladlarına nəzarət etməlidir: "Bunun üçün valideynlərlə sinif rəhbərləri birgə işləməlidir. Öncə bəzi valideynlərin özləri maarifləndirilməlidir. Uşağa telefon alıb, verməklə iş bitmir. Sinif rəhbərləri valideynlərlə danışıqlar aparmalıdır. Bu olarsa, telefonlardan istifadə cəmiyyətimizə çox böyük uğur qazandıra bilər”.

Ayyət Əhməd